"Gülüstan" folklor qrupu
“Gülüstan” folklor qrupu 2013-cı ildə Qəbələ rayonunun Hacallı kənd Yaradıcılıq evi nəzdində yaradılıb. Qrupun bədii rəhbəri Afət Əliyevadır. Qrup yarandığı gündən etibarən qədim adət-ənənələri, məişət əşyalarını, qədim tikmələri toplamaqla məşğuldur. Bu gün yaradıcılıq evində qrupun topladığı zəngin eksponatlardan ibarət sərgi də fəaliyyət göstərir.
“Gülüstan” folklor qrupunun repertuarına “Novruz gəlir, yaz gəlir”, “Xınayaxdı”, “Qız evində toy hazırlığı”, “Qaynana-gəlin” səhnəcikləri, həmçinin “Nar atdı, gül atdı”, “Adaxlının adını de”, “Tello”, “Buleyli”, “Ay dili-dili” qədim xalq nəğmələri daxildir.
“Gülüstan” folklor qrupu 2015-ci ildə “Bölgələrdən paytaxta” adı altında keçirilən “Qəbələ günü”ndə, Bakı şəhərində keçirilən Novruz şənliklərində fəal iştirak edib, dəfələrlə televiziya verilişlərinə dəvət alıb. Bundan əlavə, Qəbələ rayonunda keçirilən el şənliklərində fəal iştirakına görə qrup rayon rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub.