Təsərrüfat məişəti
Nümunənin reyestr kodu : DA0300000001
Azərbaycanın təbii-coğrafi zənginliyi qədim zamanlardan müxtəlif təsərrüfat sahələrinin yaranmasına səbəb olmuş, bu təsərrüfat sahələri uzun inkişaf yolu keçmiş, hər dövrdə özünəməxsus xüsusiyyətlər qazanmışdı. Təsərrüfat sahələri zəhmətkeş insanlarımızın yüzillər boyu topladığı, tətbiq etdiyi təcrübələrin təkmilləşdirilməsi, nəsildən-nəsilə ötürülməsi yolu ilə mövcud olmuş, cəmiyyətin istehlak ehtiyaclarını, maddi və mənəvi tələbatını ödəmişdi.
Azərbaycan xalqına məxsus təsərrüfat sahələri əkinçilik (taxılçılıq, çəltikçilik, bağçılıq, bostançılıq, tərəvəzçilik, pambıqçılıq, tütünçülük və s.), maldarlıq (yaylaq və qışlaq təsərrüfatı, qaramal, qoyunçuluq, atçılıq, dəvəçilik), ovçuluq, balıqçılıq, arıçılıq, ipəkçilik, sənətkarlıq sahələri, maddi və mənəvi mədəniyyəti inkişaf etdirərək özünəməxsus məişət tərzi yaratmışdı.
Dağətəyi və düzən ərazilərində suvarma əkinçiliyi, dağlıq ərazilərdə isə dəmyə əkinçiliyi geniş yayılmış, “çala”, “tala”, “dincəqoyma”, “herik”, “toxumdəyişmə” və s. əkinçilik sistemləri mövcud olmuş, yaylaq-qışlaq maldarlığı inkişaf etmişdi. İrriqasiya sistemlərinə malik əkinçilik və maldarlıq təsərrüfatı, mükəmməl sənət istehsalı yaratmağa nail olmuş azərbaycanlıların zəngin empirik təcrübəsi və peşə uğurları bir-birinə qovuşmuş, əhalinin sayının artması ilə yaşayış məskənləri genişlənmiş, sənətkarlığın, ticarətin inkişafı ilə şəhər mədəniyyəti (şəhər təsərrüfat həyatı) yaranmış, Azərbaycanın təsərrüfat həyatı çoxşaxəli və çoxçalarlı xüsusiyyət kəsb etmişdi.
Kənd və şəhər təsərrüfat həyatı, eləcə də məişət tərzi cəmiyyətdə qarşılıqlı ünsiyyət əlaqələrinin və qohumluq münasibətlərinin güclənməsinə əlverişli sosial-mədəni zəmin yaratmış, maddi və mənəvi həyatın inkişafına gətirib çıxarmış, etnososial amillərin qarşılıqlı təsiri ilə sosial institutların, milli dövlətçiliyin təşəkkülünə və inkişafına gətirib çıxarmışdı.
Elm və texnikanın inkişafı nəticəsində təsərrüfat həyatının inkişaf istiqamətləri, istehsal-istehlak üsulları və s. ciddi şəkildə dəyişsə də, bu inkişaf varislik prinsiplərindən kənarda qalmamışdı. Hazırda geniş ərazilər mexanikləşdirilmiş maşınlarla əkilib, becərilib, məhsulu yığılsa da, bu proses bir zamanlar torpağın əkilməsində toxadan, xışdan, kotandan istifadə edilməsini, yaxud məhsulun biçilməsində oraqdan, döyülməsində vəldən və s. istifadə edilməsini inkar etmir. Təsərrüfat həyatının bir çox əmək alətləri, təsərrüfatla bağlı peşələr, qarşılıqlı yardım formaları sıradan çıxaraq mənəviləşmiş, sanki maddidən mənəviyə keçmişdi. Həmin əmək alətləri yaddaşlarda, tədqiqat əsərlərində, kitablarda, sənədli filmlərdə yaşayır, tarix-diyarşünaslıq muzeylərində sərgilənir. Buna baxmayaraq, Azərbaycanın bəzi bölgələrində XIX əsr, bəzən ondan daha qədim dövrlərə aid təsərrüfat nümunələrinə, sadə, kustar, istehsal üsullarına əkinçilik, maldarlıq və sənətkarlığın müxtəlif sahələrində bü gün də rast gəlmək mümkündür.