AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

YUNESKO baş qərargahında “Bakı Prosesi” beynəlxalq işçi qrupunun iclası keçirilmişdir

Mart 29, 2019 14:17

YUNESKO baş qərargahında Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə “Bakı Prosesi” beynəlxalq işçi qrupunun iclası keçirilmişdir.
 
YUNESKO Katibliyinin, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, İSESKO-nun rəsmiləri və işçi qrupun digər üzvlərinin iştirakı ilə keçirilən iclasda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı və konsepsiya sənədləri müzakirə edilmişdir.
 
Əbülfəs Qarayev qeyd etmişdir ki, “Bakı Prosesi” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilir və bu proses çərçivəsində son 10 ildə 4 dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 6 dəfə Bakı Beynəlxalq Humanitar Forumu, Nazirlər Konfransları və digər beynəlxalq tədbirlər təşkil edilmişdir. Bu proses BMT-nin baş katibi tərəfindən təşkilatın əsas platforması kimi elan edilmişdir və bu baxımdan “Bakı Prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal xarakter almışdır.
 
YUNESKO-nun rəsmisi, təşkilatın Mədəniyyətlərarası dialoq və tərəfdaşlıq departamentinin rəhbəri Maqnus Maqnusson YUNESKO-nun bu prosesin həyata keçirilməsində fəal iştirak etdiyini, bu prosesin əsas tərəfdaşlarından biri olduğunu və bu dəfəki forum çərçivəsində YUNESKO tərəfindən 5 tədbirin təşkil ediləcəyini qeyd etmişdir.
 
BMT-nin Sivilizasiyalar Alyansı, İSESKO, Avropa Şurasının rəsmiləri və Forumun ekspertlər qrupunun üzvü, Böyük Britaniyanın Koventri Universitetinin professoru Mayk Hardi Forumun proqramı ilə bağlı fikirlərini səsləndirmişdirlər və qərara alınmışdır ki, proqram üzrə müzakirə mövzuları, plenar sessiyalar barədə son təkliflər cari ilin 5 aprel tarixinədək təqdim edilsin. Qeyd olunmuşdur ki, bu dəfəki Forum diskriminasiya, qeyri-bərabərlik və münaqişələrin qarşısının alınmasında dialoqun gücləndirilməsi mövzularını əhatə edəcək və bu çərçivədə mədəni müxtəlifliyin çoxtərəfli idarə olunması, gənclərin liderliyi və onların bu proseslərdə rolu, eyni zamanda miqrasiya və insan təhlükəsizliyi məsələləri xüsusi əhəmiyyət kəsb edəcəkdir. Forum çərçivəsində, həmçinin Beynəlxalq Təşkilatların Rəhbərlərinin II Toplantısı və Nazirlər Konfransı da keçiriləcəkdir.
 
Sonda nazir Əbülfəs Qarayev 2017-ci ildə keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yekunlarını xatırladaraq növbəti Forumun prosesin davamı olaraq xüsusi yeniliklərlə yadda qalacağını və Forumun yekununda Fəaliyyət Planının qəbul ediləcəyini bildirmişdir.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı