AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kotan

Nümunənin reyestr kodu : DA0303010003

Azərbaycanın qədim şum alətləri arasında kotan xüsusi yer tutmuş, xalq arasında daha çox “diyircəkli kotan” və ya “qara kotan” adı ilə məlum olmuşdur. “Diyircəkli kotan” kötük (topal, binə), xəmsə (məsən), dəstə (mac-məc), batar, gavahın, qılınc və bir cüt eyni ölçülü təkərdən ibarət olub, 3-4 boyun qoşqu heyvanı ilə işlədilmışdir. Bu şum aləti təkamül baxımından “ulamalı xış”dan qara kotana keçid rolunu oynamışdır. Diyircəkli kotanın “xəmsə” adlanan və iki hissədən ibarət olan qolunun bir ucu kotanın “kötük” və ya “künə” adlanan binəsinə, digər ucu isə məsənəyə birləşdirilirdi. Məsənə isə öz növbəsində qoşa təkərli oxa bərkidilirdi.

Azərbaycanda şum alətlərinin daha genış yayılmış tipini xalq arasında “qara kotan”, “ağır kotan”, “kəl kotanı” adı ilə tanınan ağac kotanlar təşkil edirdi. Bu kotan müxtəlif funksiyaları olan “əyribazı” (qol), “taxta” (çevirən, laydır), “qılınc” (zivinc), dəstə (tutqac, əlcək, mac, maj), “gavahın” (daraq, dəmir), “topal” (binə, künə, kötük), “daban”, “daraq”, “çüy”, “payalar”, “zamın”, “haçakösöv”, “şətəl”, “ox”, “qayış” (kağan, çançərək), “kiçik” və ya “qıraq təkər”(çarx, diyircək, ziyrik), iri “ləkər təkər”, “qır” (şoldu), “kolbasan” (çəmbər, alaf taxtası), “əjdaha” (çillə), “çatal”, oturacaq taxtası, boyunduruq, samı (sinəçula), toxmaq (toppuz, pərsəng) və s. hissələrdən ibarətdir. “Qara kotan”ı digər şum alətlərindən fərqləndirən başlıca cəhət onun kəsilmiş torpaq layını aşırıb çevirməsi idi.

Qara kotanın təkərləri ölçü etibarilə biri digərindən böyük olurdu. Onun böyük çarxı “ana” və ya “ləgər” (şum) təkəri, kiçik çarxı isə “bala təkər” (“bala çarx”) adlanırdı. Dəndə ağacından düzəldilmiş təkər bud, dəndə və top olmaqla üç hissədən ibarət olurdu. Böyük təkər (diametri 50-53 sm), şırımın içi ilə, kiçik təkər (diametri 35-40 sm) isə şırımın kənarı ilə hərəkət edirdi. Kotanın baş hissəsinin hərəkət müvazinəti tənzimlənirdi. İlk şırım zamanı təkərlər arasındakı fərq kotanın yerə yaxşı batmasına mane olduğundan, adətən, onun kiçik çarxı çıxarılır, sonrakı şırımlamada yerinə salınırdı.

Kotan çarxlarının oxu boyunduruğa 2-2,2 metr uzunluğunda ağac “qır” vasitəsilə birləşdirilirdi. Qır, adətən, ləgər təkərinə bir qədər yaxın məsafədə oxa keçirilirdi. Şumlama zamanı gavahın üçün torpaq layının (ləgər payı) enli və dar götürülməsi qır vasitəsilə tarazlanırdı. Bu məqsədlə qırın oxa keçən hissəsinin sağ və sol tərəfinə ağac para (paz) vurulurdu. Şumlama zamanı torpağın ləgər payını enli götürmək lazım gəldikdə para soldan, dar götürmək istədikdə isə sağdan vurulurdu. Ləgər layı qırdan əlavə, həm də “kolbasan” vasitəsilə tənzimlənirdi. Bu məqsədlə kolbasanın bir ucu qıra, digər ucu isə oxa keçirilir, o, irəli və ya geriyə çəkilirdi. Kolbasan həm də kotanın qabağına çıxan çör-çöpü və kol-kosu basıb aşağı yatırdırdı.

Kotan qoşqu heyvanlarına boyunduruq və “çatal” adlanan ağac yedəklər vasitəsilə qoşulurdu. Dartı gücünü tənzimləmək üçün qırın altına “əjdaha” adlanan tənzimləyici bərkidilirdi. Onun bir ucu xüsusi ağacla qır və kolbasana, digər ucu isə çatala bərkidilirdi. “Əjdaha” dartı gücünü təkcə dib kəllərinə deyil, həm də qabaqkı qoşqu heyvanlarına eyni dərəcədə paylayırdı. Bu kotana, adətən, dörd boyun kəl qoşulurdu. Kotana qoşulan birinci boyun “dib”, ikinci boyun “çərkov”, üçüncü boyun “minik”, sonuncu isə “uc” adlanırdı. Adətən, kotanı 2 hodayçı (çubuqçu), bir nəfər isə məcgəlçi rəncbər idarə edirdi.

Qara kotan”lar Cənubi Qafqazda təxminən VIII-IX əsrlərdən işlədilmişdir. Arxeoloji tədqiqatlar zamanı Beyləqandan XII əsrin sonu və XIII əsrin əvvəllərinə aid “qara kotan”ın hissəsi olan iri gavahının tapılması dövrün təkmil şum alətləri barədə müəyyən təsəvvür yaradır. “Qara kotan” ən təkmilləşmış şum aləti hesab olunmaqla, XIX əsr və XX əsrin əvvəllərində də işlədilmişdir. Azərbaycan əkinçiləri 1910-cu ildə 76270 ədəd xış, 24840 “qara kotan”, 3250 fabrik kotanı, 21730 taxta mala, 775 səpin maşınından istifadə etmişlər.

XIX əsrin sonları və XX əsrin əvvəllərindən başlayaraq, Azərbaycanın kənd təsərrüfatında təkmilləşdirilmiş yeni tipli metal kotanlar meydana çıxmışdır. Bundan sonra qara kotan tədricən təsərrüfat həyatından sıxışdırılıb çıxarılmağa başlamışdır.