AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kətə

Nümunənin reyestr kodu : ST0900000004

Kətə

Kətə xüsusi dadı və müxtəlifliyi ilə ilə seçilən Azərbaycan şirniyyatıdır. “Kətə” sözünün etimologiyasına nəzər salsaq, görərik ki, qədim türk dilində “kada” kimi qeyd olunur və yağla umaclanmış içliklə hazırlanmış səfər yeməyi mənasında işlənir. Əhər (Qaradağ xanlığının paytaxtı) şirnisi kimi də adlandırılan kətənin Şərqi Anadolu və Cənubi Azərbaycan məxsusluğu vurğulanır. Ərazi baxımından Qarabağ xanlığına yaxın ərazidə yerləşir.

Kətə unikal hazırlanma qaydası ilə seçilən, Qərbi Azərbaycan və Qarabağ bölgə mətbəxinə məxsus qədim şirniyyat növlərindən biridir. Qədim zamanlarda xanlar və bəylər üçün hazırlanan, müxtəlif bayramlarda süfrələri bəzəyən şirniyyat məmulatıdır. Bölgədə məşhur olan, tez-tez hazırlanan bu qənnadı məmulatı adət-ənənələrimizi, tariximizin müəyyən dövrlərini özündə əks etdirir.

Digər aspektdən yanaşsaq, tarixən Azərbaycan ərazisində kətə ilə bağlı milli dəyərlərlə uyğunluq təşkil edən ənənələr də mövcud olmuşdur. Belə ki, toydan bir neçə müddət öncə dost-tanış, yaxın qohumlarla birlikdə kətənin ərzaqları toplanır, xəmir yoğrularaq, kətə hazırlanır. Kətə hazırlanmasında iştirak edənlər bir növ ailənin xeyrinə şərik olur, desək yanılmarıq. Hazırlanmış kətələr qohum-qonşulara paylanılır. Və bunu bir növ kətə bişən evdə yaxın zamanda xeyir işin olacağına dair insanlara verilən işarə kimi də dəyərləndirmək olar.

Həmçinin kətə toy mərasimi zamanı xoşbəxtlik və şirinlik simvolu olaraq, tutulan xonçalarda yer almışdır. Belə ki, gəlin və ya bəy evinə gedən xonçalara kətə qoyulur. Həmçinin xəmir yoğrulma prosesində yeni ailə həyatının daha uğurlu, xoş keçməsi diləyilə dualar edilir.

Ümumilikdə, qeyd edə bilərik ki, kətə uğur, rifah, xoşbəxtlik, şirinlik, xəstəliklərdən şəfa, bolluq rəmzi kimi hazırlanır.

Günümüzdə isə artıq yas mərasimlərində də kətə süfrələrdə yer alır, həmçinin, anım mərasimləri üçün hazırlanır.

Novruz bayramı, Xıdır Nəbi və s. milli bayramlarda bişirilən Qarabağ kətəsi ilk öncə ilin fəsillərinə uyğun olaraq, 4 yerə, daha sonra hər bir hissə aylara uyğun olaraq 3 yerə bölünür. Göründüyü kimi hər bir hissə ilin ayına uyğun gəlir.

Təbii ki, bunlar kətə ilə əlaqədar olan adət-ənənə, inancların yalnız kiçik bir hissəsidir.

“Kətə” sözü Axısqa türklərinin dilində “kada” şəklində işlənir və mənbələrdə qeyd edilir ki, kada – kete, su qatılmadan yoğurt və ya süd ilə yoğrulan və “iç” denilən yağla umaclanmış kısmı ilə çox dayanıqlı yolçu yeməyi mənasını verir. (M. Hüseynova).

Kətə ilə bağlı adət-ənənələr və inanclar unikal olduğu qədər, onun üzərindəki naxışların simvolistikası da bir o qədər düşündürücüdür. Belə ki, Qarabağ kətəsinin üzəri perpendikulyar xəttlərdən ibarətdir. Bu da öz növbəsində rombvari fiqurlar əmələ gətirir. Göründüyü kimi bir çox Azərbaycana məxsus şirniyyatda olduğu kimi, Qarabağ kətəsinin naxışları və forması ibtidai insanların astral təsəvvürlərini əks etdirir. Deyə bilərik ki, rombvari naxışlar astral kultda ulduzları (A. Xəlilov. səh.121) kətənin ümumi dairəvi forması isə günəşi simvolizə edir.

Qeyd edək ki, digər Azərbaycanın məşhur kətəsi - İrəvan kətəsinin üzərindədə eyni romb şəkillərinə təsadüf edir. Həmçinin kənarının dalğalı kəsimi, su - əbədi həyat simvoluna işarədir.

Bütün bunlardan belə bir nəticəyə gələ bilərik ki, Həm İrəvan həmdə Qarabağ kətəsi digər mətbəx nümunələri kimi tarixən bölgə əhalisi tərəfindən müxtəlif mərasimlər məqsədilə hazırlanmışdır. Ərazidə kətənin hazırlanmasında istifadə olunan inqredientlərin əkilməsi və hazırlanması üçün əlverişli şəraitin olması, həmçinin inventarların əhaliyə tarixən məlum olması bunu təsdiqləməyə əsas verir.

Ədəbiyyat:

1. M. Hüseynova. Azərbaycan dilinin yemək və içki adlarının tarixi- etimoloji lüğəti. Bakı, ADPU nəşriyyatı, 2018, 196 s.

2. Xəlil Ağaverdi, "Türk xalqlarının yaz bayramları və. Novruz". Baki, Elm və təhsil, 2012. 144 səh