Kömbə
Nümunənin reyestr kodu : ST0901020002
Kömbə ocaq qorunda bişirilən ən qədim çörək növlərindən biridir. “Azərbaycan etnoqrafiyası” kitabında arxeoloji materiallara söykənilərək yazılır ki, qədim insanlar çörək bişirmək üçün çalarlarda ocaq çatar, sonra onun kül və közünü təmizləyib yoğrulmuş xəmir kündəsini qızmış çalaya qoyar, üzərinə ocaq közü tökərdilər. Bu sadə çörəkbişirmə qaydası son zamanlara qədər qalmış, el-obada kömbə adlandırılmışdır. Bu cür ibtidai üsulla bişən çörək həm də külləmə adı ilə tanınmışdır.
Kömbə eyni zamanda mərasim yeməyidir, Xıdır Nəbi və Novruz bayramlarının əsas atributlarından biri sayılır. Bununla əlaqədar onun Xıdır Nəbi, Novruz kömbəsi kimi müxtəlif növləri vardır.
Xıdır Nəbi kömbəsi qış yarı olanda, yəni fevralın birinci on günlüyündə Xıdırın gəlişi münasibəti ilə bişirilən çörək növüdür. Xıdır Nəbi kömbəsinin xəmiri süd və yağda yoğrulur, içinə imkana görə kimi kişmiş, kimi qoz-fındıq əlavə edir. Xıdır Nəbi kömbəsi təndirdə bişirilir. Təndir qalanır, köz düşəndən sonra közün ortası oyulub kömbə külün altına qoyulur, üstünə bir az kül səpilir, külün də üstündən köz qoyulur. Bişəndən sonra qıpqırmızı olan kömbə dilimlərə bölünüb ailə üzvləri arasında paylanır. Xıdır Nəbi kömbəsindən, adətən, iki dənə bişirilir, biri ailə üzvləri arasında yeyilirsə, digəri qohum-qonşuya paylanır.
Xıdır Nəbi kömbəsini hazırlayanda içinə kimi göy muncuq, kimi düymə qoyur. Həmin göy muncuq və ya düymə kimin qismətinə çıxsa, Xıdır Nəbinin gecə onun yuxusuna girəcəyi və onun arzusunu gerçəkləşdirəcəyinə inanılır. Zəngilan rayonunun Gilətağ kəndində Xıdır Nəbi kömbəsinin içinə qəpik qoyulur. Eynilə burada da kömbəni bişirmək üçün ocağın külü sivrilib qırağa yığılır, daha sonra kömbə yerə qoyulub üstü küllə örtülür, ocağın qalan közü də külün üstünə yığılır. Kömbənin iyi çıxdıqda artıq onun bişdiyi bilinir. Kömbə əllə bölünüb ailə üzvləri arasında paylanır. Həmin qəpik hansı qızın qismətinə çıxsa, onun tezliklə ərə gedəcəyinə, oğlanın qismətinə çıxsa, onun varlı olacağına inanılır.
Eyni kömbə Novruz qabağı – ilaxır çərşənbədə də bişirilir, bununla əlaqədar Novruz kömbəsi kimi tanınır. Bişirilmə qaydası eynidir, sadəcə olaraq onun hazırlanmasında istifadə olunan ərzaqlar müxtəlif ailələrdən yığılır. Kömbə bişirildikdən sonra dilimlənir, göy muncuq kimin qismətinə çıxsa, növbəti il Novruz kömbəsini o bişirir. Yeniyetmə qızlar Novruz kömbəsini bəxtlərini sınamaq üçün bişirərdilər. Belə ki, yeniyetmə qızlar ilaxır çərşənbədə xəlvəti kömbə yoğurardılar, çərşənbə ocağının külündə basdırmaq üçün balaca bir uşağa verərdilər. Sabah tezdən külün içərisində həmin kömbəni axtarardılar, kömbəni kim tez tapsa, onun qismətinin tez açılacağına inanılardı.
Xıdır Nəbi kömbəsinin hazırlanma təcrübəsi bu gün də yaşadılır, sadəcə olaraq əvvəlki illərdəki kimi təndir külündə deyil, elektrik peçində bişirilir.