Köçəri
Nümunənin reyestr kodu : FM0401020006
“Köçəri” – iki hissəli, hərəkətlərinin çətinliyi ilə seçilən, ona görə yalnız kişilər tərəfindən oynanılan yallı nümunəsidir. Rəqs heyvandarlıqla məşğul olan, öz mal-qara sürülərini yayda yaylağa, qışda isə arana apararaq köçəri həyat tərzi keçirən tayfalara həsr edildiyi üçün “Köçəri” adlandırılıb. Naxçıvan yallılarının araşdırıcısı musiqişünas Əqidə Ələkbərova “Naxçıvan zonasının yallı rəqsləri” mövzusunda yazdığı dissertasiya işində “Köçəri” yallısının bölgədə 10 variantının olduğunu qeyd edirdi.
Naxçıvan bölgəsində bu yallının iki variantda musiqi ifası mövcuddur. Segah ladında səslənən hər iki variantın birinci hissəsi 2/4 ölçüdə (andante), ikinci hissəsi isə 6/8 ölçüsündə (presto) nota alınıb.
“Köçəri” rəqsi iki hissədən ibarətdir və bu hissələr hərəkətlərin tempinə görə bir-birindən fərqlənir. Birinci hissə asta, ikinci hissə isə sürətli hərəkətlərdən ibarətdir. Rəqs zamanı yallıbaşı əlində çubuq tutur ki, həmin çubuq oyunçuları cəzalandırmaq üçün deyil, rəqs xarakterlidir. Ritmik səciyyə daşıyan “Köçəri” rəqsi balaban (bəzən zurna) və nağaranın müşayiət ilə oynanılır.
Köçəri rəqsi əsasən Naxçıvanda geniş yayılıb. Ermənistan ərazisində yaşayan azərbaycanlılar tarixi torpaqlarından deportasiya olunmamışdan əvvəl bu rəqs onlar arasında da olduqca populyar idi. Hazırda bu rəqs Şərur, Sədərək, Kəngərli, Culfa və Şahbuz rayonlarının folklor kollektivlərinin repertuarına daxil edilərək nümayiş etdirilir və toy şənliklərinə xüsusi rövnəq verir.