Oraq
Nümunənin reyestr kodu : DA0303010006
Azərbaycanın ənənəvi biçin аlət və vаsitələr kоmplеksi оrаq, çin, mərəndi, dəryаzdan ibarət idi. Əsas taxıl biçin alətləri çin və oraq olmuşdur. Forma və quruluşlarına görə bir-birinə oxşar olan oraq və çin arasında mühüm fərq ondan ibarət idi ki, çin dişli, oraq isə dişsiz düzəldilirdi. Çinin tiyəsi dəmirçi ustalar tərəfindən dişənir, oraq isə daş bülövlə itilənirdi. Orağın böyükölçülü növü “mərəndi” adlanırdı. Dəmir oraq meydana çıxandan sonra onun bəsit tipoloji növü olan “qurama” dişli oraqlar tədricən aradan çıxmışdır. Ot biçini üçün nəzərdə tutulan “kərənti” və ya “dəryaz”la ilə qısa bəlimli taxıl biçilirdi.
Bu alətlərdən biçinçilər istifadə edirdilər. Hər bir təsərrüfat öz əkin sahəsini öz qüvvəsilə biçərdi, iri təsərrüfatlar isə muzdlu fəhlə – biçinçi tutardılar. Biçinçilər yaxınlıq, yerlilik, qohumluq münasibətləri əsasında 4-10 nəfərlik dəstələrdə birləşərdilər, qazanılan məhsul razılaşmaya əsasən bölünərdi.
Qısadəstəli, yarımdairəvi oraq taxıl, qismən də ot biçinində istifadə edilirdi. Quruluşuna görə kiçik polad tiyədən və ağac sapdan ibarət olan orağın tiyəsinin arxa tərəfi ağac sapa geydirilir. Oraq “urak” adı ilə bir sıra türkdilli xalqlar arasında da yayılmışdır.
Əkinçilikdə biçin zamanı müxtəlif üsul və vasitələrdən istifadə edilirdi. “Arpanı ötür, buğdanı sütül” zərbi-məsəlinə əməl edən əkinçilər buğdanı vağamlamamış, yəni, tam yetişməmiş, sütül halda biçir, taxılın dərzini xaraya vurmamışdan günə verib qurudurdu. Bu yolla biçilən buğda itkisiz yığılır, çörəyi isə ətirli, tamlı olurdu. Arpa biçini bir az gecikdirilərdi. Empirik təcrübəyə görə, sütül biçilmiş arpa tez quruyur, quruduqda isə keyfiyyətini itirir.
Biçinçilərin xüsusi geyimi olmuşdur. Bu geyim dəridən tikilmiş uzun döşlük, qollara geydirilən dəri qolçaq, armud ağacından içi oyularaq hazırlanan “barmaqçıl”dan ibarət idi. “Barmaqçıl”dan biçin zamanı sünbülün qılçığının əlləri yaralamaması məqsədi ilə istifadə edirdilər. Biçinçi sağ əli ilə orağı, çini, yaxud bəndəmburanı tutur, “barmaqçıl” geydiyi sol əli ilə isə sünbüllərin gövdəsindən yapışaraq biçirdi. Biçin zamanı kökdən çıxarılan buğda və arpadan bəndəm hazırlanırdı. Biçində beş çəngə bir “gəmə” sayılır və bu gəmələrdən dərz bağlamaq üçün “bəndəm” yığılırdı. On böyük çəngədən bir “bafa”, on bafadan isə bir “dərz” bağlanılırdı. Hər on dərz isə bir “xara” sayılırdı. Usta biçinçi gün ərzində 70-80 dərz biçə bilirdi. Dərzlər xaraya yığılırdı, biçinçi ilə haqq-hesab (oraq haqqı) da çox zaman xaranın sayına görə aparılırdı. Əkin sahələrində biçilmiş dərzlər xaral ilə hesablanır, biçinçi ilə haqq-hesab xaralın sayına görə aparılırdı.
Taxılın biçilməsində olduğu kimi, çəltik biçinində də oraqdan, çindən, dəryazdan, Naxçıvan ərazisində isə bunlardan əlavə mərəndidən istifadə edilmişdir. Mərəndinin tiyəsi dişsizdir. Onun tiyəsi nisbətən iri olduğu üçün (1 m-ə qədər) onunla daha çox taxıl sahəsini biçmək olurdu. Əkin seyrək, alçaq və ya alaqlı olanda biçin zamanı dəryazdan istifadə olunurdu.
Azərbaycanda ən qədim dövrdən m.ə. I minilliyədək əsas biçin aləti daş oraqlar olmuşdur. Əksəriyyəti dəvəgözü daşından olan oraqlar ağac və sümükdən hazırlanırdı. Belə oraqlar Neolit, Eneolit və Tunc dövrünə aid yaşayış yerlərinin çoxundan tapılmışdır. Quraşdırma oraqlar həmin dövrlərdə biçində işlədilən daha xarakterik, həm də universal alət olmuşdur.
Azərbaycan ərazisində metal oraqlar Tunc dövründən yayılmağa başlasa da, bu dövrə aid oraqlara çox nadir hallarda təsadüf edilmişdir. Görünür bu, hər şeydən əvvəl, daş alətlərə hələ öz güclü təsirini göstərə bilməməsindən irəli gəlmişdir.
Metal oraqların biçində tətbiqi taxılçılığın intensiv inkişafı ilə bağlıdır. Qobustan qayalarının birində m.ə. II minilliyin ortalarına aid edilən biçinçi surəti və onun əlindəki alət görkəmi etibarilə son zamanlara qədər işlədilən çinlərə çox oxşayır. Tarixən metal biçin alətləri öz formalarına görə bir qədər təkmilləşsələr də, quruluşlarını əsasən saxlamışlar. Dəmir dövründə əkinçilik alətləri təkmilləşdirilməyə başlanmış, taxıl dəmir oraqla biçilmişdir. Həsənlidə qazıntı zamanı dəmir toxalar və dəmir oraq tiyələri tapılmışdır. Bu dövrdə dəmir tiyəli oraqlardan istifadə edilirdi.
Antik dövrə aid qazıntı zamanı torpaq və küp qəbirlərdə, habelə çiy kərpic türbələrdə dəmir oraqlar və biçində işlədilən oraq şəkilli bıçaqlar aşkar edilmişdir. Küp və katakomba qəbirlərindən, habelə Mingəçevirin ilk və orta əsrlərə aid məskənlərindən tapılmış dəmir oraqlar məlumdur. Albanlar qəbirə çox zaman ölü ilə birlikdə oraq və oraqşəkilli bıçaqlar, habelə xəncərlər, qılınclar və s. qoyurdular. Uzunboylar qəbiristanlığının (İsmayıllı) m.ə. III-II əsrlərə aid qəbirlərinin birindən 70 saxsı qab, altı nizə ucluğu, bir neçə oraq və bıçaq çıxmışdır. Eramızın I-II əsrlərindən isə xeyli miqdarda dişli oraqların olması əkinçilikdə, xüsusən biçin prosesində əmələ gələn tərəqqini təsdiqləyir. Bütün orta əsrlər boyu Azərbaycanda biçin alətləri dəmirdən hazırlanaraq taxılçılıqda geniş istifadə edilmişdir. XX əsrin əvvəllərinə qədər əkinçilikdə əsas biçin aləti çin və oraq olmuşdur.