AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Tanınmış aktyor Bahadur Əliyevin xatirə gecəsi keçirildi

May 08, 2018

Mayın 4-də Dövlət Film Fondunda tanınmış aktyor Bahadur Əliyevin 85 illik yubileyinə həsr olunan tədbir keçirildi.

 

 

Tədbirdə çıxış edən kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə sənətkarın aktyorluq istedadından və insani keyfiyyətlərindən danışdı. Bildirdi ki, Bahadur Əliyev aktyor olmaqla bərabər, kino istehsalı sahəsində yaxşı təşkilatçı kimi də tanınıb. Ömrünün 40 ilə yaxın bir dövrünü milli kino sənətinin inkişafına həsr edib.

Qeyd olundu ki, sənətkar 24 fevral 1933-cü ildə Masallı rayonunun Sığıncaq kəndində anadan olub. İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Kino və dram aktyorluğu fakültəsini bitirib. Bakı kinostudiyasında aktyor və rejissor assistenti işləyib. “Kölgələr sürünür”, “Bir məhəllədən iki nəfər”, “Onun böyük ürəyi” və “Onu bağışlamaq olarmı?” filmlərində epizodik rollarda çəkilib. SSRİ və Hindistanın birgə istehsalı olan “Əlibaba və qırx quldur” filmində də rol alıb. Orta Asiya respublikalarında filmlərə dəvət alan aktyorun məşhur özbək filmi “Şerəli və Aybərçin”də oynadığı rol özbəklərin də sevgisini qazanıb. “Ulduz” filmindəki kolxoz sədri Qədir obrazı isə aktyorun ən yaddaqalan rollarındandır. Ömrünün çox hissəsini “Azərbaycanfilm” kinostudiyası ilə bağlayan aktyor filmlərə çəkilməklə yanaşı, dublyaj sahəsində də səmərəli fəaliyyət göstərib, kinostudiyada dublyaj sexinin müdir müavini işləyib. Sənətkar 16 sentyabr 2002-ci ildə vəfat edib.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov çıxış edərək B.Əliyevin sənətkarlığından danışdı. Qeyd etdi ki, epizodik rollara çəkilərək sənət nümayiş etdirmək və əbədiyaşarlıq qazanmaq hər sənətkara nəsib olmur. B.Əliyev üçün rolun böyüyü, kiçiyi olmayıb. O, həmişə yaratdığı obrazın canlı, təbii olmasına, yadda qalmasına, tamaşaçılar tərəfindən sevilməsinə çalışıb və buna nail olub.

Xalq artisti İlham Namiq Kamal aktyorla “Mozalan” kinojurnalında və Azərbaycan Radiosunun “Sabahınız xeyir” verilişində birgə çalışdıqlarını bildirdi, xatirələrini bölüşdü: “Bahadurla radioda çoxsaylı yumoristik verilişlərdə çıxış etmişik. Dövlət tədbirlərində onunla yumoristik səhnələrlə çıxış edərdik. Bu çıxışlarda Hüseynağa Sadıqov və digər görkəmli sənətkarlarımız da iştirak edərdi”. 

Əməkdar incəsənət xadimi, rejissor Elxan Cəfərov B.Əliyevin kinoda inzibati işlərdəki fəaliyyətindən danışdı. Qeyd etdi ki, o, ötən əsrin 90-cı illərinin əvvəllərində, kino sahəsindəki durğunluq dövründə çox xiffət çəkərdi. Bu vəziyyət uzun illər bu sahədə çalışan bir insan üçün çətin idi.

Aktyor, rejissor, Əməkdar artist Elxan Qasımov qeyd etdi ki, B.Əliyev xoş hislərlə xatırlanacaq sənətkar və gözəl insan olub: “Qəribə, özünəməxsus gülüşü vardı, insanda pozitivlik yaradırdı. Çox əliaçıq, həyatsevər, əxlaqlı insan idi. Kinostudiyanın bütün işlərində yaxından iştirak edərdi.

Çıxışlararası aktyorun çəkildiyi filmlərdən qısa fraqmentlər nümayiş olunurdu.

Sonda sənətkarın oğlu Rauf Əliyev tədbirin təşkilatçılarına və iştirakçılara öz dərin təşəkkürünü bildirdi.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı