AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Nehrə

Nümunənin reyestr kodu : ST0401010001

Qədimdən Azərbaycan ərazisində maldarlıq təsərrüfatının genişlənməsi və yağ hasilatının artması ilə əlaqədar saxsı, dəri (tejən, tuluq, çalxar) və ağac (arxıd) nehrələr yaranmışdır. Əhalinin oturaq və köçmə təsərrüfat tərzi ilə bağlı olan nehrələrin bu tipoloji növləri XX əsrə qədər gəlib çatmışdır. Elat məişətinin məhdudlaşıb aradan çıxması nəticəsində tuluq nehrə (“çalxar”) əhəmiyyətini itirmişdir.

Ağartı məhsullarının emalında xüsusi yeri olan nehrə Azərbaycan əhalisinin məişətində yer almışdır. Qədimdən işlədilən qalın divarlı gil nehrələrin oturacağı yastı, ortadan bir qədər xaşal və nisbətən uzunsov boğazlıdır. Nehrənin boğazından bir qədər aşağı, qaba paralel yarımdairəvi quruluşlu qulpu olur. Qulpun altından çıxıntılı dəlik yerləşir. Yığıntını çalxalamaq məqsədilə nehrənin içəri tərəfindən çıxıntı-məməciklər düzəldilir. Bəzən də içəridən dalğavari xətlər çəkilir. Eyni məqsəd üçün nehrənin içərisinə qaşıq, bıçaq və başqa şeylər də qoyulur.

Emal zamanı yığıntı gil nehrənin ortasından yuxarıya qədər tökülür. Yığıntıya qışda ilıq, yayda soyuq su qatılır. Sonra nehrənin ağzı “sələ”nir, möhkəm bağlanır ki, içindəki ağartı tökülməsin. Gil nehrənin sınmaması üçün onu çalxalayan zaman altına torpaq tökülür, dəri və ya palaz salınır. Nehrənin çıxıntılı deşiyi nazik çubuq və ya əski parçası ilə tıxanır. Nehrəni çalxalayan onun qulpundan tutub aşağı basır və yuxarı qaldırır. Yığıntı nehrənin içində çalxalanıb yağa çevrilir. Yağın hazır olub-olmamasını öyrənmək üçün deşikdəki tıxacı çıxarıb baxırlar. Əgər tıxacda xırdaca yağ dənələri görünərsə, deməli, yağ hazırdır. Yağ hazır olanda nehrənin sələsi açılır və yağ əl ilə yığılıb çıxarılır.

Gil nehrələr daha çox oturaq maldarlıqla məşğul olan əhali arasında yayılmışdır. Belə nehrələr köç zamanı tez sındığından o qədər də əlverişli deyildir. Ona görə də ağac nehrələrdən istifadə edilirdi. Azərbaycanda ağac nehrənin ortası xaşal və silindrik olmaqla, iki növü müəyyən edilmişdir. Xaşal nehrə, əsasən, Gəncəbasar və Naxçıvan bölgələrində, silindrik nehrə isə Qazax-Borçalı və Böyük Qafqazın cənub və cənub-şərq ətəklərində geniş yayılmışdır. Şəki-Zaqatala bölgəsində o, çox vaxt “arxıd” adlanırdı.

Ellips şəkilli ağac nehrələr həm içi yonulmuş bütöv ağacdan, həm də taxtadan hazırlanır. Ağac nehrəni düzəltmək üçün yoğun ağac kötüyünün içini “əydi” adlanan xüsusi alətlə yonub çıxarırdılar. Sonra onun hər iki başına girdə qapaq düzəldib bərkidirdilər. Bu növ nehrələrin uzunluğu 100-120 sm, diametri isə 25-35 sm-ə qədər olur. Ağac nehrənin tən ortasında ağartını tökmək üçün diametri 8-10 sm-ə qədər olan deşik düzəldilir. Silindrik ağac nehrələrin hər iki tərəfinə dəmir halqalar keçirilir. Bu halqalar nehrənin möhkəmliyini saxlayır və ona keçirilən ipin çıxmamasını təmin edir. Ağac nehrə “çatma” və ya “çatma ayağı” adlanan 3 ədəd başı haça ağacdan asılmaqla çalxanırdı.

Azərbaycanda yığıntının saxlanılmasında və onun çalxalanıb yağ alınmasında qoyun və keçi dərisindən də istifadə edilmişdir. Adətən, kəsilmiş xırdabuynuzlu heyvanın dərisini soyub, bir qədər duzladıqdan sonra astar üzünə çevirirlər. Duzlanmiş dəri bir müddət günəşin altında qurudulur. Sonra yunu yolunub yenidən qurudulur. Qurudulmuş dərini suda yuyub yumşaldırlar, dərinin qolları tikilir və bağlanır. Boğaz hissəsinə isə möhkəm əymə çubuq keçirilib tikilir. Belə tuluq – “tejən”də, əsasən, yığıntı saxlamaqla yanaşı yağ da almaq mümkündür.

Arxeoloji qazıntılardan tapılan maddi mədəniyyət qalıqları Azərbaycanda qədimdən yağ hazırlandığını təsdiqləyir. Kür-Araz arxeoloji mədəniyyəti abidələrindən aşkar edilən və e.ə. III minilliyin əvvəllərinə aid olan gil nehrələr bu baxımdan maraq doğurur. Arxeoloji qazıntılardan tapılan gil nehrələr XX əsrin əvvəllərində istifadə edilən gil nehrələrlə, demək olar ki, eynidir.

Ağac nehrələr Azərbaycanda köçmə maldarlığın yayıldığı şəraitdə, hələ e.ə. III minillikdən istifadə edilmiş, sonrakı yüzilliklərdə də mövcudluğunu qoruyub saxlamışdır. Ağac nehrələrin XIX əsr və XX əsrin birinci rübündə Kiçik və Böyük Qafqaz dağları və dağətəyi zonalarında daha geniş yayıldığını etnoqrafik materiallar da təsdiqləyir.