AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Əzmə

Nümunənin reyestr kodu : ST0901060001

Əzmə əzilmiş tərəvəz və ya qaraciyər qiyməsindən hazırlanan xörək növüdür.

Qaraciyər əzməsini hazırlamaq üçün suda qaynadılmış qaraciyər ət maşınından keçirilir, üzərinə duz, istiot, muskat cövüzü əlavə olunaraq qarışdırılır. Daha sonra yayılaraq üzərinə kərə yağı çəkilir və rulet şəklində bükülür. Soyuducuda saxlanılmış həmin ruletlər müəyyən qədər bərkidikdən sonra halqa şəklində doğranaraq süfrəyə verilir. Belə əzmələr əlamətdar günlərdə, əsasən də, toyun “ciyəraxşamı” və ya “məsləhət axşamı” adlanan günü bişirilir. Həmin gün kəsilən heyvanın daxili orqanlarından məsləhət axşamına yığılan yaxın adamlar üçün müəyyən yeməklər hazırlanır. Belə yeməklər arasında ciyərdən hazırlanmış əzmələr xüsusi yer tutur.

Tərəvəz əzmələrinə kartof püresi, pendirli kartof püresi, südlü kartof püresi daxildir. Kartof əzməsini hazırlamaq üçün suda qaynadılmış kartof qabığı soyulduqdan sonra əzilərək püre halına salınır, üzərinə yağı əlavə olunub əriyənə qədər qarışdırılır. Yağın miqdarı zövqə görə əlavə olunur. Daha sonra qazana pendir əlavə edib qazın üstündə orta odda pendir əriyənə qədər tez-tez qarışdırılır, axırda duz və istiot əlavə olunur.

Badımcan əzməsi isə xırda doğranmış badımcan duzlanaraq suda qaynadılır, bişdikdən sonra sıxılaraq şor əlavə olunur. Qarışıq əzildikdən sonra duz, istiot əlavə olunur.