AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Görkəmli heykəltəraş Tokay Məmmədovla vida mərasimi keçirilib

May 03, 2018

Mayın 3-də Təzə Pir məscidində Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı,  professor Tokay Məmmədovla vida mərasimi keçirildi.   Mərasimdə dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri iştirak edirdi. 

Mədəniyyət nazir Əbülfəs Qarayev mərasimdə çıxış edərək heykəltəraşın həyat və fəaliyyətindən söz açdı, onun dünyadan köçməsinin Azərbaycan mədəniyyəti üçün böyük itki olduğunu vurğuladı. Bildirildi ki, Tokay Məmmədovun müəllifi olduğu əsərlər Azərbaycan heykəltəraşlıq sənətinin çox uğurlu nümunələridir. O, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Üzeyir Hacıbəyli və başqa tarixi şəxsiyyətlərin heykəllərinin müəllifidir. Bakıda və Rusiyada təhsil alıb, böyük müəllimlərdən sənətin sirlərini öyrənən sənətkar özü də uzun illər Azərbaycanda heykəltəraşlıq məktəbinin inkişafına töhfələr verib, pedaqoji fəaliyyət göstərib, bu sənətdə bir neçə sənətkar nəslinin yetişməsinə yaxından iştirak edib.

Tokay Məmmədovun yaradıcılığının hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini deyən nazir sənətkarın vəfatı ilə bağlı ölkə başçısı tərəfindən nekroloq imzalandığını dedi. Nazir çıxışının sonunda mərhuma Allahdan rəhmət dilədi.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, Məhəmməd Füzulinin abidəsini mərhum sənətkarla birgə işləmiş Ömər Eldarov çıxışında qeyd etdi ki, Tokay Məmmədovun milli mədəniyyətimizin inkişafında böyük xidmətləri olub. O, müxtəlif janrlarda yaratdığı əsərləri ilə ölkəmizin heykəltəraşlıq tarixinə parlaq səhifələr yazıb. Azərbaycanın dahi şəxsiyyətlərinin unudulmaz obrazlarını monumental abidələrə çevirərək mədəniyyət dünyamıza gözəllik bəxş edib. 

Mərasimdə daha sonra Xalq rəssamı Ağaəli İbrahimov, millət vəkili, akademik Rafael Hüseynov, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor  Çingiz Fərzəliyev çıxış edərək Tokay Məmmədovla bağlı xatirələrini bölüşdülər, onun insani keyfiyyətlərini və sənətkarlıq qabiliyyətini  yüksək qiymətləndirdilər.

Sənətkarın oğlu Cahangir Məmmədov atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə ailəsi adından Azərbaycan Respublikasının Prezidentinə və vida mərasiminə toplaşanlara təşəkkürünü bildirdi.

Sonra mərhumun cənazəsi son mənzilə yola salındı. Tokay Məmmədov II Fəxri xiyabanda dəfn olundu.

 

 

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı