AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

YUNESKO-nun Hökumətlərarası Komitəsində Ermənistanın təxribatının qarşısı alınmışdır

Noyabr 27, 2018 16:45

Məlum olduğu kimi 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyası öz işinə başlamışdır.

Sessiyada 2013-cü ildə YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına  daxil edilmiş  Azərbaycanın “Çövkən - ənənəvi Qarabağ atüstü oyun ənənələrinə” dair 5 illik hesabat qəbul edilmişdir.

Hesabatda Çövkən atüstü oyun ənənələrinin inkişafı ilə bağlı ölkəmizdə həyata keçirilmiş tədbirlər, həmçinin Ermənistanın Azərbaycanın Qarabağ regionunu işğalı nəticəsində bu oyun ənənələrinin həyata keçirilməsinin mümkünsüzlüyü əksini tapmış, çövkən oyununun  Qarabağdan zorla qovulmuş Azərbaycan əhalisinin müharibənin və təcavüzün acı nəticələrinə baxmayaraq yaşatmağa çalışdıqları və bu istiqamətdə dövlətin icmaları dəstəklədiyi göstərilmişdir.
 
İclasda Ermənistan nümayəndə heyəti qeyri-konstruktiv ənənəsinə sadiq qalaraq Azərbaycana qarşı çıxış edərək hesabatın Azərbaycan tərəfinə geri qaytarılmasını tələb etdi. Məsələ ilə bağlı geniş müzakirə aparıldı və Ermənistanın bu cəhdi həmişə olduğu kimi yenə də iflasa uğradı. Ermənistanın qərarla bağlı təkliflərinin heç biri Komitə tərəfindən dəstəklənmədi.

Ermənistanın iddialarına qarşı çıxış edən Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi qeyd etmişdir ki, hesabat beynəlxalq hüququn, BMT nizamnaməsinin və YUNESKO-nun müvafiq konvensiyasına uyğun olaraq AR-nın Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış və sənəddə ölkəmizdə çovqan oyununu həyata keçirən bütün icmaların fikirləri və müsahibələri əksini tapmışdır. Səfir komitə üzvlərinin konstruktiv mövqelərinə görə təşəkkürünü bildirərək Ermənistan nümayəndəsini komitə üzvlüyündən öz siyasi məqsədləri üçün istifadə etəməməyə çağırdı.

İclas zamanı həmçinin Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiya, YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi üçün  Azərbaycan, Türkiyə və Qazaxıstan ilə birgə “Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli nominasiya faylı ilə bağlı qərar qəbul edilməsi gözlənilir.    
 
Sessiyada AR-nın Xarici İşlər Nazirinin müavini Ramiz Həsənovun rəhbərliyi ilə AR-nın YUNESKO yanında Daimi Nümayəndəsi Anar Kərimov, AR-nın Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri, AR-nın YUNESKO üzrə Milli Komissiyasının baş katibi Elnur Sultanov və AR-nın Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə və AR-nın YUNESKO üzrə Milli Komissiyasının ikinci katibi Nahid Ömərovdan ibarət nümayəndə heyəti iştirak edir.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı