AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kürdün ağırı

Nümunənin reyestr kodu : FM0401020012

“Kürdün ağırı” – üç hissəli rəqs yallısıdır. “Tənzərə”, “Tello”, “Gopu” və digər yallılar kimi Şərur rayonunun ən populyar yallılarından sayılır. Ədalət Kərimlinin yazdığına görə, bölgədə yaşayan kürdlər arasında bəzi yallı növləri ifa olunsa da, həmin yallılar ancaq onların özünə məxsus olub. “Kürdün ağırı” yallısı isə adında “kürd” ifadəsinin olmasına baxmayaraq ancaq azərbaycanlılar arasında oynanılıb.

Şur ladında səslənən “Kürdün ağırı” yallısının birinci hissəsi 4/4 (andante), ikinci hissəsi 3/4 (allegro), üçüncü hissəsi isə 6/8 vəzn ölçülərində (presto) nota alınıb.

“Kürdün ağırı” yallısını həm kişilər, həm də qadınlar oynayırlar. Çox vaxt kişilər ayrı (yallıbaşının əlində çubuq olur), qadınlar ayrı (yallıbaşının əlində yaylıq olur) sıraya düzülürlər. Bəzən də ardıcıl – bir qadın bir kişi olmaqla sıraya düzülürlər. Yallı Şur muğamının həzin musiqisi ilə başlayır. Muğamın sədaları altında hamı sıraya düzülür. İfaçılar çeçələ barmaqları ilə çiyin səviyyəsində bir-birindən tutaraq rəqs edirlər. Yallı iki variantda ifa olunur. Bütün variantlarda 1-ci hissədə hər gediş bir hərəkətdən, 2-ci hissədə isə iki hərəkətdən ibarətdir.