AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qaramal təsərrüfatı

Nümunənin reyestr kodu : DA0307000001

Azərbaycanda qaramalın tarixi qoyunçuluğun tarixi qədər qədim olub, Neolit dövründən təşəkkül tapmışdır. Bu dövrdə qaramal naxırları daimi yaşayış yerinin ətrafında otarılmış və əsasən onun ətindən, südündən, gönündən və qismən də sümüyündən istifadə olunmuşdur.

Azərbaycanda xırdabuynuzlu heyvanlardan fərqli olaraq, qaramal cinsi sayca o qədər də çox deyil. Bu ərazidə xalqın empirik təcrübəsinin məhsulu olan iki cins geniş yayılmışdı: Kiçik Qafqaz və Böyük Qafqaz cinsləri. Bu cinslər əsrlər boyu yerli əhalinin ən çox bəsləyib yetişdirdiyi heyvanlar olmuşdur. Əsasən qızılı rəngli olan “Kiçik Qafqaz” cinsi ən çox Kiçik Qafqaz silsiləsində və ona nisbətən yaxın olan dağətəyi ərazidə təşəkkül tapmış, yayılaraq Kür çayının sağ sahilindən başlayaraq, Kiçik Qafqaz dağlarını əhatə etmişdir. Böyük Qafqaz cinsi isə əksərən qara rəngli olub, ən çox Böyük Qafqazda yayılmışdır. Bu cinslər köçmə maldarlıq şəraitinə uyğun olaraq yaylaq və qişlaqlarda otarılır, sərt iqlimə dözməsi, dağlıq şəraitində özünü örüşlərdə yemlə təmin etməsilə səciyyələnir. Azərbaycanda Rusiyanın cənubundan gətirilmiş çərkəz, boz, qırmızı və Don cinslərinə rast gəlinir, xüsusi ilə XX əsrin ikinci yarısında Rusiyadan xeyli cins qaramal gətirilmiş, yerli şəraitə uyğunlaşdırılmışdır.

Bundan başqa, Azərbaycanda qısabuynuzlu camış növü geniş yayılmışdır. Camışçılıq ən çox aran və dağətəyi zonalarda inkişaf etmişdir. Əsasən qara və boz rəngdə olan camışdan südlük, ətlik və qoşqu qüvvəsi kimi istifadə edilmişdir.

Xalq arasında yaş xüsusiyyətlərinə, bir sıra səciyyəvi cəhətlərinə görə qaramala müxtəlif adlar verilmişdir. İnək doğanda balasına balaq, altı aylığa qədər buzov, 6 aydan bir ilə qədər olanda dana, 3 yaşlarında erkəyinə cöngə, dişisinə düyə deyilir. Sonrakı illərdə dişisi “inək”, erkəyi “öküz”, döllüyü “buğa” adlanır. Camışın təzə doğulmuş balasına “balaq”, bir ilinə qədər “dana”, 3 yaşlarında erkəyi “kəlçə”, dişisi “düyə”, sonra erkəyi “kəl”, dişisi “camış” adlanır.

Qaramala qulluq qaydası qoyuna nisbətən çətindir. Hər bir qaramal naxırında 100-150 baş heyvan olur. Hər naxırı 2 nəfər naxırçı otarır. Bəzi yerlərdə, naxırçıya sığırçı da deyilir. Hər 70-100 baş buzova iki nəfər buzovçu xidmət edir. Camış naxırlarında heyvanların sayı nisbətən az olur. Qədimdən naxırçıların zəhmət haqqı taxıl, pul, bəzən də heyvan verməklə ödənilirdi. Naxırçı alatorandan naxırı örüşə aparar, şər qarışanda qaytarardı. Naxır əsasən tövlə şəraitində saxlanır, heyvanın sayına görə yem tədarük edilirdi.

Düzənlikdən fərqli olaraq dağ və dağətəyi bölgələrdə heyvan azı dörd-beş ay tövlə şəraitində saxlanılır, həmin müddətdə heyvana gündə iki dəfə alaf verilir. Qaramal üçün yaşıl və quru ot, saman, küləş, yonca, kəpək, arpa və arpa yarması əsas yem sayılır. Bol otu olan biçənəklər qorunur və suvarılır. Biçənəklər iqlim şəraiti və otun bolluğu ilə əlaqədar olaraq, ildə iki və ya dörd dəfə əsasən kərənti – dəryaz ilə biçilir. Biçilmiş sahədə ot quruyandan sonra “loda”ya (ot tapılı) yığılır və araba ilə daşınaraq münasib yerdə tayaya vurulur. Ot tədarükü əsasən yaz və yay aylarında edilir.

Kür-Araz arxeoloji mədəniyyətinə aid abidələrdən, Naxçıvan ərazisində Kültəpə və Qazax rayonu ərazisindəki Baba Dərviş yaşayış yerlərindən tapılan osteoloji qalıqlar maldarlığın bu ərazidə inkişafının daha qədimlərdən başaldığını təsdiqləyir. Kür-Araz mədəniyyəti dövründə qaramaldan həm də qoşqu qüvvəsi kimi geniş istifadə edilməsi məlumdur. Qədim maddi mədəniyyət nümunələri və külli miqdarda sümük qalıqlarından aydın olur ki, antik dövr və ilk orta əsrlərdə qaramal sayca xeyli artmışdır. Orta əsrlərdə əkinçilik təsərrüfatının inkişafı üçün qaramalın, xüsusilə qoşqu qüvvəsi kimi istifadə edilən öküz və kəlin artırılması diqqət mərkəzində olmuşdur. XIX əsrin ikinci yarısında maldarlıq təsərrüfatı, o cümlədən onun əsas sahələrindən biri olan qaramalın sayı xeyli artmiş və əhalinin ət, süd, yağ və gönlə təmin edilməsində, qoşqu heyvanı kimi əkinçilikdə və nəqliyyatda geniş istifadə edilmişdir.