Ə.Ələkbərov adına Xalq Teatrı
Ə.Ələkbərov adına Xalq Teatrı 1930-cu ildə dram dərnəyi kimi fəaliyyətə başlayıb. Kollektivin ilk rəhbəri Mirzəağa Əliyev olmuşdur. Daha sonra kollektivə Məmmədağa Dadaşov, SSRİ Xalq artistləri Ələsgər Ələkbərov, Mehdi Məmmədov, Xalq yazıçısı Əzizə Cəfərzadə, əməkdar artistlər Qaffar Həqiqi, Sadıx Saleh, Süheyli Fərəc, Əhməd Anadolu, rejissor Əmir Hüseyn Məcidov, Adil Qasımov, Xalq artisti Ramiz Məlikov rəhbərlik etmiş və aktyorlar Qorxmaz Əlili, Ziyadxan Cəbrayılov, Mövsüm Əhməd, Əlihüseyn Tağıyev, Əlizadə Əliyev, Abdulla Qurbanov, əməkdar artist Allahverdi Yolçuyev kollektivdə aktyor kimi çalışmışlar. 1962-ci il dekabrın 26-da kollektivə “Xalq teatrı” adı verilmişdir. Yarandığı gündən repertuarına Azərbaycan və dünya dramaturqlarının əsərləri daxil edilmiş, dəfələrlə fəxri fərmanlar, diplomlarla təltif edilmişdir. 1983-1985-ci illərdə keçirilmiş Ümumittifaq bədii özfəaliyyət kollektivləri festivallarının laureatı adına layiq görülmüş və festivalın medalı ilə təltif olunmuşdur.
Cəfər Cabbarlının “Sevil”, “Almaz”, “1905-ci ildə”, Üzeyir Hacıbəyovun “Arşın mal alan”, Zülfüqar Hacıbəyovun “Evliykən subay”, Səməd Vurğunun “Vaqif”, “Fərhad və Şirin”, Səid Rüstəmovun “Beş manatlıq gəlin”, Lope de Veqanın “Sevilya ulduzu”, Şillerin “Məkr və Məhəbbət”, Arif Mədətovun “Şeytan”, S.S.Axundovun “Bir eşqin nəticəsi”, S.Hidayətoğlunun “Azadlıq həzzi”, M.Məmmədovun “Sovqat”, “Yolunu azmış sərnişinlər”, H.Cavidin “Ana faciəsi”, S.M.Qənizadənin “Axşam səbri xeyir olar”, Y.Səmədoğlunun “220 №li otaq”, V.Həsənovun “Qapalı qapı”, M.F.Axundovun “Hekayəti xırs quldurbasan” və digər əsərlər teatrın təqdimatında səhnələşdirilmişdir.