Şəki Xan sarayı və şəhərin tarixi hissəsi Ümumdünya İrs Siyahısına salındı
İyul 08, 2019 14:15
İyulun 7-də Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında müzakirəyə çıxarılan növbəti nominasiya Azərbaycanın təqdimatı – Şəki Xan sarayının və şəhərin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına salınması ilə bağlı məsələsi oldu.
Qeyd edək ki, 2017-ci ilin iyulunda Polşanın Krakov şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında Azərbaycan tərəfindən təqdim edilən nominasiya müzakirə olunmuş və Azərbaycan tərəfinə ərazinin konservasiya və qorunma mexanizmlərinin yaxşılaşdırılması, monitorinq sisteminin inkişaf etdirməsi və digər məsələlərlə bağlı tövsiyələr verilmişdi.
Nominasiya ilə bağlı ICOMOS-un (Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şura) hesabatı dinlənildi. Şəkinin tarixi, Xan sarayında aparılmış son bərpa işləri barədə məlumat verildi. Şəhərin tarixinin iki min ilə yaxın olduğu, qədim məhəllələrin 1790-cı ildə salındığı qeyd edildi. Bununla belə İCOMOS tərəfindən müəyyən tövsiyələrin olduğu bildirildi.
Müzakirədə ilk çıxış edən Küveyt nümayəndə heyəti ICOMOS-un iki il əvvəl qəbul etdiyi qərara toxunaraq bildirdi ki, ötən müddətdə Azərbaycan Prezidentinin bununla bağlı sərəncamı olub, xeyli işlər görülüb. Bəhreyn Azərbaycanın mədəni irsinə bağlılığının nəzərə alınmasını qeyd etdi. Braziliya Şəkinin siyahıya salınması ilə əlaqədar detallar barədə üzv dövlətin çıxışını dinləməyi xahiş etdi.
İndoneziya, Tunis Şəki şəhərinin siyahıya daxil edilməsini təklif etdi. Bosniya, Uqanda, Anqola nümayəndələri də Şəki Xan sarayı və Şəki şəhərinin qədim hissəsinin siyahıya daxil edilməsini məqbul hesab etdi. Norveç Azərbaycanın mədəni irsə bağlılığını yüksək qiymətləndirdi. Zimbabve, Burkina Faso, İspaniya, Qvatemala, Avstraliya nominasiyanın müsbət həllini təklif etdi.
Üzv dövlətlərin dəstək çıxışlarından sonra Azərbaycan nümayəndə heyəti söz aldı. Bildirildi ki, Şəki ilə bağlı qovluq 6 ildir ki, tərtib edilib. 2016-cı ildə ICOMOS-a verilmiş sənədlə bağlı 2017-ci ildə müəyyən tövsiyələr olub. Biz sənəddəki elmi qiymətləndirmə ilə razıyıq, konservasiya, idarəçiliklə bağlı tövsiyələri də qəbul etmişik.
Müzakirə və çıxışların yekunu olaraq Şəki Xan sarayı ilə şəhərin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması ilə barədə qərar qəbul olundu.
Beləliklə, qədim Şəki İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı oldu. Ölkəmizin mədəni irsi çox əlamətdar olan bu hadisə münasibətilə xalqımızı təbrik edirik!