Mərasim oyunları
Nümunənin reyestr kodu : FO0103000001
Azərbaycan xalqının həyatında təqvim mərasimləri xüsusi yer tutur. Əvvəldən axıra qədər bayram əhval-ruhiyyəsində keçirilən bu mərasimlər müəyyən oyunlar, mahnılarla müşayiət olunur. Mərasim oyunları dedikdə, mərasimin ayrılmaz parçası olan oyunlar nəzərdə tutulur. Azərbaycan folklorunda “mərasimdaxili oyunlar” kimi də təqdim olunan bu oyunlar funksiyasına, ritual anlamına, mərasimlə bağlılığına görə digər oyunlardan fərqlənir. Mərasim oyunları, müəyyən təqvim dövrləri ilə bağlıdır, ilin müəyyən fəsillərində, müəyyən mərasimlərin icrası zamanı oynanır. Bu oyunlar təkcə əyləndirici funksiya daşımır, xalqın dünyagörüşünü, dini, əxlaqi təsəvvürlərini özündə əks etdirdiyi üçün müəyyən rəmzi məna daşıyır, burada istifadə olunan əşyaların, oyun ləvazimatlarının, hərəkətlərin özünün müəyyən simvolik anlamı vardır. Məsələn, yellənmək xalq təfəkküründə bir tərəfdən qızları, yaxud gəncləri evlənməyə sövq edən, onların ailə qurmaq yaşına qədəm qoyduqlarını stimullaşdıran, digər tərəfdən məhsuldarlığı artıran magik vasitə kimi qavranır ki, “Yelənni” oyununda hər iki funksiyaya rast gəlmək mümkündür.
Mərasim oyunlarının bir qismi yaş fərqi olmadan toplumun bütün fərdləri tərəfindən oynanır. Məsələn, Novruz bayramı ərəfəsində oynanan “Yumurta döyüşdürmək” böyük-kiçik gözlənilmədən hamı tərəfindən oynanır. Amma “Yelənni”, “Gərdəkqaçırma” kimi bəzi mərasim oyunları isə yalnız müəyyən yaş qrupuna məxsus adamlar tərəfindən oynanır. Məsələn, “Yelənni” oyunu Azərbaycanın bir çox bölgələrində yalnız qadınların iştirakı ilə oynanmış, oğlanlar isə bu oyunu ya kənardan seyr etmiş, ya da ümumiyyətlə, oyuna yaxın buraxılmamışlar. “Gərdəkqaçırma” oyununu isə at çapmaq bacarığı olan xüsusi hazırlıqlı oğlanlar oynamışlar.
Daşıdığı ritual mahiyyətdən asılı olaraq bu oyunların bir qismi fərqli mərasimlərin tərkibində də oynana bilir. Məsələn, “Yelənni” oyunu Qarabağ zonasında Novruz bayramında – qışdan yaza keçid dövründə oynanırsa, Ağdaş rayonunda qız toyu ərəfəsində oynanır.
Mövsüm və ya məişət mərasimləri ilə bağlı olduğu üçün mərasim oyunları iki qrupa ayrılır: 1. Mövsüm mərasimləri zamanı oynanan oyunlar; 2. Məişət mərasimləri zamanı oynanan oyunlar.
Mövsüm mərasimləri içərisində, əsasən qış və yaz dövründə oynanan oyunlar xüsusi aktivlik kəsb edir. Maraqlıdır ki, yazın gəlişi yalnız təbiətin oyanması ilə müşahidə olunmur, bu dövrdə cəmiyyətdə də bir canlanma gedir və bu canlanma bir çox oyunların aktivləşməsində özünü göstərir. Bu oyunlarla təbiətin dirilməsi, qışın ölməsi simvolik şəkildə ifadə olunur. Qış-yaz fəslində oynanan əsas oyunlar bunlardır: “Xıdır Nəbi”, “Yumurta oyunu” (bu oyunun bir neçə növü məlumdur: yumurta döyüşdürmə, sıraya qoyma və yumurta diyirlətmə), “Yelənni” və s. Bundan əlavə, “Kəvsəc”, “Kosa-gəlin”, “Kosa-kosa” oyunları da bu qrupa daxil edilir.
Məişət oyunları içərisində isə toylarda oynanan oyunlar xüsusilə seçilir. Vaxtilə Azərbaycan toyları adət-ənənə baxımından xeyli zəngin olmuş, rəqs və çalğıdan əlavə, burada müxtəlif oyunlardan da istifadə olunmuşdu. Müasir dövrümüzdə Azərbaycanın bəzi bölgələrində keçirilən toylarda həmin oyunların çox az qisminə rast gəlinir. “Zopugetmə” oyunu Qubadlı rayonunda bəzi toylarda yaşadılmaqdadır. “Zopugetmə”dən əlavə, “Toy güləşi”, “Gərdəkqaçırma” kimi oyunlar da cəmi 30 il əvvəl Azərbaycan toylarının ayrılmaz bir parçası olsa da, bu gün bəzi bölgələrdə yaşadılır.