“Dastan gecələri” layihəsi çərçivəsində növbəti dastan söylənilib
Noyabr 01, 2018 16:37
Oktyabrın 31-də Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” layihəsi çərçivəsində "Aşıq Alının Türkiyə səfəri" dastanı təqdim olunub. AZƏRTAC-ın verdiyi xəbərə görə, tədbir Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Folklor İnstitutunun şöbə müdiri, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli çıxış edərək aşıq sənətinin təbliği baxımından layihənin əhəmiyyətindən danışıb və təşkilatçılara təşəkkürünü bildirib. O, aşıq sənətinin Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik özünəməxsus hadisəsi olduğunu, bu sənətin müxtəlif mərhələlərdən keçərək xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirdiyini qeyd edib.
“Aşıq Alının Türkiyə səfəri” dastanı barədə məlumat verən E.Məmmədli deyib: “Dastan sadə və ənənəvi bir süjet üzərində qurulub. İstədiyi qızı almaq üçün çətinlik qarşısında qalan qəhrəman uzaq diyara yollanır, sınaqlardan sazının-sözünün qüdrəti ilə çıxır, nişanlısının toy günündə qayıdıb gəlir və muradına yetir”.
Dastanı tamaşaçılara Aşıq Bəhmən Göyçəli və Aşıq Firudin Göyçəli təqdim ediblər. Aşıqları balabanda Əziz Göyçəli müşayiət edib.