Şivələr
Nümunənin reyestr kodu : DA0106000001
Dünyanın ən qədim dillərindən olan, ahəng qanununun möhkəm sisteminə bağlı olaraq öz saflığını min illər boyu qoruyub saxlaya bilən, türk xalqları içərisində özünəməxsus fonetik sistemi, qrammatik quruluşu, leksik tərkibi olan Azərbaycan ərazisindəki aborigen əhalinin, dünya miqyasındakı 50 milyondan çox azərbaycanlının mənəvi sərvəti sayılan Azərbaycan dili, xüsusilə onun canlı tərkib hissəsi olan dialekt və şivələri yalnız Azərbaycan xalqının deyil, bəşəri dilin tarixini, monogenez dili öyrənmək üçün qiymətli bir xəzinədir. Ən qədim dil faktları, xalqın tarixi, etnoqrafiyası, adət-ənənələri, məşğuliyyəti, hətta daş dövrünün izləri belə Azərbaycan dilinin dialekt və şivələrində mühafizə olunmaqdadır. Bu şivələrin formalaşmasında müxtəlif tayfa birliklərinin, daha çox oğuz və qıpçaq tayfalarının rolu olsa da, əsasında qədim Azərbaycan dili dayanır. Ağız aparatında zəngin fonem və fonem variantları məxrəcinin olması, səslərin kipləşmədən novlaşmaya doğru dəyişmə prosesinin izlənilə bilməsi, diftonqlaşmanın səbəblərinin öyrənilməsi, leksik, leksik-semantik, semantik-qrammatik variantlılığın müəyyənləşdirilməsi baxımından Azərbaycan dilinin dialekt və şivələri tədqiqatçılar üçün ən dəyərli və ən etibarlı mənbədir.
Azərbaycan dilinin dialekt və şivələrini keçid şivələr də daxil olmaqla tarixi-coğrafi prinsip əsasında 4 qrupda birləşdirmək olar:
1. Şimal qrupu dialekt və şivələrinin arenası o biri qruplara nisbətdə kiçikdir. Buraya Dərbənd, Tabasaran, Quba, Qusar, Xaçmaz, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ şivələrini daxil etmək olar. Sözdə e və u saitlərinin aktiv olması (devşan, et ‘ət’, men, sen, çumağ, udun), şəkilçilərdə qalınlaşmaya doğru ahəng pozulması (yiyağ, getmiyağ), -ıtdi, -itdi, nəqli keçmiş zaman, -a (-ə) durur, -a (-ə) var, -adu, -ədü indiki zaman formalarının işlənməsi, ho, habu işarə əvəzlikləri, dilortası k samitinin müqabilində dilarxası-kipləşən k' samitinin işlənməsi (inak', k'ar), təyini söz birləşmələrinin mənsubiyyət şəkilçisi olmadan formalaşması (menin qöz, senin ata) bu şivələri səciyyələndirən əlamətlərdəndir.
2. Şərq qrupu dialekt və şivələrinin arenası şimal qrupu şivələrinə nisbətdə bir qədər genişdir. Bakı, Şamaxı, Muğan, Şirvan şivələri bu qrupa daxildir. Bu qrupu səciyyələndirən əlamətlər g samitinin (çöreg, dügi), dodaqlanmanın (süz, alduğ, yatıbdu, aton) fəal olmasıdır.
3. Qərb qrupu dialekt və şivələrinin arenası genişdir. Qarabağ regional Mərkəzi, Gəncə, Gədəbəy, Daşkəsən, Ağstafa, Tovuz, Samux, Göygöl, Şəmkir, Ermənistan (buranın azərbaycanlı əhalisi XX əsrin əvvəllərindən başlayaraq hissə-hissə, həmin əsrin sonunda isə tamamilə öz doğma yurdlarından didərgin salınmışdı), Gürcüstan, Şərqi Türkiyə ərazilərində yaşayan və yaşamış azərbaycanlılar bu şivələrin daşıyıcılarıdır. Ƞ (maηa, anaη, baxdıηız), v (bava, qav, çovan), f (görmüyüf, alıf), j (qoja, deyəjəm), y (doysan, toyla) samitlərinin işləkliyi, ahəng qanununun möhkəmliyi, -er... indiki zaman, -yı... təsirlik hal şəkilçisi və s. bu şivələri səciyyələndirən əlamətlərdir.
4. Cənub qrupu dialekt və şivələrinin də arenası genişdir. Bu, Naxçıvan Muxtar Respublikası, Yardımlı, Lerik, Lənkəran, Astara rayonları, Güney Azərbaycan, Əfqanıstan, İraq, Suriya ərazilərində yaşayan azərbaycanlıların şivəsidir. Daha açıq ə səsi (cæviz, pænir), burun saitləri, dodaqlanan a səsi (qaordaoş), a saiti (qavırma, davşan, tavla, malla), ц, ʣ samitləri, dilönülüyə meyil bu şivələri səciyyələndirən əlamətlərdir.
-
Azərbaycan dialektologiyasının əsasları
Məmmədağa Şirəliyev
2008
-
Azərbaycan dilinin Şahbuz şivələri
Nuray Əliyeva
2012
-
Yevlax şivələrinin leksikası
Nigar Həsənova
2014
-
Azərbaycan dilinin dialektoloji lüğəti
2007
- Biblioqrafiya və tərtibçilər