Ovçuluq təsərrüfatı
Nümunənin reyestr kodu : DA0305000001
Qobustandakı Mezolit dövrünə aid qaya təsvirlərində vəhşi öküz, maral, dağ keçisi, habelə müxtəlif ov səhnələri Azərbaycanda ovçuluğun qədimliyini göstərməklə bərabər, həm də ibtidai insanların ov üsulları haqqında geniş təsəvvür yaradır. Əllərində bıçaq tutmuş, kürəklərindən kaman asılmış insan təsvirləri onların mahir ovçu surətləri olduğunu sübut edir. Çaylar, heyvanat aləmi və bitki örtüyü ovçuluğun qədimdən əhalinin məşğuliyyətində mühüm yer tutduğunu şərtləndirir.
Antik və orta əsr müəllifləri Azərbaycan təbiətindən, burada ov heyvanlarının bolluğundan və yerli əhalinin ovçuluqla məşğul olmasından bəhs etmişlər. Yunan coğrafiyaşünası Strabon yazırdı ki, “Albanlar ovu sevir və bu məqsədlə ov itlərindən istifadə edirlər”. Ərəb tarixçi və coğrafiyaşünaslarının yazdığına görə, orta əsrlərdə Azərbaycanda şahin quşu ilə ov xüsusilə geniş yayılmışdı. Səfəvilər dövründə mərkəzi dövlətə göndərilən vergilər arasında şahin quşu da olardı, hətta şaha məxsus yeddi yüz ov quşu saxlanar və bunların hər birinə bir nəfər qulluq edərdi. Orta əsrlərdə ovçuluq yerli əhalinin yardımçı təsərrüfat forması ilə yanaşı, həm də yuxarı silkin - zadəgan və hökmdarların bir əyləncəsinə çevrilmişdi.
Azərbaycanda ovçuluq həm kollektiv (birgə), həm də fərdi qaydada aparılmışdı. Təbii-coğrafi şərait, ov heyvan və quşlarının zənginliyi ov üsul və qaydalarının (niğə, yer toru, səl və s.), ov alət və vasitələrinin müxtəlifliyinə səbəb olmuşdu. Ovçular heyvan və quşları tutmaq ücün çəpər, xəndək, quyu, çala, yarğan, dağ keçidindən və s. yararlanmışlar. XIX əsrdə və XX əsrin əvvəllərində ovçuluqda, əsasən odlu silahlardan (ov tufəngi), cələ, tələ, torlardan, işıq və məşəldən və s. istifadə edilmişdi.
Vəhşi heyvanlar və quşlar, əsasən odlu silah və yaxud cələ, tələ, tor və bir sıra başqa alətlərlə ovlanırdı. At tükündən düzəldilən cələlərdən əsasən payız və qış aylarında istifadə olunardı və quşların yemləndiyi, yatdığı yerlərdə, yaxud yuvalarının ağzında qoyulardı. Çöl quşlarının (qırqovul, kəklik və s.) ovlanması üçün “taxtaçal”dan istifadə edilmişdi. Taxtaçal ağacdan düzəldilirdi, quşların gecələdiyi yerlərin ətrafinda, yuvalarının və ya yemləndiyi yerlərin yaxınlığında qazılmış çalanın ağzına qoyulurdu. Taxtaçalın üstünə çıxan quş orta taxtaların açılması ilə çalaya düşür və taxtalar dərhal bağlanırdı. Su quşları yer toru, səl və başqa üsullarla ovlanardı. Bu zaman bir neçə ovçu birlikdə (şərik) ov edər, ovun bölgüsü də, elə yerindəcə aparılardı. Çöl heyvanlarının ovlanmasında istifadə olunan tələlər isə heyvan cığırlarında, keçidlərdə yerə bərkidilir və ya ağaca bağlanırdı. Tələnin görünməməsi üçün üstünə ot tökər və ya ət tikəsi qoyulardı. Tələdəki əti götürmək istəyən heyvan ayağından tələyə düşərdi.
Çöl heyvanların ovlanmasında ən sadə üsul məftildən və ya kəndirdən kəmənd düzəldilməsi idi. Bu, heyvanların keçdiyi dar yerdə (məsələn, çəpərin altında, kolluqda) qoyulurdu. Ordan keçməyə çalışan ayının, canavarın başı və ya ayağı kəməndə düşür, heyvan dartıldıqca kəmənd sıxılıraq onu tərpənməyə qoymurdu.
Ov zamanı bir sıra xüsusi qaydalara əməl olunurdu. Yalnız küləyə qarşı getdikdə ov əldə etmək asan olurdu. Ovçu ova gedərkən qarşısına ilk çıxan adamla salamlaşdıqdan sonra ona “ovun qanlı olsun” deyərdi. Ovu bədnəzərdən qorumaq məqsədilə onun sayı başqa adamlara deyilməzdi. Ov zamanı tutulmuş ördəyin tükündən həmin qış yastıq və döşək düzəldilməməli idi. Guya bununla da ördəklərin qanadları bağlanar və “niğə”yə ördək düşməzmiş. Torla tutulmuş ördəyin çinədanından çıxarılmış dən yenidən niğəyə tökülərdisə, daha çox ördək gələrmiş. Yer toruna yüzdən yuxarı ördək düşərdisə, onlardan biri sədəqə kimi buraxılardı.
İnamlara görə, “Ovun ətini tərəziyə qoymaq olmaz, gərək ət gözəyarı kəsilib verilsin”, “Ov ətini satmaq olmaz, onu yalnız pay kimi vermək lazımdır”, “Ov əti ilə içki içməzlər”, “Ovçu atdığı ovun ürəyini özü yeməlidir”, “Ova gedən adam təmiz getməlidir”, “Ovçu ov quşlarına güllə atmamalıdır, çünki onlar da ovçu sayılır” və s.