Xış
Nümunənin reyestr kodu : DA0303010002
Xış qoşqu qüvvəsi ilə işlədilən sadə şum alətidir. Qədimdə xışın ən sadə forması kökündən çıxarılmış əyri ağacdan düzəldilirdi. Elə bu səbəbdən el arasında “əyri xış” adlanırdı. Belə halda ağacın kökü xışın kötüyü, gövdəsi isə onun qolu rolunu oynayır, ona təkcə dəstək əlavə olunurdu. Tarixi inkişaf nəticəsində “əyri xış” təkmilləşdirilərək bir neçə ağac hissədən hazırlanırdı. Belə xışlar qollarının formasına (əyri və ya düz olmasına), habelə ayrı-ayrı hissələrinin birləşmə qaydalarına görə bir-birindən fərqlənirdi. İstər bütöv, istərsə də geydirmə kötüklü xışlar əsasən bir cüt qoşqu heyvanı ilə işlədilmişdir. Xışın kötüyünə dəmir gavahın əlavə olunması onu tipoloji cəhətdən qismən kotana yaxınlaşdırmışdır.
Tarixən Azərbaycanın taxılçılıq bölgələrində öküz və ya kələ qoşulan “əyri xış”la yanaşı, “ulamalı xış”, “qollu xış”, “çatma xış”, “işgilli xış” kimi şum alətləri geniş yayılmışdır. Xışlar “kötük”, “bazı”, “gavahın”, “dəstə”, “müşdük”, “qılınc”, “məsən” və s. hissələrindən ibarət idi. Hansı sahədə, hansı növ bitkinin becəriləcəyindən asılı olaraq, xışın forması dəyişir və onlar gavahını iri və ya kiçik, ucunun oval və yaxud iti olması ilə bir-birindən fərqlənirdilər.
Xışın qılıncı torpağı kəsmək, qulaqları torpaq layını çevirmək, qoşa dəstə isə alətin ağırlığını tənzimləmək üçün münasib idi. Xışlar xam, dağavar, dəmyə torpaqların şumlanmasında istifadə edildiyindən görə ona 2-4 boyun öküz və ya kəl qoşulardı.
Xışların bazısına əlavə edilən ulama möhkəm ağacdan düzəldilirdi. Belə xışların kötüyünün forma və ölçüsü sadə xışların kötüyündən öz iriliyinə görə fərqlənirdi. Ulamalı xışlar kötüyünün arxadan qulaqlı, dəstənin ikiəlcəkli düzəldilməsi və qılınca malik olması ilə də fərqlənirdilər.
Xış bazısının uc hissəsində 2-3 ədəd oyuq açılırdı. Ulama həmin oyuqlardan birinə keçirilmiş “güc ağacı” vasitəsilə əyri qola calanır, ip və ya çubuqdan (tənəkdən, mal gönündən) hörülmüş “burğu” vasitəsilə boyunduruğa qoşulurdu. Bazı oyuqlar torpağın dərin və ya üzdən şumlanmasını tənzimləməyə xidmət edirdi. Dərin şum etmək üçün “güc ağacı” əyri bazının birinci oyuğuna keçirilirdi. Bu halda xışın qolu qismən aşağı düşür, kötüyün dabanı yuxarı qalxırdı. Əkin torpağının ilk və son şumu zamanı xış ulaması ilk oyuqdan, qumsal torpaqlarda, habelə səpilmiş toxumun üstünün örtülməsi üçün aparılan ikinci şumlamada isə son oyuqdan qoşardılar. Xışın bazı və dəstəyi bilavasitə kötüyə birləşdirildiyindən əkinçilər arasında ona həm də “bazı binəsi”, yəni “bünövrəsi” deyilirdi.
Xış kötüyünün ucu nazik, arxası isə yoğun və enli formada düzəldilirdi. Bəzən xış qolunun kötüyə birləşdirilməsi üçün onun ortasında deşik açılırdı. Əyri qolun aşağı ucu kötüyün deşiyinə geydiriləndən sonra onun arxa tərəfinə dəstək birləşdirilirdi. Qolun kötükdən çıxmaması üçün onun arxasına ağac paz vurulub bərkidilirdi.
Çəltikçilik təsərrüfatında istifadə edilən xış yüngül və kiçik ölçülü olması ilə fərqlənirdi. Suvarılan torpaqların şumlanması nisbətən çətin olduğundan torpağı kəsmək üçün xışların qoluna həm də “qılınc” bərkidilirdi. Xalq arasında çəltik gərinin şumlanması əməliyyatı “gərvanlama” adlandığından xışın bu növünə, adətən, “gərvan xış” da deyilirdi.
Xışın kötüyündə “qulaq” adlanan ayaq yeri düzəldilirdi. Torpağı dərin şumlamaq üçün dəstəçi (məjgəl) ayağı ilə arabir həmin “qulağın” üstündən aşağı basırdı. İkinci il təkrar əkilən çəltik sahəsi nisbətən yüngül xışla şumlanırdı.
Xış Azərbaycan ərazisində Erkən Tunc dövrüdə işlədilmişdir. Kür-Araz mədəniyyəti daşıyıcıları torpağı iribuynuzlu heyvan (öküz və ya kəl) qoşulmuş xış vasitəsi ilə şumlayırdılar. Eneolit dövrünün sonlarında əkinçiliyin əsаs təsərrüfаt sаhəsinə çеvrilməsilə xış qoşqu qüvvəsi ilə istifadə olunmağa başlamışdır. Miladdan öncə IV-II əsrlərdə аğаc xışlа bərаbər gаvаhınlı xışlаrdаn istifаdə еdilmiş, V–VI əsrlərdə isə dəmir gаvаhındаn istifаdə оlunmuşdur. Gavahın xışın şumlama imkanını və keyfiyyətini artırmışdır. Xüsusilə, ağır və mürəkkəb quruluşlu qara kotanın işləyə bilmədiyi dağavar torpaqların şumlanmasında gavahınlı xış uzun müddət yeganə şum aləti olaraq qalmışdır.