AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Yanıltmaclar

Nümunənin reyestr kodu : FL0114000001

Azərbaycan uşaq folklorunun janr sistemində mühüm yer tutan yanıltmacların əsas əlaməti uşaq nitqinin inkişaf etdirilməsi üçün seçilmiş xüsusi tip oxşar səs və sözlərin, cümlələrin alliterasiya vasitəsilə bir ahəng, ritm əmələ gətirməsi və bunların düzgün tələffüzüdür. Söz oyunlarında ən çox işlənən yanıltmaclar uşaqların düzgün tələffüz vərdişinə yiyələnməsində, səlis danışmağa alışmasında, söz ehtiyatının artırılmasında böyük əhəmiyyətə malikdir.

Yanıltmaclar laylalara, sanamalara, tapmacalara nisbətən sonrakı dövrlərin yaradıcılıq məhsuludur. Söz oyunları ilə əlaqədar formalaşdığından tərkibində mifik səciyyəli ifadələr nəzərə çarpmır. Çox güman ki, yanıltmaclar, əvvəllər sanama və tapmacaların uşaq oyunlarına tətbiqi zamanı bu janrların daxilində meydana gəlmiş, oyunların mərasimdən ayrılıb uşaqların gündəlik məişətində işlənməsi və inkişafı nəticəsində isə sanama və tapmacalardan çıxıb yeni keyfiyyətlərə yiyələnərək müstəqil janra çevrilmişdi. Təsadüfi deyil ki, yanıltmaclara oxşar tapmacaların da ikinci tərəfi (cavabı) olur, yəni dinləyicisindən cavab tapmaq, izahat vermək tələb edilir. Əsl yanıltmaclarda isə ikinci tərəf atılır, əşya və hadisələr dolayı yolla verilən əlamətlərinin arxasında gizlənmir, birbaşa onların özü haqqında söhbət gedir. Yanıltmaclar bir janr kimi, əsasən, ifasına görə müəyyənləşir.

Azərbaycan uşaq folklorunda yanıltmacların üç tipdə yayıldığını müşahidə etmək olar. Birinci tip cümlə daxilində sözlərin yerinin dəyişdirilməsi yolu ilə əmələ gəlir. Belə yanıltmaclar məhdud məhəlli ərazilərdə yayılmışdı. İkinci tip yanıltmaclar həm də çaşdırma kimi tanınır. Çaşdırmada uşaqlar arasında söz fikrin təsdiqi kimi çıxış edir. Çaşdırmaların bir qismini ijmələr təşkil edir. İjmələr böyüklərin bir-birini çaşdırmağa çalışdıqları söz oyunudur. Üçüncü tip yanıltmaclar yayılma arealına görə digərlərindən daha böyük ərazilərdə tanınır. Bu tip yanıltmacları uşaqlar əzbərləsələr də, böyüklər arasında da xüsusi mətnlər kimi deyilir. Belə yanıltmaclar sözlərin, səslərin təkrarlanmasından, alliterasiyasından, tərkiblərdən ibarət olur. Bu mətnlər mürəkkəb ifadəli yanıltmaclardır: “Aşpaz Abbas aş asmış, aş assa da, az asmış” və s.

Yanıltmaclar sabit formaya malik olmasa da, hamısı üçün ümumi olan keyfiyyətlər mövcuddur, ilk növbədə, alliterasiyalardan qurulur və müxtəlif üslubi məqamları özündə əks etdirir:

A) Oxşar səs və söz birləşmələrinin cümlə boyu bir-birini izləməsi. Məsələn:

– Ey qəfəsdəki çil bildirçin qardaş, gəl, səninlə çil bildirçinləşək. Çil bildirçinləşsən də, çil bildirçinləşməyəcəm, çil bildirçinləşməsən də çil bildirçinləşməyəcəyəm.

B) Sözlərin, yaxud bütöv cümlənin müəyyən dəyişikliklərlə təkrarı. Məsələn: Atı min, iti qov. İti qov, atı min.

C) Nitqi yanıltmağa, çaşdırmağa çalışmaq.

Yanıltmacların əksəriyyətində məzmun rol oynamır, məqsəd hər hansı bir tərbiyəvi fikri aşılamaq, əhvalat danışmaq deyil, sözlərin və səslərin “oyunu”nu nümayiş etdirməkdir. Yanıltmaclar müəyyən səslərin və ya sözlərin düzgün tələffüzünə xidmət etdiyindən onlar səslər üzrə qruplaşdırılır. Azərbaycan folklorunda yanıtmaclar daha çox d, s, m, r, k, b, g, ş, t, ç, c, q, a səsləri əsasında düzülüb-qoşulmuşdu.

Yanıltmaclar canlı xalq danışıq dilinin bütün incəliklərini özündə əks etdirir və uşaqların səlis nitqini, diqqətini formalaşdırmaqla yanaşı, onları əyləndirir, söz oyunu kimi isə tərbiyə vasitəsinə çevrilir.