AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Tapmacalar

Nümunənin reyestr kodu : FL0112000001

Azərbaycan tapmacaları obrazlı, bədii təfəkkürün gözəl nümunələri olub hansısa əşya, hadisə və məfhum haqqında yaranır. Həmin əşya və ya hadisənin bir əlaməti, keyfiyyəti burada dolayı yolla söylənir, başqa cəhətləri isə gizli saxlanır. Tapmaca iki və daha artıq şəxs arasında mükalimə şəklində yaranır. Azərbaycan tapmacalarında gündəlik həyatın bütün sahələri öz əksini tapır. Xalq ən çox hansı peşə, sənət, əşya və hadisə ilə gündəlik təmasda olursa, daha çox onun haqqında tapmaca yaradır. Tapmaca yaradıcılığı bu gün də xalq arasında sərbəst şəkildə davam etməkdədir. Azərbaycan tapmacaları həm ənənəvi tapmacaların yeni məzmun kəsb etməsi hesabına, həm də elmi-texniki tərəqqinin nailiyyətlərini özündə əks etdirən yeni nümunələr hesabına daha da zənginləşir.

Tapmacalarda metafora, müqayisə, təşbeh kimi bir çox bədii təsvir vasitələrindən geniş istifadə olunur. Bəzi tapmacalar sırf müqayisə və bənzətmələr, bəziləri isə ancaq təsvir üzərində qurulur. Quruluş etibarilə tapmacalar nəzm və nəsr şəklində olur. Nəsrdən ibarət tapmacalar nəzmə nisbətən daha azdır. Bu janrın əsas nümunələrini məhz mənzum tapmacalar təşkil edir ki, onlar da iki və daha çox misradan ibarət olur.

Xalq həmişə hər bir folklor janrının özünün ifa olunduğu məclislər təşkil etmişdi. Məsələn, dastanlar, əsasən dövranlarda söylənir, nağıl uzun qış gecələrində deyilirdi. Bunun kimi tapmacaların da ifa olunduğu məclislər vardı. Kəlbəcər sakinlərinin verdiyi məlumata görə, vaxtilə kəndlərdə xüsusi tapmaca gecələri keçirilərdi və burada səhərə qədər tapmaca deyilərdi. Kim tapmacanın cavabını tapa bil​məsə, o, borclu qalardı. Onda tapmacanı söyləyən cavabı satar, iştirakçılardan biri də onu alardı. Satan şəxs deyərdi: “Hansı cəzanı çəksin?” Tapmacanı alan deyərdi: “Qab götür​sün, getsin filan bulaqdan bir qab su gətirsin, camaat su içsin”. Beləliklə, tapmacanı tapmayan şəxsi ya su dalınca göndərər, ya da ona səhərə qədər dik ayaq üstə durmaq kimi cəza​lar verər​dilər. Zəngilan rayonu Çöpədərə kəndində isə tapmaca gecələri axır çərşənbədə təşkil olunardı. Kənd sakinlərinin verdiyi məlumata görə, biri tapmacanı deyər, kim tap​macanın cavabını tapmasa, onu oduna, ərzaq gətirməyə və s. göndərərdilər. Bununla həm əylənərdilər, həm də bayram yeməyini bişirmək üçün lazım olan ərzağı toplayardılar. Bundan əlavə, vaxtilə kəndlərdə yun daramaq üçün iməciliklər keçirilər və həmin məclisdə qızlar iki dəs​təyə bölünüb qarşılıqlı bir-birinə tapmacalar deyərdilər.

Azərbaycan tapmacalarının toplanması tarixi o qədər də qədim deyil. İlk nümunələrinə XIX əsrin ikinci yarısında çap olunmağa başlayan SMOMPK (Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu) məcmuəsində, ibtidai siniflər üçün hazırlanan dərsliklərdə – “Vətən dili” (1888), “Uşaq bağçası” (1898), “Uşaq gözlüyü (1910), F.Köçərlinin “Balalara hədiyyə” (1912) toplusunda rast gəlirik. Azərbaycan tapmacalarının elmi şəkildə toplanmasına 1920-ci ildən sonra başlanmış, tapmacaların tədqiqinə həsr olunmuş ilk kitab da 1928-ci ildə işıq üzü görmüşdü. Vəli Xuluflunun toplayıcısı və təribçisi olduğu bu kitabda tapmacalar əlifba sırası ilə verilmiş, hər nümunədən sonra onun qeydə alındığı məkan, variantları göstərilmişdi. Ondan sonra Hənəfi Zeynallı, H.Qasımovun, Nurəddin Seyidovun topladığı tapmacalardan ibarət kitablar da işıq üzü görmüşdü.