AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Yaylaq maldarlığı

Nümunənin reyestr kodu : D00300000001

Azərbaycanda yaylaq maldarlığı

Yaylaq-qışlaq hevandarlığı Azərbaycanda tarixən mövcud olmuş fundamental mədəniyyətlərdən biridir. Bu mədəniyyət forması xüsusi həyat tərzi, eko-sosial, mədəni və iqtisadi fəaliyyətlərinin fərqliliyi ilə seçilir. Oturaq əkinçilik mədəniyyətinə alternativ olan bu mədəniyyət forması uzun əsrlərin sınağından çıxmış və bu günümüzə qədər Azərbaycanda qorunub saxlanılmışdır. Tarixi sənədlərə əsasən, XIX əsrin ortalarında Azərbaycanda ümumi əhalinin ən azı 25%-i və bütün kənd əhalisinin 1/3-i yarımköçəri həyat tərzi ilə məşğul olubdur.

Hal-hazırda yay və qış otlaqları Azərbaycan ərazisinin 23 min km2 sahəsini (bunların 17 min km2 qışlaq, 6 min km2 isə yaylaq ərazilərdir) əhatə edir. Ölkədə mövcud olan təqribən 8,1 milyon baş qoyun-keçinin, 2,6 milyon baş iribuynuzlu mal-qaranın və 60 min baş atın bir hissəsi qışlaqlar və yaylaqlar hesabına saxlanılır və Köç yolu vasitəsilə yaylaq-qışlaq otlaqları arasında köç edir. Qışlaqlardan və yaylaqlardan istifadə edilən bu təsərrüfat fəaliyyəti müasir Azərbaycanın iqtisadi münasibətlər sistemində indi də öz əhəmiyyətini qoruyub saxlayır.

Ölkəmizdə relyef formasının dağlıq və düzən olaraq əlverişli məsafələrdə bir birini tamamlaması, həmçinin bölgələr üzrə illik tempratur və yağıntı səviyyəsi yaylaq-qışlaq heyvandarlığının inkişaf etməsi üçün münbit şərait yaratmışdır. Əgər yaz-yay aylarında (may-sentyabr) Böyük Qafqaz və Kiçik Qafqaz dağlarında tempratur 10-15 dərəcə və yağıntı səviyyəsi ilə yaşıl otlaqların böyüməsinə şərait yaradırsa, eyni şərait qış aylarında Aranda (düzən) bölgələrimizdə mövcuddur. Və bu da heyvandarlıq ilə məşğul olmaq üçün daimi rotasiyanın formalaşmasına, başqa sözlə desək, sosial-iqtisadi fəaliyyət növü kimi köçəri heyvandarlığın formalaşmasına gətirib çıxartmışdır.

Köçəri ailələri yaylaq və qışlaq otlaqları arasında ənənəvi köç yolları ilə ildə iki dəfə hərəkət edir, ilin 4 isti ayını yaylaqda, 7 soyuq ayını qışlaqda, 1 ayını isə sözügedən köç yollarında keçirirlər. Köç prosesi ildə 2 dəfə və hər dəfə 2 həftəlik müddətdə tamamlanır.

Azərbaycanda orta əsrlərdən bəri yaylaq və qışlaqlar arasında çoxlu köç yolları yolları mövcud olmuşdur. Onların bəziləri müxtəlif tarixi, siyasi, sosial-iqtisadi səbəblərdən tamamilə yox olmuş, bəziləri isə öz əhəmiyyətini böyük ölçüdə itirmişdir. Bəzi köç yolları iqtisadi əhəmiyyətini qoruyub saxlasa da, etnoqrafik və sosial-mədəni əhəmiyyətini itirmişdir.

Hal-hazırda ənənəvi köçəri heyvandarlıq əsasən Azərbaycanın şimalında Quba və Qusar rayonun dağlıq kəndləri və Şamaxı rayonunun bir qismi məşğul olur. Bu kəndlərin köçəri əhalisi yayda Böyük Qafqaz dağlarının yaylaqlarında yaşayır, qışda isə Aran bölgəsinə enərək orada qışlaqlayırlar. 1990-ci illərin əvvlərində I Qarabağ müharibəsində işğal olunan rayonlarımızın köçəri heyvandarlıqla məşğul olan əhalisi bu fəaliyyətə məcburən son qoymuşdur. 2020-ci ildə Vətən müharibəsində torpaqlarımızın azad olunmasından sonra Qarabağın dağlıq bölgəsində Kiçik Qafqaz dağlarının yay otlaq sahələrində yenidən köçəri sürülər az miqdarda da olsa görünməkdədir.

Azərbaycanda ənənəvi köçəri həyat tərzini, iqtisadi, sosial-mədəni və etnoqrafik xüsusiyyətlərini qoruyan köçəri ailələrinin bariz nümunəsi olaraq, Azərbaycanın şimalında tarixi Xınalıq kəndində yaşayan Xınalıq əhalisi göstərmək olar. Xınalıqlılar həm də milli azlıq olaraq yalnız Xınalıqda yaşayan və öz fərqli dili ilə seçilən unikal xalqdır. Onlar yaylaq və qışlaq heyvandarlığı ilə məşğul olaraq ilin yay aylarını Xınalıq kəndinin ətrafındakı yay otlaq ərazilərində, oktyabr-may aylarını isə Hacıqabul və Abşeron rayonları ərazisində qış otlaq ərazilərində keçirərirlər. Onlar 60 mindən çox qoyun sürülərini bu ərazilərdə saxlayır və həmin sürürlər ilə birlikdə uzunluğu 200 km olan ənənəvi köç yolu ilə ildə iki dəfə qışlaq və yaylaq arasında mövsümi miqrasiya edirlər. Onlar “Köç yolu” ilə 5 rayonun ərazisindən keçərək doğma kəndlərindən 200 kilometr uzaqda yerləşən qışlaqlarda ilin 7-8 ayını yaşayır və may ayında yaylaqlara və Xınalığa geri qayıdırlar.

Xınalıqlılar hər il 2 həftə müddətində Köç Yolunda miqrasiya edirlər. Köç prosesinin təşkili tarixən mövcud olan adət-ənənələrə uyğun aparılır. Köçdən bir neçə gün qabaq ailələr planlaşdırma edir, qruplara ayrılır və köç tədarükü görülür. Böyük sürürlərin bir-biri ilə qarışmaması üçün hər sürü arasında müəyyən məsafə buraxılır. Hər sürüdə adətən 5-6 ailə qruplaşır və bu ailələr adətən qohum və qonşulardan ibarət olur. Qrupun rəhbəri sürüsü sayca çox olan sahibkar olur, digər ailələr isə ona işçi çoban kimi qoşulurlar. Çobanların məvazibləri öz sürülərini sahibkarın otlaqlarında istifadə etməklə kompensasiya edilir. Əgər çoban ailəsinin sürüləri çox olarsa, çoban sahibkara müəyyən ödəniş edir. Yaxud əgər sürülər kifayət qədə deyilsə, sahibkar çobana müəyyən məbləğdə aylıq maaş ödəyir. Beləliklə, tarixən köçəri heyvandarlıqla məşğul olan ailələr arasında mövcud olan bu sosial-iqtisadi münasibətlər sağlam bir əmək münasibətlərini formalaşdırmışdır.

Qışlaqda keçən 7-8 ay müddətində köçəri ailələri kompakt şəkildə yaşayır. Onların evləri qazma ev adlanır. Qazma ev torpağın altında inşa edilən bir otaqlı palçıq və əhəng daşından tikilmiş evdir. Onun sadəcə damından bir pəncərəsi var. Hər bir qışlaqda təxminən 5-6 ailənin bir yerdə yaşaması üçün qazma evlər bir-birinə yaxın formada tikilir. Ailələr heyvandarlıqla yanaşı müxtəlif məişət işlərində də birgə fəaliyyət göstərirlər.

Yaylaqlar köçəri ailələrinin yaşadıqları kəndlərin ətrafındakı yay otlaq sahələrində sürülərin otarıldığı parsellərə deyilir. Yaylaqda çoban ailəsinin alaçığının qurulduğu və sürülərin gecələdiyi ərazi arxac adlanır. Arxacda sürülər gecələyir, qruplara ayrılır, sağılır, duzlaq yerdə duz yedizdirilir və s.

Köçəri heyvandarlıqla məşğul olan ailələrin əsasən yunçuluq və süd məhsullarına bağlı özünəməxsus məhsullar və fəaliyyətləri formalaşmışdır. Ümumiyyətlə, Azərbaycanda mövcud olan xalçaçılıq və yunçuluq sahəsinə bağlı sənətkarlıq nümunələri tarixən köçəri mədəniyyətinə bağlı inkişaf etmiş sahələr olmuşdur. Hal-hazırda, köçəri ailələr saxladığı qoyun sürürlərinin yunundan yun ip əyirir və müxtəlif geyim əşyaları toxuyurlar.

Nəticə olaraq, Azərbaycanda mövcud olan köçəri heyvandarlıq mədəniyyəti aşağıdakı fərqli xüsusiyyətləri özündə cəmləşdirir:

a) Azərbaycanda köçəri heyvandarlıq həmişə dağlıq və Aran bölgələri arasında yaylaq-qışlaq zonaları arasında vertikal miqrasiya ilə səciyyələnibdir.

b) Azərbaycanın köçəri çobanlar xaotik olaraq bütün istiqamətlərdə deyil, konkret marşrutlar üzrə hərəkət etmişlər.

c) Oturaq və köçəri insanlar arasında mal, təcrübə və bilik mübadiləsi bu ərazilərdə yaşayan insanların sosial-iqtisadi həyatında xarakterik xüsusiyyət olmuşdur.

d) Köçəri heyvandarlıqla məşğul olan çoban ailələrinin həmişə daimi yaşayış yeri olan kəndi – baza düşərgələri olub. Kənd, bir mənada, insanların istinad nöqtəsi olubdur. Yaşlılar, azyaşlı uşaqlar və xəstələr tez-tez kənddə qalırlar və heyvandarlıq işlərində iştirak etmirlər. Bu, həm də toy kimi ailə şənliklərinin keçirildiyi məkanlardır.