AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ovçu nəğmələri

Nümunənin reyestr kodu : FM0201060001

Azərbaycanın çox zəngin təbiəti, flora və faunası qədim dövrlərdən etibarən burada ovçuluğun inkişafı üçün geniş imkanlar açmışdı. Ovçuluqla bağlı yaranmış nəğmələr ən qədim nəğmələrdən sayılır. Azərbaycanda ovçuluğun ilkin mərhələsi sehrə, ovsuna güclü inamın olduğu ibtidai çağlara gedib çıxır. Qobustan qayalarındakı ovla bağlı təsvirlər ovçuluğun həyati əhəmiyyət daşıdığı dövrün daşda qorunub qalmış izləridir. Tarix elmi ibtidai insanların qrup halında yaşamağa başlamasını və bu qruplar arasında əlaqələrin formalaşmasını ovçuluğun meydana çıxması ilə bağlayır. Ovçuluğun bir peşə kimi geniş yayılması burada ovla bağlı folklor nümunələrinin yaranmasına gətirib çıxarmışdı. Bu folklor nümunələri içərisində ovçu nəğmələrinin xüsusi yeri var. Nəğmələrdə ibtidai ovçu təsəvvürləri, inam və etiqadı mühafizə oluna bilmişdi.

Oхunma məqamına, məqsədinə və məzmununa görə ovçu nəğmələrini aşağıdakı qruplara bölmək olar: 1) Ovdan qabaq oхunan nəğmələr; 2) Ovçunun yaхın adamlarının ovçu haqqında nəğmələri; 3) Ovçu əməyini və ovu tərənnüm edən nəğmələr; 4) Bəzi heyvanları və quşları ovlamağı qadağan edən nəğmələr – yasaqlar; 5) Ovçunun ov (ovun himayədarları - mifik) tərəfindən ovlanması haqqında nəğmələr.

Ovçuluq fərdikollektiv şəkildə həyata keçirildiyindən nəğmələrin məzmunu da bu prosesə uyğun olmuşdu.

Qaranquş:

Qaranquşam, qaranquş,

Qanadım ayrıc-ayrıc.

Məni ovlayan ovçu

Qan qusar ovuc-ovuc

Alabaxta:

Adımdır alabaxta,

Qanadım taxta-taxta.

Məni ovlayan ovçu

Qan qusar laxta-laxta.

Azərbaycan ovçu nəğmələri digər türk xalqlarının oxşar nəğmələrindən sırf peşəyönümlü olması ilə fərqlənir. Ovlama texnikası da fərqli olmuşdu. Quşla ov və torla ov geniş yayılmışdı. Ov zamanı tələ, cələ, taxtaçal, dovla, niğə, səl, çuval və domcadan da istifadə olunurdu:

Ova gedən, ovun tuş,

Ovun olsun maral, quş.

Ovu vuran kamanın

Batsın gözünə yamanın.

Qəhrəmanları tez-tez keyik ovuna çıхan Dədə Qorqud boylarından tutmuş dillərdən düşməyən bayatılarımıza qədər folklorumuzun bütün janrlarında ov, ovçu haqqında poetik deyimlər mövcuddur. Bu nümunələrin bir qismində maral, ceyran ovlanması maraqlı əyləncə kimi хatırlanır. “Kitabi-Dədə Qorqud”da “ava binmək” (ova çıxmaq, ova getmək) bir ənənə halını almışdı.

Azərbaycan operasının görkəmli nümayəndəsi və teatr sənətinin inkişafında böyük xidmətləri olmuş istedadlı aktyor Hüseynqulu Sarabski 1938-ci ildə yazdığı “Köhnə Bakı” əsərində tazı ilə ovçuluq haqqında maraqlı fikirlər söyləmişdi.

Ovçu nəğmələrində Azərbaycan xalqının qədim ov təsərrüfatı və məişəti ilə bağlı olduqca maraqlı mifoloji təsəvvürlər vardır ki, digər folklor nümunələri ilə müqayisəli şəkildə təhlil etdikdə təkcə folklorşünaslar üçün deyil, tarixçilər və etnoqraflar üçün də mühüm əhəmiyyət daşıyan dəlillər ortaya çıxır.