Mədəniyyət Nazirliyi 2019-cu ilə yekun vurdu
Dekabr 28, 2019 15:22
Dekabrın 27-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət Nazirliyinin 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi. Kollegiya iclasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edirdi.
Nazir müavinləri, nazirliyin Aparat işçiləri və strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirak etdiyi iclası açan Əbülfəs Qarayev gündəlikdə duran məsələlərlə bağlı məlumat verdi. Qeyd etdi ki, kollegiya iclasının gündəliyinə beş məsələ daxil edilib. Bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dahi şair İmadəddin Nəsiminin 650 və böyük dramaturq Cəfər Cabbarlının 120 illiyi ilə bağlı sərəncamlarına uyğun olaraq hazırlanmış tədbirlər planlarının icrası, 2019-cu ildə mədəniyyət sahəsində görülən işlər barədə məruzə, Bakı Xoreoqrafiya Akademiyasının xoreoqrafiya sənəti və rəqs müəllimi ixtisasları üzrə mütəxəssis hazırlığının vəziyyəti barədə, Mədəniyyət Nazirliyinin 2017-2018-ci illər üzrə maliyyə hesabatlarının auditor nəticələri haqqında məsələlər və nazirliyin 2020-ci ilin birinci yarısının iş planının təsdiq edilməsidir.
Nazir çıxışında 2019-cu ilin uğurları sırasında nazirliyin elektron xidmətlərinin də olduğunu qeyd etdi. Bildirdi ki, Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalı (www.intangible.az) bu istiqamətdə dünya miqyasında nümunəvi layihələrdəndir (http://medeniyyet.az/page/news/51113/Medeniyyet-Nazirliyi-2019cu-ile-yekun-vurdu.html).