AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kuf oyunu

Nümunənin reyestr kodu : FO0103000002

Azərbaycanda vaxtilə çox geniş yayılmış Kuf oyunu Ağdaş rayonunun Kürqırağı kəndlərində Surmançaq, Cəbrayılda Usuncaq, Füzulidə Uçuncaq, Qubadlıda Kuf, Zəngilanda Kuf, Kufyelli, Şərikan kəndində Yellənküp adı ilə tanınır. Kuf oyunu Qarabağda Novruz bayramının ayrılmaz bir elementi olmuş, vaxtilə hər ilin axır çərşənbəsində oynanmışdı. Zəngilan rayonunun Zəngilan kəndində bu oyun axır çərşənbədən başlayıb martın axırlarına qədər davam etmişdi. Ağdaş rayonunda isə qız gəlin köçən ərəfədə oynanmışdı.

Ağdaş rayonunun Pirəzə kəndində bu oyun ya gəlin köçən qızın həyətində, ya da Kür qırağındakı meşədə təşkil olunardı. Kənd sakini Şükufə Məmmədovanın dediyinə görə, bacısı qızını gəlin köçürərkən həyətdəki ağaclardan birində yelləncək qurmuş və bacısı qızının yoldaşlarının iştirakı ilə belə bir oyun təşkil etmişdi. Qarabağ zonasında isə ya açıq havada, ya da dam evlərində təşkil olunardı. Dam evində təşkil olunanda damın bacasından lom, ya ağır dəmir atılar, oradan kəndir asıb yellənərdilər. Açıq havada təşkil olunan zaman möhkəm ağacların – qoz, ərik və s. budaqlarından kuf asılardı. Zəngilan kəndində isə oyun kolxozun tut bağında oynanılardı.

Yelləncəkdə ayaq üstə və ya oturaraq yellənərdilər. Ayaq üstə yellənəndə bir ayaq yelləncəyin üzərində, o biri ayaq isə havada boş qalardı. Yellənən şəxs boş qalan ayağı vasitəsilə təkan verərək yelləncəyi hərəkətə gətirərdi. Oturub yelləndikdə isə qolu güclü bir şəxs onu yellədərdi. Qızları yellədən şəxs onların öz aralarından seçilər və əlində çubuq qızlardan sevdiyi oğlanın adını deməsini tələb edərdi. Qızlar demək istəmədikdə, əlindəki çubuqla onu vurub oğlanın adını deməyə məcbur edərdi. Yelləncəkdə müxtəlif mahnılar oxunardı. Məsələn, Pirəzə kəndində qızları yellədən şəxs onların istədiyi oğlanın adını öyrəndikdə, həmin oğlanın adına yaraşdırdığı bayatını oxuyardı.

Oğlan, adın Həmiddi,

Dağlara gün dəyibdi.

Sən verən qızıl üzük

Hindidən qəfləyibdi.

Oyun zamanı oxunan mahnıların sözləri nişan, evlilik və sevgi ilə bağlı idi. Zəngilan rayonunun Yeməzli kənd sakini Laləzar Qurbanovanın dediyinə görə, kufda uçan qızı həvəsləndirmək üçün deyərdilər ki, yaxşı yellənsən, səni filankəsə nişanlayacağıq.

Kuf oyunu keçid dövrü mərasimlərinin (Novruz bayramı, qızların gəlin köçməsi və s.) ayrılmaz parçası olmuşdu. Çərşənbə axşamı kufda yellənən qızın bəxtinin açılacağına inam, kufdan yıxılan qızın taleyinin pis gəlməsi haqqında yaşlı insanların verdiyi məlumatlar bu oyunun bir ritual olduğunu deməyə əsas verir. Sadəcə, mifoloji mənası unudulduğu üçün günümüzdə oyun kimi yaşadılır.

Kufda yellənən qızların mərcləşərək ən yüksək budaqdan çiçək qoparmaları, ən hündürə qalxan şəxsin kənddə ad-san çıxarması kimi detallar əslində burada bir sınağın olmasına işarədir. Qızların bu sınağı keçməsi onun adaxlı adını almağa layiq olduğunun bir göstəricisidir. Buna əsaslanaraq demək olar ki, yelləncək bir mərhələdən digər mərhələyə keçidi simvolizə edir. Bu keçid yerlə göy arasında, insanın ətraf amillərin təsirindən azad olduğu yerdə baş verə bilərdi. Kuf insanlara bu cür təcrid olunma üçün ideal şərait yaradır.

Digər ritual fəaliyyət növləri kimi Kuf oyunu da çoxmənalı və çoxfunksiyalı səciyyə daşıyır. İntim-nikah anlamı onun ifadə etdiyi mənalardan biridir, oyunun digər mənası təsərrüfat fəaliyyəti ilə bağlıdır. Zəngilan rayonunun Şərikan kəndində “Padşah oyunu” zamanı padşah seçilən şəxs öz zövcəsi ilə mağarın önündə qurulmuş yelləncəkdə yelləndikdən sonra məclisə daxil olardı. Bu fəaliyyət yelləncəyin məhsuldarlıq funksiyasından qaynaqlanır və ilin uğurlu keçəcəyinə, əkinin məhsuldar olacağına inamdan irəli gəlir.