AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Adıgün" Türk Xalq Folklor Kollektivi

Nəsimikənd Folklor evinin nəzdində fəaliyyət göstərən “Adıgün” Türk Xalq Folklor Kollektivi 1970-ci ildən fəaliyyət göstərir.
 
Kollektiv fəaliyyət göstərdiyi dövrlərdə daim yenilik axtarışında olmuşdur. 1983-cü ildə “Vaqif” tamaşasını səhnələşdirərək tamaşaçıların böyük rəğbətini qazanmışdır. 1987-ci ildə folklor mahnı və rəqs ansamblı II Respublika xalq yaradıcılığı festivalının laureatı olmuş, medallarla və fəxri fərmanlarla təltif olunmuşdur. Kollektiv dəfələrlə Moskvada, Bakıda, Şimali Kiprdə və Türkiyədə çıxışlar etmiş, radio və televiziya ilə konsertlər vermişdir. Kollektiv tərəfindən tamaşaya qoyulan əsərlər, kompozisiyalar daim maraqla qarşılanır. Folklor kollektivi əldə olunmuş nailiyyətlərlə kifayətlənmir, daim əzmlə çalışır.
 
1991-ci ildə kollektiv Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Xalq Kollektivi adına layiq görülmüşdür. 2001-ci ildə “Respublika Uşaq Folklor Musiqi Festivalı”nda fəal iştirak etmiş və müstəqil Azərbaycan Respublikası gənclərinin Birinci Forumunun 5-ci ildönümü və Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən diplomla təltif olunmuşdur. 2002-ci ildə kollektiv II Uşaq Musiqi Festivalında uğurla iştirak etmişdir. 2003-cü ilin aprel ayında Şimali Kipr Türk Cümhuriyyətində keçirilən V Uluslararası Cocuk və Xalq Dansları Festivalından mükafatla qayıtmışdır.
 
Kollektiv müxtəlif illərdə keçirilən “Azərbaycan – Doğma diyar” festivallarında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diplomlarla təltif olunmuşdur. 2012-ci ildə Türkiyədə keçirilən Uluslararası Gebze Kültür Sanat və Folklor Festivalında yaddaqalan çıxışları olmuşdur. 2014-cü ildə Axıska türklərinin Gürcüstan Respublikasının Axıska bölgəsindən sürgün olunmasının 69-cu ildönümü ilə əlaqədar keçirilən mərasimdə iştirakına və “Vətən” cəmiyyətinin işlərində fəal iştirakına görə təltif olunmuşdur. 2016-cı ildə Xaçmaz şəhərində keçirilən “Multikultural Dəyərləri Yaşadaq” I Beynəlxalq Festivalda iştirak etmişdir. 2016-cı ildə Önəmli Dil Təqaüdü (CLS) proqramı çərçivəsində mədəni tədbirlərdə möhtəşəm rəqs ifalarına görə şəhadətnamə ilə təltif olunmuşdur. 22-26 aprel 2018-ci il tarixlərində Saatlı rayon Mədəniyyət Mərkəzinin Nəsimikənd Folklor evinin “Adıgün” Türk Xalq Folklor kollektivinin üzvləri Türkiyənin Aydın şəhərində keçirilən Uşaq və Gənclərin Şənlik Festivalında uğurla iştirak etmişdir.
 
Bütün bu uğurlarla yanaşı kollektiv mütəmadi olaraq Azərbaycan televiziya kanallarında və Bakı şəhərində keçirilən “Novruz Bayramı” şənliklərində iştirak edir. Nəsimikənd kənd Folklor evinin “Adıgün” Türk Xalq Folklor kollektivinin bu gün 48 üzvü vardır. Üç yaş qrupunda fəaliyyət göstərən kollektiv artıq 49 ildir ki, Saatlı rayonunda keçirilən bütün mədəni kütləvi tədbirlərdə yorulmaq bilmədən iştirak edir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı