AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Balıqçı nəğmələri

Nümunənin reyestr kodu : FM0201010001

Qədim zamanlardan Azərbaycanın münbit şəraiti, xüsusilə Xəzərin cənub-qərb sahili və həmin istiqamətdə dənizə tökülən böyük və kiçik çaylar burada balıqçılığın inkişafına geniş imkanlar yaratmışdı. Balıqçılıq təsərrüfatının inkişafı bol su hövzələri ətrafında yaşayan əhalı arasında bu məşğuliyyətlə bağlı şifahi poeziya nümunələrinin yaranmasına səbəb olmuşdu.

Balıqçı nəğmələri oxunma məqamına və məzmununa görə dörd qrupa bölünür: a) Tor toxunması prosesində və balıq ovuna hazırlıq mərhələsində oxunan nəğmələr; b) Balıqçı haqqında onun yaxınlarının, xüsusən ailəsinin narahatlığını ifadə edən nəğmələr; c) Balıqçının özünün oxuduğu nəğmələr (Bu nəğmələr balıqçının güzəranını əks etdirən və mifoloji təsəvvürlə bağlı nəğmələrə bölünür); ç) Yel baba haqqında nəğmələr (Bu nəğmələr küləyi yatırmağa xidmət edən çağırış nəğmələri də adlanır, həm balıqçıların özlərinin, həm də onların yaxınlarının dilindən söylənir).

Balıqçı nəğmələri vətəgə nəğmələri də adlanır. İfaçı tərkibinə görə balıqçı nəğmələri fərdi şəkildə və xorla oxunan nəğmələrə bölünür. Məsələn, fərdi şəkildə oxunan nəğmələr sırasına balıqçı haqqında onun yaxınlarının, xüsusən, ailəsinin narahatlığını ifadə edən nəğmələri daxil etmək olar. Xorla oxunan nəğmələrin maraqlı ritmik quruluşu vardır. Əsas mətni balıqçılardan biri oxuyur, nəqərat xorla ifa olunur:

Getdim xalıq dalınca,

Xalıq canım alınca.

Yeddi cavanım getdi

Qızıl balıq dalınca.

Balıqçılar bəzən açıq dənizdə ova çıхırlar. Buna görə də tez-tez fəlakətlə üzləşirlər. Küləkli havalarda onlar daha çoх çətinlik çəkirlər. Qədimlərdə balıqçılar belə hallarda Ov tanrısını səsləyir, onları fəlakətdən хilas etməsini istəyirdilər. Balıqçı nəğmələrindəki “Hu, hu, yahu” ritmik sözləri bir zamanlar Ov tanrısına müraciət kimi səslənmişdi. İlk baхışda mənası anlaşılmayan bu sözlərdə həmin inamın, tapınmanın izləri qorunub saхlanmışdı. Balıqçıları hər hansı bir təhlükə gözlədikdə, yaxud onlar fəlakətlə üzləşdikdə “Yahu” deyib öz xilaskarlarını səsləyirdilər:

Kətan üzüldü, yahu,

Suya düzüldü, yahu.

Qayığım yelə düşdü,

Buruldu, selə düşdü.

Nağıllarda və əfsanələrdə özünə yer almış balıqlar padşahı, Qızıl balıq və Su pərisi obrazları da balıqçıların oxşar inamlarından doğmuş süjetlər üzərində yaranmışdı. Belə mifik obrazlardan biri Ərdovdur. Ümumiyyətlə, Su ilahəsi türk xalqlarının mifologiyasında vahid kökdən qidalanır, lakin fərqli təqdim olunur. Azərbaycanda da o, Ərdov mifik obrazının simasında mənfi personaj kimi təqdim olunur. Balıqçı inamlarını əks etdirən mifik obrazlardan biri də Yel babadır. Yel babanı kirişləmək (bağlamaq; kiriş-ip) istəyən balıqçı onun nənnisindən qalxmasını, yəni küləyin əsməsini istəmir. Balıqçı onu bəzən “qara yel”, bəzən gilavar, bəzən də xəzri adlandırır.