AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Nəsil-tayfa haqqında əfsanələr

Nümunənin reyestr kodu : FL0106010001

Nəsil-tayfa haqqında əfsanələr insanların əcdadları, nəslin bünövrəsini qoyan şəxs haqqında söylədikləri şifahi ənənəli mətnlərdir. Nəslin adlanması, yerdəyişməsi, məskunlaşaması, nəslin əsasını qoyan şəxs haqqında maraqlı məlumatları özündə ehtiva edən bu mətnlər yazılı ədəbiyyatın olmadığı dövrdə insanların öz keçmişlərini öyrənməsi üçün mənbə rolu oynamışdır. Belə əfsanələr regional səciyyə kəsb edir və əhalinin tayfa kimliyini qoruduğu bölgələr üçün xarakterikdir. Onların əsas daşıyıcıları tayfa mənsubları, nəslin nümayəndələridir.

Nəsil-tayfa haqqında əfsanələrin nağıllar kimi sabit strukturu, başlanğıc və final formulları yoxdur, amma bu onları digər janrlardan fərqləndirən əlamətlərin olmadığı anlamına gəlmir. Nəsil-tayfa haqqında əfsanələrdə baş vermiş hadisədən danışılması, hadisələrin cərəyan etdiyi yer və zamanın dəqiq göstərilməsi, bölgəyə xas coğrafi təsvirlərin yer alması onlara realistik səciyyə verir. Bununla belə, bu əfsanələrdə mifoloji görüşlərdən gələn bir çox təsəvvürləri, xalqın inanclarını, məskunlaşma sahəsində əldə edilmiş təcrübələrin izlərini görmək mümkündür.

Nəsil-tayfa haqqında əfsanələrdə tayfaların yerdəyişməsi, məskunlaşması haqqında məlumatlar daha ağırlıq təşkil edir. Nəsillərin və ya tayfaların yeni yaşayış yeri axtarmaları əslində onların bu əraziyə ilk gəlmələri ilə deyil, bəlli məkan daxilində yerdəyişmələrinin nəticəsidir. Əfsanələri təhlil etdikdə məlum olur ki, nəsil və tayfaların yerdəyişmə səbəblərinin başında qan davası gəlir. Məsələn, Laçın rayonundakı Hacısamlı, Bayramuşağı kimi bir çox nəsillərin məhz qan davası üzündən əvvəlki yaşayış yerlərini tərk etdikləri anlaşılır. Qanlıçılıqdan əlavə nəsillər arasındakı ədavət, yaşadıqları ərazinin darısqallığı, mal-qara saxlamaq üçün əl verməməsi də tayfaları yerdəyişməyə, yeni yaşayış yerləri axtarmağa sövq edən amillərdir.

Mətnlərdən aydın olur ki, tayfalar yeni yaşayış yeri seçərkən əsasən iki amilə – torpağın münbitliyi və təbii-coğrafi şəraitin əlverişliyinə diqqət yetirirlər. Torpağın münbitliyini yoxlamaq üçün fərqli üsullardan istifadə olunur ki, bunların arasında qazılmış torpağın çalaya tökülməsi, əraziyə buğda səpilməsi və ya çörək qoyulması kimi üsullara rast gəlmək mümkündür. Məsələn, Laçın rayonundan yazıya alınmış bir əfsanədə kor kişi oğlanlarına məskunlaşmaq istədiyi ərazini qazdırır, sonra qazılmış torpağı qaytarıb çalaya tökdürür. Torpaq həmin çalanı doldurmadığı üçün orada məskən salmağı məsləhət görmür. Həmin hadisəni başqa yerdə də təkrarlayır, qazılan torpaq çalanı dolurur, hələ bir qədər də artıq qaldığı üçün orada məskunlaşmağı məsləhət görür. Kəlbəcər rayonundakı Məmmədli nəsli haqqında əfsanədə isə ərazinin münbitliyinin yoxlanılması üçün torpağa buğda səpilir. Payızda ərazini yoxlamağa gəldikdə buğdaların yaxşı boy atdığı məlum olur, ondan sonra ərazidə məskunlamağa qərar verilir. Füzuli rayonunun Böyük Bəhmənli kəndində də ərazidə ova çıxmış şəxslər bir daşın üstünə çörək qoyurlar, bir neçə gündən sonra əraziyə gəldikdə çörəyin hələ də daşın üstündə qaldığını görüb həmin ərazinin bərəkətli olduğunu düşünürlər və orada məskunlaşmağa qərar verirlər. Bala Bəhmənli kəndinin əsası belə qoyulur.

Ərazinin təbii-coğrafi şəraiti də yaşayış yeri seçilərkən tayfaların diqqət yetirdiyi amillərdən biridir. Məsələn, bir əfsanədə ata bir oğluna qaratikanlıq sahədə, digər oğluna palıd meşələri ilə əhatə olunmuş ərazidə məskunlaşmağı məsləhət görür. Qaratikanlıq ərazi əkinçilik, palıdlıq ərazi isə mal-qara saxlamaq üçün əlverişli yer hesab olunur, qocanın yeni yaşayış yeri axtaran oğlanlarına verdiyi məsləhət də həmin təcrübəyə söykənir. Yaxud başqa bir mətndə gözləri yaxşı görməyən ata oğlanlarına məskunlaşmaq istədikləri ərazidən ona məlumat vermələrini istəyir. Oğlanları ərazini təsvir edirlər. Meşələrində vələs, palıd, cökə, ağcaqayın ağaclarının bitdiyini, dağlarında qaymaqçiçəyi, maralçiçəyi, lüləpər çiçəklərinin olduğunu xəbər verirlər. Ərazinin həm dağlıq, həm də aran hissədən ibarət olduğunu öyrənən ata oğlanlarına orada məskən salmağı məsləhət görür.

Hər bir şəxs özünün yeddi arxa dönəni tanımalıdır. Bu gün də müəyyən kəndlərdə maraqlı insanlar tərəfindən öz nəsil ağacını bərpa etmək cəhdlərinin olması xalqın öz soykökünü bilmək, tanımaq istəyinin bir təzahürüdür. Öz soykökünə, tarixinə düşkünlük nəsil-tayfa haqqında əfsanələrin yaranmasını tətikləyən amillərdən biridir. Belə əfsanələr tayfa münasibətlərinin güclü olduğu bölgələrdə, xüsusən də Qarabağ və ətraf rayonlarda daha geniş yayılmışdır. Təsadüfi deyil ki, əhalinin tayfa kimliyini qoruduğu bu bölgədən kəbirli, avşar, bəhmənli, boyəhmədli, təhlə, sirik və sair tayfalara dair maraqlı əfsanələr toplanmışdır.