Ənənəvi taxılçılıq
Nümunənin reyestr kodu : DA0303020001
Taxılçılıq Azərbaycanda əkinçilik təsərrüfatının ən qədim və aparıcı sahəsi sayılır. Əlverişli təbii-coğrafi şərait burada qədim zamanlardan müxtəlif təsərrüfat sahələrinin yaranmasına və inkışafına əsaslı təsir göstərmışdir.
Hələ ibtidai icma quruluşunda əhali öz təsərrüfat sahələrini coğrafi şəraitin, yaşayış vasitələrinin daha münasib olduğu ərazilərdə inkişaf etdirmişdir. Bu baxımdan Neolit-Yeni Daş dövrünün ən mühüm yeniliklərindən biri olan əkinçiliyin əsas təsərrüfat sahəsinə çevrilməsi məhsuldar qüvvələrin inkişafı ilə üzvi surətdə bağlı idi. Yeni Daş dövründən başlayaraq məhsuldar qüvvələrin inkişafı taxıl və digər məhsullardan ibarət etibarlı qida ehtiyatı bolluğunun yaranmasına, insanların təbiətdən asılılığının xeyli dərəcədə azalmasına gətirib çıxarmışdır.
Arxeoloji tədqiqatlar təsdiqləyir ki, taxıl cinsinə aid edilən buğda, arpa, darı və s. kimi dənli bitkilər Azərbaycan ərazisində qədimdən əkilib-becərilmişdir. Təkcə Eneolit dövrünə aid 10 növdən artıq buğda, arpa, darı və digər taxıl məhsulları nümunələri tapılması taxılçılığın inkişafı haqqında təsəvvür yaradır.
Məhsuldar qüvvələrin inkişafı öz növbəsində əkinçiliyin intensiv surətdə irəliləməsinə səbəb olmuşdur. Azərbaycanda əsasən yumşaq və bərk buğda, darı və bir neçə növ arpa becərmişlər.
Taxılçılıq təsərrüfatında yerli taxıl növləri və ənənəvi əkinçilik üsulları daim üstünlük təşkil etmişdir. Əkinçilər torpaq-iqlim şəraitinə uyğun buğda və arpa növləri yaratmışlar ki, bunların da əsasını xalq seleksiyası təşkil edirdi. Azərbaycanda “sarıbuğda”, “gurgəni”, “qaraqılçıq”, “xırdabuğda”, “gülüsər”, “kərə”, “Qarabağ buğdası”, “ağ buğda”, “səkiləbuğda”, “qaragiləbuğda”, “topbaşbuğda”, “ağ arpa”, “qara arpa”, “şeşəri arpa”, “qılıcı arpa” növləri əkilib becərilirdi. Səpilmə və yetişmə vaxtına görə buğda və arpa payızlıq və yazlıq olurdu. Payızlıq buğda və arpa əkinləri taxılçılıqda daha üstün yer tutmuşdur.
Azərbaycanda Eneolit dövründə (e.ə.VI-IV minilliklər) misdən istifadə edilsə də, əkinçilikdə hələ də daş alətlər əsas yer tuturdu. Bu dövrdə əkinçilik əhalinin başlıca məşğuliyyəti sayılmış və onun iqtisadi həyatının əsasını təşkil etmışdir.Tunc dövründə cüt əkinçiliyinə keçid başlanmış, e.ə. II minilliyin sonlarında dəmirdən istifadə Azərbaycanda əkinçiliyin inkişafına mühüm zəmin yaratmışdır.
Eramızın III əsrindən etibarən Azərbaycanda feodalizmin təşəkkül tapması ilə taxılçılıq daha da inkışaf etmış, məhsuldarlıq xeyli artmışdır. Bu dövrdə şumlamada geniş istifadə olunan metal gavahınlı xişlar təkmilləşdirilmişdir.
Orta əsrlərdə taxılın döyülməsində həlledici alət ağac, daş vəllər və qismən də carcarlar olmuş, taxılın saxlanılmasında iri səbətlər, godlar, torpaq quyular və təsərrüfat küplərilə yanaşı, çuval, kisə, ağac və çubuqdan hazırlanmış anbarlardan istifadə edilmişdir.
XIX əsrin əvvəllərindən Azərbaycanın dənli bitkilərin əkin sahəsi xeyli genişləndirilmış və bununla da taxıl məhsulunun ümumi yığımı artmışdır. Buğda və arpa dənli bitkilər içərisində öz əkin sahəsinə və məhsul yığımına görə əsas yeri tuturdu. Həmin dövrdən becərilən qarğıdalı bitkisi ilk vaxtlar əsasən bostan bitkiləri ilə birlikdə qarışıq əkilərdi, lakin sonralar bu bitki ayrılıqda becərilmişdir. Taxılçılıq təsərrüfatında qədimdən darı, ənənəvi taxıl bitkilərindən hesab olunan çovdar, pərinc və başqa bitkilər də becərilmişdir.
Taxılçılıq XIX əsrdə azərbaycanlı əkinçilərin başlıca məşğuliyyəti olmuşdur. Bol məhsul nəinki əhalinin ehtiyac və tələbatını ödəyir, hətta xeyli hissəsi daxili və xarici bazarlara satışa göndərilirdi. 1883-cü ildə Cənubi Qafqaz dəmir yolunun çəkilməsinin Azərbaycanda taxıl istehsalının artımına böyük təsiri olmuşdur. XIX əsrin son onilliklərində-XX əsrin əvvəllərində taxıl məhsulları yerli əhalinin çörəyə olan ehtiyacını tam ödəməklə yanaşı, İran, Gürcüstan, Rusiya və Avropa bazarlarına da göndərilirdi. Ümumiyyətlə, Cənubi Qafqazdan xaricə göndərilən taxıl məhsullarının çox hissəsi Azərbaycan əkinçilərinin zəhmətinin nəticəsi idi.