AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Azərbaycan “Abu Dabi Şeyx Zayed İrs Festivalı”nda təmsil olunur

Yanvar 08, 2020 14:07

Birləşmiş Ərəb Əmirliklərində 31 dekabr 2019-cu il - 1 fevral 2020-ci il tarixlərində “Abu Dabi Şeyx Zayed İrs Festivalı” keçirilir. Festivalda ölkəmizi təmsil etmək üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin əməkdaşı Elgün Əliyev “Cəngi” estrada və folklor rəqs ansamblı ilə birgə Əbu-Dabi şəhərinə səfər edib.
 
Festival beynəlxalq əlaqələrin qurulması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, ölkəmizin mədəni sənaye potensialının ixracı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə müxtəlif ölkələrin rəqs kollektivləri ilə danışıqlar aparılır, hər bir xalqın ənənəvi milli rəqs elementləri barədə müzakirələr edilir.
 
Əbu-Dabi şəhərinin ətrafında böyük bir sahədə tikilmiş xüsusi festival şəhərciyində müxtəlif ölkələrin, şirkətlərin, yerli dövlət orqanlarının yüzlərlə stendi, pavilyonu, həmçinin istirahət və əyləncə məkanları, rəqs və ifalar üçün səhnələr qurulub. BƏƏ-nin yerli incəsənət kollektivləri ilə yanaşı tədbirdə Azərbaycan, Rusiya, Çin, Hindistan, Rumıniya, Ukrayna, Bosniya və Herseqovina, Özbəkistan, Cənubi Afrika, Yəmən, Misir respublikalarının, Bəhreyn və Mərakeş krallıqlarının və digər ölkələrin rəqs kollektivləri, ifa və şou qrupları iştirak edib. Yaradıcı kollektivlər gündə üç dəfə (hər dəfə yarım saat olmaqla) şəhərcikdə yerləşən ayrı-ayrı səhnələrdə, həftədə iki dəfə isə Əbu-Dabi televiziyasının səhnəsində çıxışlar edirlər.
 
Azərbaycanın “Cəngi” estrada və folklor rəqs ansamblı  “Bayram”, “Qaytağı”, “Dağlı”, “Naxçıvani”, “Tənzərə”, “Yallı”, “İgidlər”, “Tərəkəmə”, “Qıt-qılıda”, “Naz eləmə”, “Ağ çiçək”, “Dağlar gözəli”, “Sarı gəlin” kimi milli rəqslərimizi ifa edib.
 
Qeyd edək ki, festival fevral ayının 1-nə kimi davam edəcək və “Cəngi” estrada və folklor rəqs ansamblının ifa və çıxışları festivalın son gününədək təqdim ediləcək.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı