Qax şəhərində növbəti “Milli mətbəx bayramı” keçirilib
Noyabr 26, 2018 14:10
Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə noyabrın 25-də Qax şəhərində növbəti “Milli mətbəx bayramı” keçirilib.
Rayon Mədəniyyət Mərkəzində təşkil olunan bayram tədbirində Qax, Zaqatala, Balakən, Şəki və Oğuz rayonlarının milli mətbəxinə aid nümunələr, həmçinin xalq sənətkarlarının, tətbiqi sənət ustalarının əl işləri nümayiş etdirilib.
Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova, Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova və rayonlardan dəvət olunmuş qonaqlar əvvəlcə bölgə kulinarlarının hazırladıqları milli mətbəx nümunələrinin nümayiş etdirildiyi sərgilərlə tanış olublar. Burada sərgilənən Qax mətbəxinə aid xəmir xörəkləri, müxtəlif növ plov, dolma və digər milli yeməklər, qaxac olunmuş ətdən hazırlanan xörəklər, həmçinin Şəki, Zaqatala, Balakən və Oğuz mətbəxindən nümunələr tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Bayram tədbiri sonra Mədəniyyət Mərkəzinin zalında konsert proqramı ilə davam edib. Tədbirdə çıxış edən Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə məsləhətçisi Dilarə Əzizova bölgənin milli mətbəxinin təbliği və tanıdılması baxımından belə tədbirlərin mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki, zəngin mətbəxi ilə seçilən Qax rayonunda “Milli mətbəx bayramı”nın keçirilməsi artıq ənənəyə çevrilib.