İrəvanda xal qalmadı
Nümunənin reyestr kodu : FM0203010002
Azərbaycanın tarixi bölgəsi olan İrəvanla bağlı yaranmış xalq mahnısıdır. 20-ci yüzilin əvvəllərində xanəndə Cabbar Qaryağdıoğlunun ifasi ilə ikinci nəfəs qazanan mahnı qısa vaxtda böyük şöhrət tapmışdır. Mahnının yaranması ilə bağlı belə bir rəvayət söylənilir ki, İrəvan şəhərinin varlı sakinlərindən biri Cabbar Qaryağdıoğlunu oğlunun toyuna dəvət edir. Toyun axırıncı gecəsində Qaryağdıoğlu adətə görə bəyə tərif deyir. Təkcə bəyi təriflənməsindən narazı olan qızın atası qızına da tərif deyilməsini xahiş edir. Qaryağdıoğlu toyda bəyə tərif deyilməsinin bir adət olduğunu desə də, qızın atası ondan əl çəkmir. Qaryağdıoğlu qıza tərif demək üçün onun əlamətlərini xəbər alır. Qızın üzündə qoşa xalı olduğu öyrənən ustad sənətkar orada bədahətən “İrəvanda xal qalmadı, o nə xaldır, qoşa düzdürmüsən” nəqəratlı mahnını oxuyur. Mahnıdan bəhs edən Flora Xəlilzadə, Arif Hüseynov, Təranə Vahid və digərləri belə bir hadisəsinin yaşandığını və Cabbar Qaryağdıoğlunun həmin məclisdə Qurban Pirimov və Məşədi Qulu ilə birlikdə iştirak etdiyini təsdiqləyirlər.
Şifahi ənənədə mahnının sözləri ilə bənzərlik təşkil edən nümunələrin mövcudluğu, həmçinin “bu xal nə xaldır” misralı kərkük mahnısının olması vaxtilə xalq arasında belə bir mahnının mövcud olduğunu göstərir. “İrəvanda xal qalmadı” mahnısı da həmin mahnının Cabbar Qaryağdıoğlu tərəfindən ustalıqla interpretasiya edilməsi nəticəsində meydana gəlmişdir. Başqa sözlə, Cabbar Qaryağdıoğlu yeni bir mahnının sözlərini “yazmamış”, yeni mahnı bəstələməmiş, sadəcə məlum mahnının yadında qalan bəzi parçalarını təkrar edərək ifa etmişdir.
Mahnının səs yazısı C.Qaryağdıoğlunun ifasında günümüzə qədər gəlib çatmayıb, amma 60-cı illərdə onu Xan Şuşinski “İrəvanda xal qalmadı” adı ilə oxuyub və lentə yazdırıb. Həm də deyilənə görə, Xan Şuşinski C.Qaryağdıoğlunun oxuduğu varianta dəyişiklik etməyib. Daha sonra Bülbül, Seyid Şuşinski, Əbülfət Əliyev, Yaqub Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu, Qədir Rüstəmov, Eynulla Cəbrayılov, Elmira Rəhimova, Elmira Məmmədova, Qəndab Quliyeva, Səmayə İsmayılova və başqa müğənnilər bu mahnıya müraciət ediblər.
Mahnı duet şəklində, sevgililərin deyişməsi formasında yazılsa da, müğənnilər onu daha çox solo şəklində ifa ediblər. Mahnının duet şəklində ifasına isə təsadüfi hallarda rast gəlinir. Duet ifalar arasında Baba Mahmudoğlu və Elmira Məmmədovanın, Ehtiram Hüseynov və Güllü Muradovanın, Zakir Əliyev və Elnarə Abdullayevanın duetləri daha yadda qalandır.
Xanəndələr mahnının mətninə müəyyən misralar, bəndlər əlavə etməklə sonralar onda müəyyən dəyişikliklər ediblər. Buna baxmayaraq, ilk variantda mahnının mətninin aşağıdakı sözlərdən ibarət olduğu ehtimal olunur:
Oğlan: – İrəvanda xal qalmadi,
O xal nə xaldır, qoşa düzdürmüsən?
De görüm, nə xaldır, qoşa düzdürmüsən?
Daha məndə hal qalmadı,
O xal nə xaldır, qoşa düzdürmüsən?
Qız: – Xal mənim, yar mənim, ixtiyar mənim,
Xalxa nə borcdur, qoşa düzdürmüşəm?
Yarım deyibdir, qoşa düzdürmüşəm…
Oğlan: – İrəvanda gəzən gözəl,
O xal nə xaldır, qoşa düzdürmüsən?
De görüm, nə xaldır, qoşa düzdürmüsən?
Ürəyimi üzən gözəl,
O xal nə xaldır, qoşa düzdürmüsən?
Qız: – Xal mənim, yar mənim, ixtiyar mənim,
Xalxa nə borcdur, qoşa düzdürmüşəm?
Yarım deyibdir, qoşa düzdürmüşəm…