AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ornamentlər

Nümunənin reyestr kodu : DR0102000001

Ornamentlərə romb, kvadrat, çoxbucaqlı ulduz, həndəsiləşmiş nəbati elementlərdən ibarət müxtəlif həndəsi fiqurlar, insan və heyvan təsvirləri daxildir. Müxtəlifliyinə baxmayaraq bunlar aşağıdakı qruplara bölünür: həndəsi, nəbati, zoomorf və antropomorf təsvirlər.

Həndəsi ornamentlər qədimliyi ilə seçilir. Belə ornamentlərə Tunc dövrünə aid (e.ə. III-II minillik) keramika və metal məmulatlarının üzərində də rast gəlinir. Bu ornamentlər həndəsiləşdirilmiş nəbati və heyvan formalarından, xaç, kvadrat, romb, altıüzlü və səkkizguşəli ulduz şəklində müxtəlif həndəsi elementlərdən ibarətdir. Formasına görə bu qrupa aid elementlər belə qruplaşdırılır: Pilləlilər – sınıq xətlərdən ibarət olan bu ornamentlərdən əsasən doldurucu, ara sahənin bəzədilməsində əsas element kimi istifadə olunur. Kvadrat və düzbucaqlılar – xalça kompozisiyasında doldurucu vəzifəsini ifa edir, nadir hallarda sərbəst işlədilir. Çoxbucaqlılar – altı və səkkizbucaqlı ulduzlardan ibarətdir. Damğa adı ilə də tanınan bu elemetlər doldurucu vəzifəsini yerinə yetirir. Qarmaqlılar – S hərfini xatırladan elementlərdir. Xalq arasında qıvrım, qıynağı adı ilə tanınan bu elementlər digər həndəsi formalarla müqayisədə qədimliyi ilə seçilir. Quba-Şirvan və Gəncə-Qazax xalçalarında daha geniş yayılmışdır. Bundan əlavə, həndəsi ornamentlərə dilikli-itibucaqlılar, saçaqlılar, dəyirmilər, səkkizguşəli ulduzlar, qeyri-müəyyən formalı elementlər daxidlir.

Nəbati ornamentlər yarpaq, qönçə, gül, çiçək və başqa bitki ləçəklərindən götürülmüşdür. Bu elementlər xalçaların toxunma üsulundan, təbii şəraitdən, yerli məktəblərin stil xüsusiyyətlərindən asılı olaraq müxtəlif dövrlərdə fəqli formalara düşmüşlər. Formasına görə onlar iki qrupa bölünür: a) həndəsiləşmiş elementlər, b) əyrixətli elementlər. Həndəsiləşmiş elementlər xalça kompozisiyasında doldurucu, köməkçi və bağlayıcı funksiyası yerinə yetirir. Bu elementlər Qarabağ xalçalarında daha çox işlədilir. Əyrixətli elementlər isə həndəsiləşmiş bitki ornamentlərinə nisbətən daha da stilləşmiş formada olur, əsasən də Təbriz məktəbində geniş işlədilir.

Zoomorf ornamentlər islamın yayılmasından sonra Azərbaycan xalça sənətinə daxil olmuşdur. Azərbaycan xalçalarında müxtəlif heyvanların təsvirinə rast gəlmək mümkündür. Bu təsvirlərin bəziləri həddindən artıq şərti olduğu üçün ifadə etdiyi məzmunu itirmişdi. Zoomorf ornamentlərin təhlili göstərir ki, Azərbaycan xalçalarında əfsanəvi heyvanlar – əjdaha, əfsanəvi quşlardan daha çox ev heyvanlarının təsvirinə üstünlük verilmişdir.

Nəhayət, ornamentlərin dördüncü qrupu nisbətən sonrakı dövrlərdə (XVIII-XX əsrlərdə) Avropa incəsənətinin Şərq ölkələrinə təsiri nəticəsində yaranmışdır. İslam dininin qoyduğu qadağalara baxmayaraq, xalq sənətkarları insanın stilizə edilmiş təsvirlərinə böyük maraq göstərmişlər. Azərbaycan xalçalarında insan təsvirlərinə həm bütöv, həm də insan əzaları (göz, əl, bığ və s.) şəklində rast gəlinir. İnsan əzalarının təsviri rəmzi məna daşıyır. Məsələn, başın təsviri günəşi simvolizə etmiş, gözün təsviri bədnəzərdən qoruma funksiyası daşımışdır. Namazlıqlarda isə insan əlinin təsviri daha geniş yayılmışdır. Bundan başqa, insan təsvirləri müəyyən iş prosesində, rəqs edərkən, yallı gedərkən də verilmişdir. Məsələn, Mərəzə xalçasının üzərində Yallı gedən insanlar əks olunmuşdur.

Ornamentlərdən xalçaların həm ara sahəsinin, həm də haşiyə hissəsinin bəzədilməsində istifadə olunur. Xovlu xalçaların ornamentləri əsasən müxtəlif formalı həndəsi elementlərdən ibarətdir. Xovsuz xalçalarda isə ornamentlər xalçanın bədii tərtibatında mühüm rol oynayır. Ara sahənin əsas ornamentləri müstəqil və sabit olmaqla xalça kompozisiyasının xarakterik elementi sayılır. Xalça ustaları çox vaxt onlardan çıxış edərək xalçalara qayçı, sacayaq, gül, dəstəgül və s. bu kimi adlar verirlər.