"Gülüm hey" folklor qrupu
“Gülüm hey” folklor qrupu Kəngərli rayon mədəniyyət evi nəzdində 2005-ci ildən fəaliyyət göstərir. Qrupu yaratmaqda əsas məqsəd el şənliklərində, toy mərasimlərində, xinayaxdı gecələrində bölgəyə aid deyimlər, haxıştalar demək, milli dəyərlərimizi yaşatmaq və gənc nəsillərə aşılamaqdır. “Gülüm hey”in repertuarında ifa edilən deyimlər, əsasən, Qarabağlar kəndində yaşayan ağbirçək nənələrin dilindən, yaşlı qadınlardan öyrənilib. Kollektiv səkkiz istedadlı qızdan təşkil olunub. Qrupun bədii rəhbəri Gülşən Qurbanovadır.
Qrup 2008-ci ilin aprel ayında ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Xalq yaradıcılığımız bu gün” adlı muxtar respublika folklor festivalında və 2012-ci ilin iyul ayında keçirilən “Milli dəyərlərimiz – milli sərvətimiz” folklor və muğam müsabiqəsində fərqləndiyinə görə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diplomlarına layiq görülüb, hədiyyələrlə mükafatlandırılıb.