AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

III Respublika Xalq Teatrları Festivalının ilk seçim mərhələsi Kürdəmirdə keçirilmişdir

Aprel 05, 2019 09:30

Azərbaycanda xalq yaradıcılığının inkişafı, qorunması və təbliğinə dəstək məqsədilə nazirlikdə “Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı” hazırlanmış və təsdiq edilmişdir. Həmin fəaliyyət planında xalq teatrlarının əhalinin estetik zövqünün formalaşdırılması və asudə vaxtının səmərəli təşkilində rolunun artırılması üçün sistemli işlərin, o cümlədən festival, müsabiqə, forum və digər tədbirlərin təşkili nəzərdə tutulmuşdur.
 
 “Azərbaycan Xalq Yaradıcılığının 2019-cu 2023-cü illər üzrə İnkişafına dair Strateji Fəaliyyət Planı”na müvafiq olaraq Kürdəmir rayonunda III Respublika Xalq Teatrları Festivalının ilk seçim mərhələsi keçirilmişdir. Festivalın seçim mərhələsində Kürdəmir, Bərdə və Sabirabad regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən mədəniyyət mərkəzləri, evləri və klublarında fəaliyyət göstərən xalq teatrı kollektivləri iştirak etmişdir.
 
Hazırda respublikanın paytaxt və regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında 37 xalq teatrı fəaliyyət göstərir. Bu teatrlarda milli dramaturgiyanın parlaq əsərləri ilə yanaşı xarici müəlliflərin də bir sıra əsərləri hazırlanıb tamaşaçılara təqdim edilir. Teatrların repertuarında vətənpərvərlik, Qarabağ mövzuları xüsusi yer tutur.
 
Kürdəmir rayon Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə ilk olaraq Füzuli rayon Mədəniyyət evinin Xalq teatrı “Xocalı” kompozisiyası ilə çıxış etdi. Kompozisiyanın mövzusu vətənpərvərlik hissləri, xalqımıza qarşı törədilmiş vandalizmin ictimaiyyətə bir daha xatırladılması, eyni zamanda tezliklə vətən torpağının işğaldan azad olmasına köklənmiş qələbə ruhu idi.
 
Beyləqan rayon Mədəniyyət Mərkəzinin Xalq teatrı iki tamaşa nümayiş etdirdi. Azərbaycanın qədim nağıllarından olan Göyçək Fatmanın nağılı əsasında qurulan “Ağıllı Fatma” tamaşasının yeni, müasir baxış tərzində səhnələşdirilməsi xalq teatrlarında zamanın tələblərinə uyğun tamaşaların hazırlanması barədə əvvəlki festivallarda verilmiş tövsiyyələrin nəticəsi idi. Tamaşa münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildi. Daha sonra milli vətənpərvərlik hisslərini daşıyan “O yurda bayrağı biz taxacağıq” kompozisiyası göstərildi. Məlumat verildi ki, həmin kompozisiya mütəmadi olaraq hərbi hissələrdə, məktəblərdə və s. yerlərdə gənc nəslə milli ruhun aşılanması məqsədilə nümayiş etdirilir.
 
Seçim mərhələsi çərçivəsində Bərdə Mədəniyyət Mərkəzinin Xalq teatrı Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır” tamaşasını yüksək professionallıqla nümayiş etdirdi. Komediya janrında hazırlanmış tamaşa münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildi.
 
Yevlax şəhər Yaradıcılıq evinin Xalq teatrı ikipərdəli “Qadınlar” tamaşası müasir dramaturgiyanın məhsulu olaraq peşəkar səviyyədə quruluş verilmiş formatda hazırlanmışdı. Personajları ifa edən həvəskar aktyorlar münsiflər heyəti tərəfindən rəğbətlə qarşılandı. Daha sonra həmin xalq teatrı kollektivi tərəfindən Lev Qraçın “Cırtqoz” pyesi səhnələşdirildi. Komediya janrında hazırlanan tamaşa xüsusi diqqət çəkirdi.
 
Sabirabad Mədəniyyət Mərkəzinin Adil İsgəndərov adına Xalq Teatrı tərəfindən Üzeyir Hacıbəyovun “Ər-arvad” komediyası nümayiş edildi. Klassik dramaturgiyanın məşhur əsərlərindən biri kimi tamaşa münsiflər heyətinin rəğbətini qazandı. Bununla yanaşı həmin xalq teatrı tərəfindən milli vətənpərvərlik ruhunda “Hardan başlayır vətən” tamaşasından fraqmentlər nümayiş etdirildi.
 
Daha sonra Yevlax Mədəniyyət Mərkəzinin Kukla Xalq teatrı tərəfindən “Dəli Keçi” tamaşası nümayiş etdirildi. Bildirildi ki, mədəniyyət mərkəzində mütamadi olaraq uşaqlar üçün təşkil edilən tamaşalar böyük həvəslə baxılır və qiymətlədirlir.
 
Qeyd edirik ki, Mədəniyyət Nazirliyin müvafiq əmri ilə festivalın seçim mərhələsində fərqlənən kollektivlərin Bakı şəhərində təşkil olunması planlaşdırılan final mərhələsinə dəvət edilməsi məqsədilə münsiflər heyəti - Şuşa Dövlət Dram Teatrının baş rejissoru, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Loğman Kərimov sədr, nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin Xalq yaradıcılığı sektorunun müdiri Vüqar Məmmədov, həmin şöbənin aparıcı məsləhətçisi Elgün Əliyev, Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, dosent Azad Şükürov, Ədəbiyyat qəzetinin məsul katibi, Bakı Xoreoqrafiya Akademiyasının baş müəllimi, teatrşünas, Əməkdar mədəniyyət işçisi Atababa Hacıbabayev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi, Kürdəmir, İsmayıllı, Ağstafa, Masallı, Sumqayıt regional mədəniyyət idarələrinin rəisləri üzvlər təyin edilmişlər.
 
III Respublika Xalq Teatrının Kürdəmirdə keçirilmiş seçim mərhələsi çərçivəsində peşəkar rejissor, aktyorlar tərəfindən xalq teatrlarına ustad dərsləri keçirilmişdir. Dərslərdə səhnə mədəniyyəti, jestlər, mimikalar, səsləndirmə və hərəkətlər izah edilmiş tamaşalara quruluş verilməsi zamanı xalq teatrlarının rejissorlarına müasir dövrün tələblərinin nəzərə alınması, etik qaydalar, tamaşaçıları ilə ünsiyyətin qurulması üçün cəhdlərin göstərilməsi tövsiyyə edilmişdir. Həmçinin, festival ərəfəsində oynanılan tamaşalarda görülən kiçik qüsurların düzəldilməsi üçün yanmaşma tərzləri izah edilmişdir. Ustad dərslərində iştirak edən xalq teatları kollektivlərin rejissor, bədii rəhbər və üzvləri həvəskar teatr kollektivlərinə  göstərilən qayğı və diqqətə, onların potensialının üzə çıxarılması üçün təşkil edilən festival, müsabiqələrə, həmçinin peşəkarlıqlarının artırılması üçün dəstəyə, ustad dərslərinə görə təşəkkürlərini bildirmişlər.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı