Qazan
Nümunənin reyestr kodu : ST0702000005
Azərbaycanın ənənəvi mətbəx qabları, başlıca olaraq, çörək və xörəkbişirmə vasitələri kimi kütləvi səciyyə daşımışdır. Çoxsaylı arxeoloji materiallar təsdiqləyir ki, ilk qazanlar gildən hazırlanmış, metalişləmənin yaranması və yayılması ilə əlaqədar metal qazanlar ortaya çıxmışdır. Xörək qabları təsnifatına daxil olan qazanlar ölçülərinə və təyinatına görə kiçik, orta, məclis qazanı, qulplu və qulpsuz qazanlara bölünmüşdür. Bir sıra qazanlar isə sənətkarlıq sahələri ilə bağlı olmuş, parça boyaqçılığında istifadə edilmişdir. Əksər məişət əşyaları kimi qazanlar da zaman keçdikcə dəyişikliyə uğramışdır.
XX əsrdə sənayenin, xüsusilə metal sənayesinin inkişafı ilə əlaqədar, azərbaycanlıların məişətində zavod və fabrik istehsalı olan çuqun, alüminium və s. metal ərintilərindən hazırlanmış qazanlar yayılmışdır. Qazanın səthinin bəzədilməsi onun hazırlandığı materialdan asılı olmuşdur. Məsələn, çuqun qablar qara və minalı, dəmir qarışıq qablar isə qara boyaqlı, sinklənmiş, qalaylı və minalı olur.
Quruluşuna görə qazanlar təklik və cütlük (aş qazanı) olur. İki qazandan ibarət cütlük qazanın hər ikisinin uzun qulpu olur və bir-birinin içinə yerləşir. Lakin biri digərinin içində dibə çatmayıb asılı durur və belə qazanlarda aş bişirilir. Təklik qazanlar düz, silindrik, qabarıq və konusvari formada hazırlanırdı. Qısa qazan iki qulplu və qapaqlı olur, diametri hündürlüyündən çox olur. Hündürlüyünə görə qazanlar dayaz və dərin olur.
Ənənəvi olaraq bir girvəngədən bir puda qədər xörək bişirilən qazanların hündür və alçaq gövdəli olmaqla, müxtəlif tipoloji növlərinə təsadüf edilirdi. Məsələn, “qablama qazan” orta ölçülü olub onun hündür qapağı ağzına kip geydirilirdi. Taskababı bişirərkən xörəyin buğu içəridə qalsın deyə, qapaq onun ağzına kip otuzdurulurdu. Kiçik və orta ölçülü qazanlar “tava” və ya “tavasər” adlanırdı.
Böyük qazanların yan tərəflərindən 2 və ya 4 ədəd qulp sallanırdı. Toy-nişan şənliklərində bu tip qazanlarda plov, yas mərasimində bozbaş, aş bişirilirdi. Bu səbəbdən də, qazanın bu növü “qulplu qazan”, yaxud “məclis qazanı” da adlanırdı. Bəzi bölgələrdə qulpu qazan “tiyan” adı ilə tanınırdı. Qazan kimi istifadə olunan xörək güvəcində ən çox bozbaş, fisincan bişirilərdi. Naxçıvan bölgəsində xörək güvəci “çölmək”, Qərbi Azərbaycanda isə “qazan” və ya “tava” adlanırdı. Azərbaycan mətbəxinə xas olan ət yeməkləri – qovurma, bozbaş, kəllə-paça, dolma, sulu yeməklər kimi xörəklər qazanda hazırlanmışdır.
Ən qədim qazanların gildən hazırlandığını saysız-hesabsız arxeoloji materiallar təsdiqləyir. Dulus çarxlarının, dulus kürələrinin kəşfi başqa məişət əşyaları kimi, qazanların da hazırlanmasına və təkmilləşməsinə səbəb olmuşdur. Məsələn, Muncuqlutəpə sərdabələrində (tunc dövrü) üç kiçik qab (çanaq, çölmək, boşqab) böyük qazanın içərisinə qoyulmuşdur. Oxşar şəkildə dulus qazanlar, kələ-kötür divarlı qazanlar, çölmək tipli qab qırıntıları başqa qəbir abidələrində də aşkar edilmişdir. Qazan “ölümdən sonrakı həyat”ın mövcud olması haqqında ibtidai inancın mühüm maddi nümunələrindən biri olmuşdur.
Gil qazanlarla yanaşı, metal qazanlar da ən qədim zamanlardan məlum olmuşdur. Azərbaycan ərazisində m.ə. II minilliyin II yarısına aid edilən misdən hazırlanmış ən qədim qazan Əlikömək təpəsindən tapılmışdır. İlk Orta əsrlərə aid Örənqala, Qəbələ, Sınaq, Muğan düzündə İçəri Ağdam, Çöl Ağdam, Şəhriyar, Qala yeri arxeoloji qazıntı məskənlərindən kiçik gil qazanlar, qazan ağzının qırığı və s. məişət qabları tapılmışdır.
Azərbaycanda misgərliyin erkən dövrlərdən yüksək inkişaf etdiyini bir sıra Avropa ölkələrində, o cümlədən Rusiya muzeylərində saxlanan eksponatlar da sübut edir. Bürünc qazanlar, əsasən, varlı, kübar ailələr üçün səciyyəvi olmuşdur. Tökmə üsulu ilə hazırlanmış bürünc məmulatının bəzi nümünələri zəmanəmizədək gəlib çatmışdır. Bunların arasında hazırda Rusiya Dövlət Ermitajında saxlanılan bürünc gülabdan V-VII əsrlərə aid aftafa, VI -VIII əsrlərə aid bürünc məcməyilər, XIII-XIV əsrlərin yadigarları olan bəzəkli bürünc qazanlar, xüsusilə 1399-cu ildə Teymurləngin sifarişi ilə Təbrizdə hazırlanmış iki tonluq nəhəng tiyan xüsusi yer tutur. Baha başa gələn bürünc qazan (tiyan) tədricən məişətindən çıxmışdır.