AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xanəndə Mənsum İbrahimov

Mənsum İbrahimov 1960-cı il oktyabrın 1-də Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub. 1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni Maarif" fakültəsində təhsil almışdır. 1985-ci ildə Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə I dərəcəli diploma layiq görülmüşdür. Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunmuşdur. 1993-cü ildən "Leyli və Məcnun" operasında Məcnun rolunu oynayır. Milli opera tamaşalarında ikinci dərəcəli rollarla səhnəyə qədəm qoysa da, hazırda əksər tamaşalarda aparıcı partiyaları ifa edir. "Leyli və Məcnun" operasında Məcnun, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal, "Sevil"də Azançı rollarını ifa etmişdir.
 
Opera səhnəsindəki fəaliyyəti ilə bərabər Mənsum İbrahimov həm də xalq və bəstəkar mahnıları, muğamların gözəl ifaçısıdır. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir. Azərbaycan muğam sənətini dünyanın yaxın və uzaq ölkələrində – İran, Türkiyə, İraq, Fransa, Belçika, Lüksemburq, Kipr, ABŞ və Kanadada ləyaqətlə təmsil edir. Bununla bərabər pedaqoji fəaliyyətlə də məşğul olur. Azərbaycan Milli Konservatoriyası və konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi kollecinin müəllimi kimi gənc muğam ustalarının yetişməsinə böyük əmək sərf edir. Yetirmələri Azərbaycanda keçirilən muğam müsabiqələrində uğurla çıxış edirlər.
 
1998-ci ildə Azərbaycanın əməkdar artisti, 2005-ci ildə isə Xalq artisti fəxri adına layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan prezidentinin sərəncamına əsasən Şöhrət ordeni ilə təltif olunmuşdur. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə və 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülmüşdür. Azərbaycan Milli Konservatoriyasının professorudur.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı