AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Etnoqonik miflər

Nümunənin reyestr kodu : FL0109010001

Dünyanın yaranması aktını əks etdirən Azərbaycan mifoloji mətnləri, əsasən, kosmoqonik prosesin, yəni kosmosun xaosdan ayrılması hadisəsinin axırıncı mərhələsi, xalqların və sosial nizamın bərqərar olmasıdır. Yəni etnoqonik miflərdə dünyanın sahmana salınmasının son mərhələsi öz ifadəsini tapır. Bu isə etnoqonik prosesin kosmoqoniya aktının ayrılmaz tərkib hissəsi olduğunu və həmin aktın birbaşa davamını təşkil etdiyini göstərir. Yəni kosmosun formalaşması, insanların meydana çıxması, siyasi hakimiyyətin yaranması təxminən eyni zamanda baş verən və bir-birindən asılı olan aktlardır.

Elmi ədəbiyyatda həm də “genealoji mif” adı ilə tanınan etnoqonik miflərdə insanların yaranması, xalqların, topluluqların meydana gəlməsi, mədəni və təbii elementlərin, müxtəlif heyvan cinslərinin və bitkilərin yaranması, dağların, çayların, səma cisimlərinin, meteoroloji hadisələrin, müxtəlif sosial və dini obyektlərin, təsərrüfat fəaliyyətinin, həmçinin ölümün, odun yaranması, evlilik və qohumluq sisteminin əsasının qoyulması, milli bayramların yaranması və keçirilməsi, ictimai birgəyaşayış qaydalarının təsis olunması kimi aktların təsviri yer alır. Boyların və soyların yaranması isə ilk insanın yaranması ilə əlaqələndirilir. Məsələn, türklər öz mənşələrinin Türkdən, oğuzlar Oğuzdan, qıpçaqlar Qıpçaqdan və b. gəldiyinə inanırlar.

Etnoqonik miflərin tədqiqi mifoloqlarda belə bir qənaət doğurmuşdu ki, mifoloji ənənə daşıyıcısı olan xalqlar və etnik birliklər özlərində bütün bəşəriyyəti görmüş, özlərinə verdikləri adların anlamından göründüyü kimi, “adamlar” deyilincə də hər hansı bir etnosu deyil, yalnız özlərini düşünmüşlər. Bunun isə mifoloji düşüncənin qanunauyğunluqlarından gələn, bir ifadəsini də “öz”-“özgə” qarşı​durmasında tapan yozumu vardır.

Etnoqonik miflər həm də ilkin əcdad anlayışı ilə bağlıdır. Çünki sosial nizamın təşəkkülü və bərpasında mifoloji əcdad və ilkin qəhrəmanlar fəal rol oynayırlar. Türk mifologiyası ilə bağlı mövcud mətnlərdə ilkin əcdad kimi daha çox Türkün adı çəkilməkdədir. Türk etnoqonik mifinin ilkin şəklini əks etdirən bəlli bir mətnin əldə olmamasına baxmayaraq, tədqiqatçılar mifoloji sistemin ümumi qanunauyğunluqları əsasında həmin mətnin bərpasının mümkünlüyünü istisna etmirlər.

Türk etnoqonik mifinin ilk şəkli hər hansı mətn formasında əlimizdə yoxdur. Əldə olan əksər mətnlərdə ilk əcdad kimi Nuh soyundan gələn Türkün adı çəkilir. Türk kosmosunun formalaşmasında önəmli rol oynayan Oğuz xan, Qorqud ata, Boz qurd, Koroğlu, Xıdır və başqaları bəzən mifoloji prosesin fəal iştirakçısı, bəzən də mədəni qəhrəman statusunda təqdim edilir. Oğuz xan dövlətin və hərbi nizamın, Qorqud ata qopuzun yaradıcısı kimi verilmişdi. Fatma ana, Koroğlu, Boz qurd, Xıdır və başqaları belə mədəni qəhrəmanlar olub, etnoqonik və genealoji proseslərdə, sosial kosmosun formalaşmasında fəal rol oynayırlar.

Türk etnik-mədəni ənənəsi üçün soykök anlayışı, etnik mənşə çox önəmlidir. Eləcə də Azərbaycanda hər kəs öz keçmişi ilə maraqlanmış, yeddi arxa dönənini tanımaq hər kəs üçün vacib sayılmışdı. Ayrı-ayrı nəsil və tayfa mənsublarının öz əcdadları və söykökləri haqqında söylədikləri əfsanə və rəvayətlərin günümüzə qədər gəlib çatması bu gün də onların soykök məsələsinə böyük önəm verdiklərini göstərir. Genetik koda, etnik “mən”, qan və gün şüuruna laqeydlik milli və sosial bəla kimi dərk olunmuşdu.