Azərbaycanın 2 faylı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına təqdim edilib
Noyabr 21, 2018 10:30
Azərbaycan Respublikasının Naxçıvan ənənəvi kollektiv “Yallı rəqsi” faylı UNESCO-nun təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına və Azərbaycanın Qazaxıstan və Türkiyə ilə birlikdə “Dədə Qorqud irsi: bu epopeya ilə bağlı mədəniyyət, xalq əfsanələri və musiqi”yə dair faylı isə Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına təqdim olunub.
Qeyd edilib ki, 2018-ci ildə Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına 7 fayl, qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına 40 fayl və yaxşı mühafizə praktikasına 2 fayl daxildir.
Noyabrın 26-dan dekabrın 1-dək Port-Luis şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında digər məsələlərlə birlikdə yuxarıda göstərilən fayllara baxılacaq və onların müvafiq siyahılara daxil edilməsi ilə bağlı qərar qəbul ediləcək.