AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Holavarlar

Nümunənin reyestr kodu : FM0201030001

Ötən əsrdə aparılmış folklor araşdırmalarında əmək nəğmələri adı ilə təqdim olunan holavarlar əslində müəyyən bir mərasimlə və ya dünyagörüşlə bağlıdır. Füzuli Bayatın yazdığına görə, oturaq həyatın simvolu olan öküz və kotan haqqındakı nəğmələr ilk əkinə başlamaq münasibətilə oxunan ritual xarakterli mətnlərdir və təməlində bolluq, bərəkət anlayışları vardır. İlk işə başlamanın bayram edilməsini nəzərdə tutan bu mətnlər sonralar iş prosesinin tərkib hissəsinə çevrilmişdi.

Məzmununa görə holavarlar üç qrupa ayrılır: 1) Əkinçinin arzu və istəklərini tərənnüm edən holavarlar; 2) İş heyvanlarını tərənnüm edən holavarlar; 3) Cütçünü tərənnüm edən holavarlar. Əkinçinin arzu və istəklərini tərənnüm edən belə nəğmələrdə ağır əmək şəraiti, bol məhsul arzusu, xoş gün-güzəran istəyi ifadə olunur:

Torpağa atdım tumu, broy,

Göyər səmənim, broy.

Döyək səməni, broy,

Broy, broy, broy...

Holavarların çoxu iş heyvanları haqqındadır. Öküz, kəl, hodaq deyə müraciət olunan iş heyvanı əkinçinin çiyin yoldaşı və ümid yeridir. Holavarlarda əsas təsvir obyekti əkinçinin özüdür. Bu nəğmələrdə zəhmət adamının taleyi öz əksini tapır.

Holavarlar şum zamanı hodaqçılar tərəfindən iş prosesini yüngülləşdirmək, heyvanları işə həvəsləndirmək məqsədilə oxunurdu. Elmi ədəbiyyatda holavarların mövzusunun yalnız işlə, əmək prosesi ilə bağlı olduğu söylənir, amma son illər qeydə alınmış nümunələr, söyləyici məlumatları bunun əksini sübut edir. Müşahidələr göstərir ki, holavarlar müxtəlif məzmunda olur, işlə, əməklə bərabər, həm də onu oxuyan səxsin dərdini, acısını ifadə edir.

Vaxtilə əkin sahəsi altı boyun öküzlə sürülürdü. Cütü sürən dörd nəfər olurdu: biri majı tutur, üçü isə öküzləri sürürdü. Öndəki öküzlərin belində oturana qabaq, ortada oturana tərəzi, axırda oturana isə ambul sürən deyirdilər. Qabaqda oturan öküzləri sağa-sola döndərir, arxada oturanlar isə heyvanları qamçı ilə vurub kotanı çəkməsini saxlayırdılar. Holavarlar növbə ilə oxunur, bəzən də bir tərəfdən majı tutan, o biri tərəfdən ambul sürən holavarlayar və səs səsə qarışardı.

Qara kəlim naz eylər,

Quyruq bular, toz eylər.

Ay qaranlıq gecədə

Kotanı pərvaz eylər.

Holavarların özünəməxsus oxu tərzi var. Onların ifasında musiqidən istifadə olunmur, amma öküzlərin hərəkəti və işin tempinə uyğun olaraq müəyyən avazla oxunur. Bu oxu tərzi xalq arasında holavar çəkmək və ya holavarlamaq adı ilə tanınır. Tədqiqatçıların fikrincə, ilkin holavarlar forma və məzmunca çox bəsit olmuş, heyvanları səsləmək üçün istifadə olunan “hoo... hoo...”nun arasıkəsilmədən təkrarından ibarət olmuş, sonralar daha mürəkkəb holavarlar yaranmışdı. Yazıya alınmış holavarların böyük əksəriyyəti bayatı qəlibi üzərində qurulur. Holavarda hər bənddən və ya misradan sonra öküzə, cütə və ya hodağa müraciətlə nəqərat söylənir. Həmin nəqəratlar mətnlə o qədər üzvi şəkildə bağlanır ki, bir-birindən ayırmaq mümkün olmur.