AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aşıq Şəmşirin 125 illiyi Qazaxda qeyd olunub

Oktyabr 31, 2018 09:55

Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin mərkəzində Aşıq Şəmşirin və Aşıq Ələsgərin xatirəsinə ucaldılmış büstlərin açılışı olub. Aşıq Şəmşirin anadan olmasının 125 illiyi ilə əlaqədar təşkil edilən tədbirdə saz-söz sevərlər Azərbaycan aşıq sənətinin iki görkəmli nümayəndəsinin yaradıcılığının işığına toplaşıb.
 
Tədbiri Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev açaraq Dədə Şəmşirin bənzərsiz yaradıcılığından danışıb.
 
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, Azərbaycan mədəniyyətinə, elminə, sözünə, sazına xidmət göstərmiş Dədə Şəmşir və onun ustadı olmuş Dədə Ələsgər bu gün bütün xalqın ürəyində yaşayır. Qeyd olunub ki, İlham Əliyevin 2 aprel 2018-ci il tarixli Sərəncamı ilə Aşıq Şəmşirin 125 illik yubileyinin bu gün respublikamızın hər yerində böyük təntənə ilə qeyd olunması bütün aşıqlara, saz sənətini yaşadanlara verilən qiymətin bariz göstəricisidir.
 
Xalq rəssamı Natiq Əliyevin hazırladığı büstlərin açılışından sonra Dədə Şəmşirin 125 illik yubileyinə həsr olunmuş tədbir Qazax rayon Mədəniyyət mərkəzində davam etdirilib.
 
Tədbirdə akademik Teymur Bünyadov çıxış edərək deyib: “Bu gün biz qazaxlılar fəxr edə bilərik ki, dahi şair Səməd Vurğunun bütün dünyaya tanıtdığı Dədə Şəmşirin yubileyini elə görkəmli şairin doğma el-obasında qeyd edirik. Necə ki, Səməd Vurğun Şəmşirə yüksək dəyər vermişdi, bu gün də qazaxlılar, ziyalılarımız, rayon rəhbərliyi Şəmşirə böyük qiymət verir”.
 
Azərbaycan sazının iki ustad aşığının sənətinə ucaldılmış qoşa abidənin açılışını yüksək qiymətləndirən Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı qeyd edib ki, Qazaxda mədəniyyət sahəsinə yüksək diqqət və qayğı göstərilir. Vurğulayıb ki, son illərdə rayonda hər gün bir yeniliyin şahidi oluruq.
Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın milli sərvətimiz olan saz sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında gördükləri genişmiqyaslı işlərdən söz açan M.Qasımlı bugünkü tədbirin həmin işlərin davamı olduğunu bildirib.
 
“Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov çıxış edərək bu tədbirin bütün qazaxlılar üçün bir töhfə olduğunu bildirib. Ölkə başçısının Aşıq Şəmşirin 125 illik yubileyi ilə bağlı imzaladığı Sərəncamdan söz açan natiq dövlətimiz və dövlət başçımız tərəfindən aşıq sənətinə verilən yüksək qiymətdən, dəyərdən danışıb.
 
Sonra söz aşıqlara verilib. Aşıq Avdı Musayev, Şaiq İncəli, Ədalət Dəlidağlı, Aşıq Hacı, Camoy Qurbanov, Gözəl Kəlbəcərli və Şöhrət Kərimovun, eləcə də “Ruhani” saz qrupunun çıxışları rəğbətlə qarşılanıb. Qazax Dövlət Dram Teatrının aktyorları və aşıq Yaşar Gülümcanov Xalq şairi Səməd Vurğunla Dədə Şəmşirin 1955-ci ildə İstisudakı tarixi görüşünü əks etdirən səhnəni təqdim ediblər.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı