Gənc Tamaşaçılar Teatrı
1927-ci il mart ayının 15-də Bakı Uşaq Teatrı pioner və məktəblilərin bədii özfəaliyyət dram dərnəklərinin əsasında yaranmışdır. 1928-ci ildən isə Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə rəsmi olaraq fəaliyyətə başladı. Teatrın ilk aktyorları və rejissorları Ağadadaş Qurbanov, Məmmədağa Dadaşov, Yusif Əminli, Minə Abdullayeva, Yusif Dadaşov, Susanna Məcidova, Cavahir İskəndərova, Süleyman Ələsgərov, Hüseynağa Sadıxov, Kərim Həsənov, Zəfər Nemətov, Məhərrəm Haşımov, Əliməmməd Atayev və başqaları oldular.
1936-cı il iyul ayının 18-dən etibarən Bakı Uşaq teatrı Azərbaycan Xalq Maarif Komissarlığının əmrinə əsasən "Azərbaycan Dovlət Gənc Tamaşaçılar Teatrı" adlandırıldı və ona Maksim Qorkinin adı verildi. 1936-cı ildə Moskvada rejissorluq fakültəsini başa vuran, Məhərrəm Haşımov teatrın baş rejissoru təyin olundu.
1937-ci ildə görkəmli uşaq yazıçısı Abdulla Şaiq teatrın ədəbi hissə müdiri təyin olundu. İlk milli uşaq dramaturgiyası əsasında yaranan Abdulla Şaiqin "Xasay", "Eloğlu", "Fitnə", Mirmehdi Seyidzadənin "Qızılquş", "Nərgiz", Əyyub Abbasovun "Azad", "Məlikməmməd" tamaşaları teatrın yaradıcılıq nailiyyəti idi. 1940-cı ilin noyabr ayında teatr Moskvada keçirilən Sovet Uşaq Teatrlarının 1 Ümumittifaq baxışında iştirak edərək, Rusiya teatr ictimaiyyəti və digər iştirakçı ölkə nümayəndələri tərəfindən böyük hərarətlə qarşılandı. Kollektiv bu nüfuzlu tədbirdə Sabit Rəhman və Adil İskəndərovun "Partizan Məmməd", Əliməmməd Atayev və Əhməd Əhmədovun "Seyran" pyesləri əsasında hazırlanmış tamaşalarını təqdim etdi.
II dünya müharibəsindən sonrakı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında ən yaxşı tamaşalardan sayılan "Fitnə", "Qaraca qız", "Skapenin kələyi", "Polad necə bərkidi", "Hacı Qənbər", "Sevinc" öz profesionallığı ilə seçilirdi.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının 60-cı illərdəki fəaliyyəti xüsusilə səmərəli olmuş, öz inkişafı prosesində ən məhsuldar dövr kimi qiymətləndirilmişdir. Teatrın baş rejissoru həssas pedaqoq, mahir təşkilatçı Zəfər Nemətovun bu sahədəki işi xüsusilə fərqlənmişdir. Onun baş rejissor olduğu çoxillik fəaliyyəti dövründə teatrda yeni dramaturq, aktyor, rejissor nəsli yetirmişdir. Məhz o illərdə teatr ideya-bədii istiqamətində və pedaqoji sahədə yüksək səviyyəyə qalxa bilmişdir. Xüsusilə, ailə və məktəb əlaqələrinin vəhdəti üçün əsaslı zəmin yaradılmışdır. Dramaturqlardan Rauf İsmayılovun, İskəndər Coşğunun, Əfqan Əsgərovun, Hüseyn Nəcəfovun, Qeybulla Rəsulovun "İki həyat", "Komsomol poeması", "O mənim oğlumdur", "Valya Kotik", "Əlvida, Hindistan" əsərləri bilavasitə Zəfər Nemətovun rəhbərliyi, istedad və bacarığı sayəsində sənət nümunəsinə çevrilmişdir.
Əminə Yusifqızı, Solmaz Qurbanova, Firdovsi Naibov, Zərnişan Fətəliyeva, Sona Babayeva, Həsən Əbluc, Viktor Semerenko, İvetta Ryabova, Arnold Xarçenko, Nelli Məmmədova, Tatyana Xaritonova və başqaları məhz Zəfər Nemətovun rejissor pedaqoq kimi yetişdirdiyi istedadlı aktyorlar olaraq bir çox sənət uğurlarına imza atmışlar.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 1989-cu ildə öz tamaşaçılarını indiki- yeni binada qarşıladı. Teatr həmişə olduğu kimi öz ənənəsinə sadiq qalaraq, hər yeni teatr mövsümündə daha maraqlı tamaşalarla geniş tamaşaçı auditoriyasını əhatə etdi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2009-cu il 41 nömrəli qərarına əsasən Azərbaycan Dövlət Gənclər Teatrı və 30 sentyabr 2009-cu il tarixli qərarına əsasən Bakı Kamera Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirilmişdir. Elə həmin ilin aprel ayında əsaslı təmir və yenidənqurma işlərindən sonra teatr yeni texnika və müasir dizaynla təmin edilmiş binada fəaliyyətini davam etdirmişdir.
Yeni təmirli və hər növ avadanlıqlarla təmin olunmuş teatrda repertuar siyasətinə ciddi önəm verilərək qısa zaman kəsiyində bir sıra müasir dramaturgiyamızın ən maraqlı nümunələri ilə yanaşı dünya və Azərbaycan klassiklərinin əsərlərinə müraciət edilib. Bu illər ərzində teatrda “Şeyx Sənan” (H.Cavid), “Aydın” (C.Cabbarlı), “Məkkəyə gedən yol” (C.Məmədquluzadə), “Albalı bağı” (A.P.Çexov), “Otello” (U.Şekspir), “Ezop” (G.Fiqeyredo), “Hekayəti xırs quldurbasan” (M.F.Axundov), “Viktoriya” (K.Hamsun), “İfritin kələyi” (Y.Şvarts), “Ələddinin sehrli çırağı” (Ərəb xalq nağılı), “Axırıncı qatar və yaxud itlər” (İ.Fəhmi, O.Kazımi), “Şelkunçik” E.T.A.Hofman), “Yatmış gözəl” (B.Marvin), “Oliver Tvistin macəraları” (Ç.Dikens), “Mənim ağ göyərçinim” (T.Vəliyeva), “Göyçək Fatma” (Azərbaycan Xalq nağılı), “Əcəl atı” (V.Əlixanlı), “Mən səni sevirəm – MSS” Ə.Əmirli, “Məhv olmuş gündəliklər” (İ.Əfəndiyev), “Romeo və Cülyetta” (U.Şekspir), “Buzovna kəndinin əhvalatları” (Elçin), “Şahzadə Xəzərin nağılı” (K.Ağabalayev), “Pələng ili” (Firuz Mustafa), “Əlincə qalası” (Dilsuz), “Qarac qız” (S.S.Axundov A.Şaiq), “Dörd əkizin nağılı” (P.Pançev), “Mən gəldim, qızlar” (L.Nuren), “Buratinonun macəraları” (A.Tolstoy), “Balaca və damda yaşayan Karlson” (A.Lindqren), “İtalyansayağı xoşbəxtlik” (D.Fo, P.Filippo), “Danışan gəlincik” (A.Şaiq), “Hasarın o üzü” (Ə.Əmirli) kimi əsərlər böyük müvəffəqiyyətlə səhnələşdirib.
Azərbaycan Milli teatr sənətinin ayrılmaz qolu olan Dövlət Gənc Tamaşaçılar Teatrı bir sıra müqtədir səhnə xadimləri yetişdirmişdir. Bunlardan bir çoxu sonradan öz yaradıcılıqlarını Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında davam etdirmişlər. Xalq artistləri Ağadadaş Qurbanov, Əliağa Ağayev, Süleyman Ələsgərov, Firəngiz Şərifova, Yusif Vəliyev, Hüseynağa Sadıxov, Lütfi Məmmədbəyov, Aleksey Lejnyov, Georqiy Sıqankov, Xuraman Hacıyeva, Gülşən Qurbanova, Solmaz Qurbanova, Tariyel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, Əməkdar Artistlər Məmmədağa Dadaşov, Osman Hacıbəyov, Rəhilə Məlikova, Susanna Məcidova, Məfxurə Yermakova, Firdovsi Naibov, Tamara Razumovskaya, Anatoli Dobronetski, Arnold Xarçenko, Cəvahir İskəndərova, Ruxsarə Ağayeva, Mübariz Paşayev, Azər Mirzəyev, Ayşad Məmmədov, Rafiq Hüseynov, Ədalət Məmmədov, Lətifə Əliyeva, Nübar Novruzova, Naibə Allahverdiyeva, Almaz Mustafayeva, Şəfəq Əliyeva, Rahib Əliyev artıq Azərbaycan teatr tarixində özünəməxsus yer tutmuşlar. Adları qeyd edilən sənətkarlarla bərabar hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Elşən Rüstəmov, Kübra Dadaşova Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi Hüseynov, Leyli Vəliyeva, Mehriban Abdullayeva, Nicat Kazımov, Eyvaz İbrahimov, Vüsal Mehrəliyev, Nəsibə Eldarova və onlarla başqa istedadlı və perspektivli aktyor nəsli çalışır. Azərbaycan milli teatr sənətinin inkişafında uzun illik səmərəli fəaliyyətinə görə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında hazırda 5 Xalq artisti, 22 Əməkdar artist, 3 Əməkdar incəsənət xadimi, 2 Əməkdar Mədəniyyət işçisi, 2 Prezident təqaüdçüsü, 10 Prezident mükafatçısı çalışır. Bundan başqa teatrın 7 aktyoru 2013-cü ilin iyun ayında və 2 aktyoru 2014-cü ilin mart ayının 7-də Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşlar.