Vəl
Nümunənin reyestr kodu : DA0303010005
Azərbaycanın ənənəvi əkinçilik аlət və vаsitələri kоmplеksinə aid edilən, tаxılın döyülməsində istifadə olunan vəl (dаş vəl, ağac vəl, cаrcаr) uzun inkişaf yolu keçmişdir. Qədimdən bəri öküz və ya ata qoşulmuş vəli xırmana sərilmiş taxıl dərzinin üzəri ilə sürütməklə onu döyüb hasilə gətirirdilər. Dənin xırmanda heyvanlar vasitəsilə döyülməsinin ən sadə və qədim üsulu xırmana tökülən taxılın üstündə qaramalın bir-birinə çatılaraq sürülməsidir. Digər bir qayda isə heyvanları xırmanın ortasında basdırılmış ağac dirəyə bağlayıb onun ətrafında hərləməkdən ibarətdir. Atla döyüm prosesində isə bir nəfər xırmanın ortasında duraraq atların boğazına ipi salıb xırman boyu dolandırır. Heyvanların hərəkəti taxılın dırnaqla döyülməsinə səbəb olur. Qədim zamanda bu qaydalardan bütün taxıl növlərinin döyülməsində istifadə edilmişdir. Lakin sonralar belə bir qayda ilə əsasən arpa, darı və çəltik döyülərdi. Döyüm prosesində taxılın yeyilməsi və korlanmaması üçün bəzən heyvanın başına “ağızlıq” keçirilərdi. Sürütmənin ən təkmil və geniş yayılmış növlərindən biri kimi vəl əsasən ağacdan, qismən də daşdan düzəldilirdi. Ağac vələ, adətən, bir boyun öküz və ya kəl, bəzən isə at qoşulurdu. Öküz və ya kəl, bir qayda olaraq, vəlin “almacıq” adlanan çıxıntısına boyunduruq, at isə gərdənbənd vasitəsilə qoşulurdu. Xırmanda atı ortada dayanıb uzun cilov vasitəsilə, öküz və kəli isə vəlin üstünə minməklə idarə edirdilər.
Vəlin böyük və kiçik, ağır və yüngül olması taxılın növü və iqlim şəraiti ilə bağlıdır. Dağ və dağətəyi bölgələrdə bir qayda olaraq vəllər iri və qalın olur ki, bu da döyüm prosesini nisbətən asanlaşdırır. Düzənlik ərazidə isə əksinə, taxılın daha quru olması ilə əlaqədar, vəllər yüngül və kiçik həcmli olurdu.
Universal döyüm aləti ağac vəl ağır və möhkəm oduncaqlı ağacdan, əsasən, palıddan düzəldilirdi. Yerli iqlim şəraitindən, taxıl növünün bəlimindən və qoşqu qüvvəsindən asılı olaraq, vəlin tay və qoşa olmaqla, quruluşca iki növünə təsadüf olunurdu. Vəl taylarının uzunluğu təxminən 1,5-1,7 m-ə qədər, eni 60-70 sm, qalınlığı isə 7-8 sm olurdu. Döyüm prosesini sürətləndirmək və məhsuldar etmək üçün vəlin işlək alt hissəsində açılmış gəzlərə xırda daş parçaları pərçimlənirdi. Bəzən bu daşları xırda metal parçaları ilə də əvəz edirdilər. Bu isə döyüm prosesini xeyli tezləşdirməyə imkan verirdi.
Vəlin qabaq hissəsi bir qədər yuxarıya doğru qatlanmış vəziyyətdə düzəldilirdi. Bunun sayəsində onun xırmanda hərəkəti nizama salınır və küləşin topalanıb bir yerə yığılmasının qarşısı alınırdı. Vəlin qabaq hissəsində “vəlbənd” adlanan düzbucaqlı formalı xüsusi çıxıntı düzəldilirdi. Vəli boyunduruğa qoşmaq üçün vəlbəndin kənarlarında kərt açılırdı. Vəlbəndə keçirilən ip və ya zəncir vasitəsilə vəl boyunduruğa birləşdirilirdi. Vələ, adətən, tək at və ya bir boyun öküz qoşulardı. Döyümü tezləşdirmək məqsədilə xırmanda bir neçə at və ya öküz qoşulmuş vəllər sürülürdü. Bəzən döyüm prosesində vəlin üstünə uşaq mindirilər və ya daş parçası qoyulardı. Qoşa vəllər döyümdə daha çox istifadə edilərdi.
Taxıl döyümündə vaxtilə daş vəldən də istifadə olunmuşdur. Daş vəl, əsasən, andezit- bazalt daşından hazırlanırdı. Onun uzunluğu təxminən 70-80 sm, eni 50-60 sm, qalınlığı 18-20 sm, ağırlığı isə 70-80 kq-a qədər olurdu. Daş vəlin alt işlək hissəsi çopur-çopur, nisbətən düz, üst hissəsi isə mərkəzə doğru balıq beli formasındadır. Öz ağırlığına görə ancaq heyvan qüvvəsi ilə işlədilməsi mümkün olan daş vəllərin baş hissəsində qayış, ağac və ya ip keçirmək üçün xüsusi göz olur ki, bu da həmin alətlə taxıl döyərkən öküz və kəldən istifadə edildiyinə dəlalət edir. Daş vəllərdən Azərbaycanın dağ və dağətəyi ərazisində geniş istifadə edilmişdir. Belə ki, təbii-iqlim şəraitindən asılı olaraq, bu rayonlarda yetişən taxıl növlərinin gövdəsi möhkəm və bərk olmaqla bərabər, dəni də qılçıqdan çətin ayrılır. Bunun üçün məhz ağır vəllər daha sərfəli və münasibdir. Ona görə bu ərazidə taxıl döyümündə əkinçilərin daş vəllərindən istifadə etməsinə onların çoxəsrlik təsərrüfat təcrübəsinin nəticəsi kimi baxmaq lazımdır.
Daş vəlin girdə növünə də təsadüf olunurdu. Qabırğalı formada yonulmuş girdə vəli hərəkət etdirmək üçün onun hər iki başında oyuq açılırdı. Daş vəlin ağac çərçivəsinin ox rolunu oynayan çıxıntıları həmin oyuqlara keçiriləndən sonra o, boyunduruq və ya gərdənbəndə qoşulurdu.
Arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, daş vəllər döyümdə təxminən m.ə. II minilliyin ikinci yarısından istifadə edilməyə başlanmışdır. Tunc dövründə xış əkinçiliyi inkişaf edir, taxıl döyümü zamanı artıq vəldən kifayət qədər geniş istifadə olunurdu. Azərbaycanda m.ə. II minilliyin sonlarına aid ağac vəl Xanlar rayonu ərazisində aşkar edilmişdir. Xanlar yaxınlığındakı kurqandan tapılan vəl Azərbaycan kəndlərində yaxın illərə qədər işlənən vəllərdən heç bir cəhətdən fərqlənmir. Vəl döyüm aləti əsrlər boyu öz quruluş və funksiyasını olduğu kimi saxlamışdır. Vəl XX əsrin əvvəllərində də əsas döyüm aləti olaraq qalırdı.