Aftafa
Nümunənin reyestr kodu : ST0702000002
Tarixən Azərbaycan xalqının məişətində istifadə olunan su qabları (səhəng, güyüm, fərş, bardaq, kuzə, çürdək, aftafa, ləyən, tayqulp, dolça, gülabdan) dulus və metaldan hazırlanmışdır. Su, süd, ayran, şərbət, gülab və s. məhsulları daşımaq üçün müvafiq formalı maye qablarından istifadə olunması ənənəsi yaxın keçmişədək davam etmişdir. Zaman keçdikcə bu su qablarının təyinatı dəyişmişdir.
Azərbaycanın dulus ustalarının hazırladığı su qablarının bir neçə qrupu yaranmışdı. Su daşımaq üçün səhəng, cürdək, kuzə, su saxlamaq üçün müxtəlif ölçülü küplər, süfrədə işlətmək üçün sürahi, dolça, tayqulp, yuyunmaq və dəstəmaz almaq üçün lüləyin, aftafa, fəşir keçmiş məişətimizdə mühüm yer tuturdu. Su qabları arasında xüsusilə aftafaların müxtəlif növləri (əl aftafası, məştəfa, əbriq, lüləyin, aftafa-ləyən və s.) düzəldilirdi.
Əl çarxı vasitəsilə hazırlanan dulus aftafalar “oyma” və “piçənə” olmaqla iki üsulla formalaşdırılırdı. Oyma üsulunda bütöv kündəni əl çarxının üzərinə qoyandan sonra tədricən ortasını əllə basıb genəltmə yolu ilə müvafiq formaya salırdılar. Piçənə üsulu ilə qabların formalaşdırılması iki-üç mərhələdə icra olunurdu. Bunun üçün əvvəlcə qabın dib hissəsinə kifayət edəcək qədər gil xəmiri götürüb əl çarxı üzərinə qoyur və onu müvafiq formaya salandan sonra kənarı boyunca “piçənə” adlanan palçıq loğağı bərkidirdilər. Piçənə sığanıb tələb olunan qalınlığa çatdırıldıqca qabın gövdəsi əmələ gəlirdi. Bu qayda ilə onun üzərinə növbəti piçənə əlavə olunurdu. Calaqlar dulus bıçağı ilə hamarlanırdı.
Usta kündəni ayaq çarxının üzərinə bərkidəndən sonra ayağı ilə çarxın alt diyircəyini hərəkət etdirməklə onu fırladırdı. Sonra o islaq əlləri ilə fırlanmaqda olan kündəni sıxıb yuxarıya doğru uzadır, lazımi hündürlüyə çatandan sonra sağ əli ilə onun tən ortasından tədricən basıb oyuq açır. Usta çarxın fırlanma hərəkətindən istifadə edərək, kündənin orta oyuğunu genəldib dərinləşdirdikcə qab müvafiq formaya düşür. “İçaçma” adlanan bu əməliyyat sağ əlin şəhadət barmağının, ya da dulus bıçağının köməyi ilə icra olunurdu. Dulus məmulatının özünəməxsus bəzək növü olmuşdur. Məsələn, iri küplərdə oyma, basma və yapma naxışlar üstünlük təşkil etdiyi halda, aftafa kimi xırda qablarda cızma naxışlar geniş yer tuturdu.
Mis qabların forma və çeşidlərinin yaranıb təkmilləşməsində yerli saxsı qablar mühüm rol oynamışdır. Belə ki, mis qab nümunələrinin, demək olar ki, böyük əksəriyyəti, o cümlədən mis aftafa saxsı qabların əsasında yaranmışdır.
Aftafa formaca şüşə sürahıya oxşayır. Onun gövdəsinin aşağısı nisbətən dar, yuxarıya doğru getdikcə gen olub, boğazı yenidən daralır. Su axıtmaq üçün ön hissəsində lülək, arxa tərəfində dəstək düzəldilir. Ən çox dəstəmaz almaq və “əl suyu” vermək üçün istifadə olunur. Aftafanın su tutumu təqribən 1,5-2 litrdir. Aşağı hissəsi formaca dolçaya oxşayır, lakin lüləklidir. Vaxtilə dulus, mis, bürünc materiallardan, hazırda isə müxtəlif metal materiallardan, bərk tərkibli plastik kütlədən hazırlanır. Keçmişdə çay yarpağı ilə yanaşı, çayotu, kəklikotu, zəncəfil, darçın, mixək, itburnu, hil, qurudulmuş giləmeyvə, sarı çiçək (qantəpər), qırmızı moruq, kəkotu və s. bitkilərlə dəmləyib içərmişlər, çay içmək üçün suyu qazan və ya aftafada qaynadırdılar.
Mis və bürüncdən düzəldilən aftafa-ləyən əl-üz yumaq üçün istifadə edilmiş su qabı dəstidir. Aftafanın aşağı hissəsi formaca dolçaya oxşamaqla, lüləkli və qapaqlı olurdu. Ləyən isə nisbətən iri və dərin tavaya oxşayırdı. Vaxtilə məclislərdə yeməkdən əvvəl əl yumaq üçün aftafa-ləyən dolandırmaq ənənəsi olmuşdur. Adətən, məclisdən əvvəl və sonra cavan bir oğlan uşağı dəsmalı qolunun üstünə atar, əlində aftafa-ləyən məclisi gəzərək, əyləşənlərin əlinə su tökərdi. Ləyənlə aftafa bərabər su tutumuna malik idi. Ləyənin ağzını örtən torlu qapaq çirkli suyun görünməsinə mane olurdu. Məclis qabı olduğuna görə, onların estetik gözəlliyinə xüsusi diqqət verilir, üstləri həndəsi və nəbati təsvirlərlə bəzədilirdi.
Lüləyin aftafadan bir qədər hündür olub zəngin ornamental nəqşlərlə bəzədilirdi. Çox vaxt onunla “əl suyu” verilirdi. Bu halda o, ləyən və fəşirlə dəst təşkil edirdi.
“Aftafa” ərəb dilində “qab” demək olsa da, arxeoloji materiallar oxşar qabların daha əvvəlki dövrlərdə istifadə edildiyini göstərir. Orta əsrlərdə mis aftafalar dekorativ-tətbiqi incəsənətin nümunələrinə çevrilmişdir. Azərbaycan misgərlərinin düzəltdikləri aftafalar xaricdə də məşhur idi. Afatafalar qızlara cehiz verildiyi və məclislərdə işlədildiyi üçün zərif naxışlarla bəzədilirdi.
-
Azərbaycanın süfrə mədəniyyətində mis qabların yeri
Gülzadə Abdulova
2014
-
Azərbaycan süfrəsinin mis qabları
Gülzadə Abdulova
2013
- Tərtibçi və biblioqrafiya