AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Lənkəranda keçirilən Çay, çəltik və sitrus festivalı bu sahələrin inkişafını təcəssüm etdirir

Noyabr 12, 2018 14:11

Noyabrın 10-da Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında qələbəlik vardı. İnsanlar bayramsayağı bəzədilmiş parkda keçirilən ikinci Çay, çəltik və sitrus festivalına toplaşmışdılar.
 
Festival ötən əsrin 70-80-ci illərində Lənkəranda keçirilən “Məhsul bayramları”nı xatırladırdı. 1979-cu ildə rayonda təşkil olunan “Məhsul bayramı”nda ümummilli lider Heydər Əliyev də iştirak etmişdi.
 
Bu gün Lənkəran Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində sürətli inkişaf dövrünü yaşayır, sosial-iqtisadi sahədə böyük uğurlara imza atır. Cari ildə rayonda aqrar bölmənin bütün sahələrində, o cümlədən çayçılıq, çəltikçilik və sitrusçuluqda böyük nailiyyətlər əldə olunub. İkinci ildir keçirilən Çay, çəltik və sitrus festivalı da bu sahələrin inkişafını təcəssüm etdirir.
 
Gərgin əmək, böyük zəhmət bahasına əldə edilmiş uğurları bayram sevinci ilə qeyd edən lənkəranlıların fikrincə, bu festival təkcə aqrar sektorda deyil, həm də rayonda sosial-iqtisadi inkişaf və mədəni quruculuq sahəsində qazanılmış nailiyyətlərin nümayişi baxımından əla imkandır.
 
Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və AZƏRTAC-ın informasiya dəstəyi ilə keçirilən festivalda Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Rafiq Bayramov, dövlət və hökumət rəsmiləri, həmçinin xarici ölkələrin respublikamızdakı səfirliklərinin nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, şəhər sakinləri, yerli və xarici turistlər iştirak ediblər.
 
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Sonra qonaqlar Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədilən parkda “Çayımızın dadı var”, “Lənkəranın düyüsü - dillər əzbəri”, “Qonaq evin ruzi-bərəkətini artırar” adlı pavilyonlarla və digər stendlərlə tanış olublar.
 
Rayonda istehsal olunan ərzaq, sənaye, kənd təsərrüfatı məhsulları, xalq sənətkarlığı nümunələri, yerli təbii çay və müxtəlif şirniyyatlar, çərəzlərdən ibarət bayram süfrəsi qonaqların xüsusi marağına səbəb olub.
 
Tədbir iştirakçılarına yüksəkkeyfiyyətli yerli düyü sortlarından - “Haşimi”, “Sədri”, “Campo” düyülərindən bişirilən 50 növdən çox plov, eyni zamanda, Lənkəran mətbəxinin ləziz təamı - ləvəngi və digər milli xörəklər təqdim edilib.
 
Mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov lənkəranlıları ikinci dəfə keçirilən Çay, çəltik və sitrus festivalı münasibətilə təbrik edib. Qızıl payız günündə rayon sakinlərinin bahar ovqatı yaşadıqlarını vurğulayan T.Qaraşov birinci festivaldan ötən müddətdə Lənkəranda bütün sahələrdə böyük nailiyyətlərin qazanıldığını bildirib. Diqqətə çatdırılıb ki, çay, çəltik və sitrus meyvələri istehsalının artırılmasına dair Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəran şəhərində respublika müşavirəsi keçirilib və bu müşavirənin nəticəsi olaraq müvafiq Dövlət Proqramı qəbul edilib. Bütün bunlar həmin sahələrdə əsaslı dönüşün başlanğıcını qoyub.
 
Bayram tədbirində aqrar bölmədə uğur qazanmış fermer və məhsul istehsalçılarının bir qrupu fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
 
Festival çərçivəsində şəhərin mərkəzi meydanında satış-sərgi də təşkil olunub.
 
Axşamadək davam edən tədbirdə bədii özfəaliyyət kollektivləri rəngarəng, ədəbi-bədii kompozisiyalarla çıxış edib, əyləncəli və musiqili proqramlar təqdim olunub.
 
Festival respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti və atəşfəşanlıqla başa çatıb.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı