AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şimal qrupu şivələri

Nümunənin reyestr kodu : DA0106040001

Azərbaycan dilinin Dərbənd, Tabasaran, Quba, Qusar, Xaçmaz, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ şivələrini əhatə edən qıpçaq tipli Şimal qrupu dialekt və şivələri Azərbaycan ədəbi dili ilə müqayisədə fonetik, leksik və qrammatik səviyyədə müəyyən səciyyələndirici əlamətlərə malikdir. Bir çox xalqlarla (ləzgi, laz, avar, qrız və s.) qonşuluqda yaşayan bu şivə daşıyıcılarının nitqindəki başlıca dialektoloji əlamətlər bunlardır:

Fonetik səviyyədə. Bir-birinə yaxın məxrəcdə tələffüz olunan ei səslərinin işlək olması bu şivələrdə, xüsusilə kök morfemlərdə qapalılaşmaya və dilönülüyə meylin olduğunu, ou səslərinin dəyişmə paralelliyi isə ikili dialektal əlamətin inkişaf etdiyini göstərir. Məsələn,

‒ sözdə dilortası yarımqapalı e saitinin aktiv olması: qeyin ʻqayınʼ, qeymağ ʻqaymaqʼ, beyquş ʻbayquşʼ, devşan ʻdovşanʼ, et ʻətʼ, men ʻmənʼ, sen ʻsənʼ, ineg ʻinəkʼ, yeşmağ ʻyaşmaqʼ və s;

‒ dilönü qapalı i saitinin işlək mövqedə olması: çirpi ʻçırpıʼ, ildirim ʻildırımʼ, yiğnəğ ʻyığnaqʼ, siğin ʻsığınʼ, yaşil ʻyaşılʼ, çirpinmax ʻçırpınmaqʼ və s.

‒ dilarxası qapalı-dodaqlanan u saitinin geniş yayılması: suğan ʻsoğanʼ, çuban ʻçobanʼ, yul ʻyolʼ, yuğun ʻyoğunʼ, xatun ʻxatınʼ, çumağ ʻçomaqʼ, udun ʻodunʼ, qunmax ʻqonmaqʼ və s.

‒ dilarxası dodaqlanan açıq o saitinin işlək olması: doz ʻduzʼ, tuloğ ʻtuluqʼ, boz ʻbuzʼ, qorbağa ʻqurbağaʼ və s.

Bu şivələrin samit sistemində ƞ (sağır nun) samitinin işlənməməsi, yaxud zəif şəkildə müşahidə olunması da səciyyəvi əlamətdir. Dilarxası qk' samitləri bu şivələrin başlıca xüsusiyyəti kimi qeydə alınmışdı: k'ar ʻkarʼ, inak' ʻinəkʼ, k'ağız ʻkağızʼ, qun ʻgünʼ, qoq ʻgöyʼ, k'ant ʻkəndʼ və s. Müşahidələr göstərir ki, şimal qrupu dialekt və şivələrində ikilik vardır. Belə ki, regionun Tabasaran, Dərbənd, Quba, Qusar, Xaçmaz hissəsində şərq qrupu dialekt və şivələrinin, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ hissələrində isə qərb qrupu dialekt və şivələrinin, hətta cənub qrupu dialekt və şivələrinin də əlamətləri özünü göstərir. Azərbaycan dilinin Ağdaş şivələri isə şimal-qərb və qərb qrupu şivələri arasında keçid rolu oynayır. Habu, ho, hu işarə əvəzlikləri, yönlük halda mağa, sağa şəklində işlənən şəxs əvəzlikləri, şəkilçi morfemlərdə qalınlaşmaya doğru ahəng pozulması (yimağ, ʽyeməkʼ, yiyağ, ʽyeyəkʼ) bu şivələrin əlamətləri kimi qeydə alınmışdı. Bu şivələrin şəkilçi morfemlərində şərqə doğru incələşmə (yatmamaliyük, aparmalıyik), qərbə doğru qalınlaşma (yiyağ, ʻyeyəkʼ, getmiyağ ʻgetməyəkʼ, getməlisuz, işliyəsiyux) prosesinin olması ahəng pozulması kimi qeydə alınmışdı.

Qrammatik səviyyədə. Şimal qrupu dialekt və şivələrini səciyyələndirən bir çox qrammatik əlamətlər vardır:

‒ nəqli keçmiş zamanda səciyyəvi morfoloji və sintaktik formaların olması: alıtdı ʻalıbdıʼ, saxlayutdu ʻsaxlayıbdıʼ, diyə olmısan ʻdemisən / demişsənʼ, baxa ulutdu ʻbaxıbdıʼ, gəlib var ʻgəlibdiʼ;

‒ indiki zamanda səciyyəvi morfoloji və sintaktik formaların olması: qaynıya durur ʻqaynayırʼ, ala uladım ʻalıramʼ, gidə varuğ ʻgedirikʼ;

‒ təyini söz birləşmələrinin mənsubiyyət şəkilçisi olmadan formalaşması: menin qöz, senin uşağ, süzün dayı, unu dəftər, uların qiz və s.

Leksik səviyyədə. Şimal qrupu dialekt və şivələrində bir çox leksik vahidlər işlənir ki, bunlar dilimizin qədim leksik qatını təşkil edir: qazığ ʻpayaʼ, tavuş ələmağ ʻçağırmaqʼ, yibərmağ / yəbərmağ ʻgöndərməkʼ, qabağ ʻalınʼ, qadzu / qadzul ʻtaxta qaşıq; külüngʼ, quqqumay / kikgimo ʻbayquşʼ, qad ʻcins qoyunʼ, quştuqur ʻpəhləvanʼ və s.