Aşıq Nemət
Qasımov Nemət Yusif oğlu 1972-ci il iyulun 27-də Gədəbəy rayonunun Kiçik-Qaramurad kəndində ziyalı ailəsində anadan olub. 1979-cu ildə həmin kənddə orta məktəbin 1-ci sinfinə daxil olub, 1989-cu ildə 10 illik təhsili əla qiymətlərlə bitirib. Sazla ilk çıxışını 1-ci sinfə getdiyi il, 1979-cu ildə orta məktəbdə keçirilən bayram tədbirində edib. İsfəndiyar Rüstəmovun rəhbərliyi altında keçirilən “Gədəbəyin yazı, aşığın sazı” yaz bayramlarında dəfələrlə iştirak edib. Gəncəbasar bölgəsi üzrə keçirilən “Telli saz” müsabiqəsinin qalibi olub. 4-cü sinifdə oxuyanda, demək olar ki, yaşının imkanı daxilində elə bir aşıq olmayıb ki, onun məclisində iştirak etməsin və ya şəxsən özü ilə görüşüb sənət sirləri haqqında bilgilərini artırmasın.
1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissorluq” fakültəsinə daxil olub.
1992-1994-cü illərdə ADMİU-nun “Tədris teatrı” şöbəsində musiqi rejissoru işləyib, 1992-ci ilin sentyabrında Qara Qarayev adına 8 saylı musiqi məktəbində Bakıda ilk dəfə olaraq saz sinfini açıb. Çalışdığı ilk gündən bu günə qədər keçirilən bütün müsabiqələrdə onun şagirdləri həmişə I yerə layiq görülüb. Sazı ləyaqətlə təmsil edən şagirdlərinin sayı 600-dən artıqdır. 1995-ci ildə ali təhsili tam bitirdikdən sonra AMEA-nın Folklor İnstitutunda elmi işçi kimi elmi fəaliyyətə başlayıb.
1996-cı ildə Respublika üzrə keçirilən “İstedad axtarırıq” müsabiqəsinin, 2002-ci ilin mayında Türkiyədə keçirilən (20-26 may) “Uluslararası Silifke kültür heftesi” aşıq müsabiqəsinin, 2004-cü il 28 may Respublika Günü şərəfinə keçirilən “I Aşıqlar müsabiqəsi” nin, 2005-ci ildə Türkiyənin Tarsus şəhərində keçirilən “Şəlalə şeir axşamları” müsabiqəsinin qalibi olub. 2010-cu ildə Cənubi Koreyanın Yeosu şəhərində keçirilən "Dünyaya sülh gərək" beynəlxalq müsabiqənin qalibi olub. Dünya İncəsənət və Musiqi Ustası diplomunu və kubokunu qazanıb.
2009-cu ildən başlayaraq YUNESKO-nun tədbirlərində aşıq sənətini mütəmadi olaraq təmsil edir. YUNESKO-ya təqdim edilən aşıq sənəti haqqında filmin əsas aparıcısıdır. YUNESKO tərəfindən Nemət Qasımlının sənət fəaliyyəti ilə bağlı 52 dəqiqəlik sənədli film çəkilib.